Dağ-mədən sənayesinin inkişafı Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və ixrac imkanlarının genişləndirilməsi üçün mühüm perspektivlər açır.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirəni şərh edərkən bildirib.
Deputatın sözlərinə görə, bu sahəyə yalnız xammal hasilatı kimi yanaşmaq düzgün olmaz. Əsas məqsəd mineral ehtiyatların müasir texnologiyalarla emalı və daha yüksək əlavə dəyərin ölkə daxilində yaradılmasıdır:
“Filizi hasil edib xammal kimi satmaqla kifayətlənməməliyik. Onun zənginləşdirilməsi, emalı və son məhsula çevrilməsi istehsal zəncirinin ölkəmizdə formalaşmasına imkan verər. Bu, həm sənayenin inkişafına, həm də qeyri-neft ixracının genişlənməsinə xidmət edə bilər”.
Mehriban Vəliyeva qeyd edib ki, mədən layihələri həyata keçirilən bölgələrdə yeni iş yerləri ilə yanaşı, yol, enerji və su infrastrukturu da inkişaf edə bilər. Onun fikrincə, yerli sahibkarların bu prosesə cəlb olunması regionlarda iqtisadi fəallığı artırar.
Deputat sahənin inkişafı üçün kadr hazırlığını da vacib sayır:
“Müasir mədənçilik geoloji kəşfiyyatın yeni üsullarını, rəqəmsal monitorinqi və avtomatlaşdırılmış istehsalı tələb edir. Buna görə geoloqlara, mühəndislərə, texnoloqlara, ekoloqlara və İT mütəxəssislərinə tələbat artacaq. Peşə və ali təhsil sistemi bu ehtiyaca uyğunlaşmalıdır”.
O vurğulayıb ki, iqtisadi nəticələrlə yanaşı, ekoloji təhlükəsizlik də əsas şərt olmalıdır. Su və torpaq ehtiyatlarının qorunması, tullantıların idarə edilməsi və istismar başa çatdıqdan sonra mədən sahələrinin bərpası layihələrin ayrılmaz hissəsinə çevrilməlidir.
“Azərbaycanın mineral ehtiyatları yalnız yeraltı sərvət kimi qalmamalı, iqtisadi inkişaf üçün kapitala çevrilməlidir. Bunun yolu hasilatla kifayətlənmədən emal, yüksək əlavə dəyərli məhsul istehsalı, ixrac, kadr hazırlığı və regionların inkişafını vahid strategiyada birləşdirməkdən keçir”, – deyə Mehriban Vəliyeva bildirib.