İşğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinin sürətlə davam etdiyi bir vaxtda Qarabağ ölkənin yeni, müasir və yüksək texnologiyalı aqrar mərkəzinə çevrilir. Tarixən Azərbaycanın kənd təsərrüfatı potensialında xüsusi paya malik olan bölgə hazırda "yaşıl enerji" və "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulur. 2027-ci ilə qədər əkin sahələrinin nə qədər genişləndirilməsi ilə bağlı planlar mövcuddur.
Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin Tahir Rzayev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur torpaqları böyük kənd təsərrüfatı potensialına malikdir:
"Vaxtilə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında müxtəlif kənd təsərrüfatı məhsulları yetişdirilib. Bu region üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq, bağçılıq təsərrüfatları kimi formalaşmışdı. Düşmən tapdağı altında qaldığı 30 ildən çox bir müddətdə bu torpaqlar, kəndlər, şəhərlər viran edilib və həmin ərazidə olan kənd təsərrüfatı infrastrukturu da yer üzündən silinib".
Komitə sədrinin sözlərinə görə, bu gün Qarabağda çox möhtəşəm tikinti, abadlıq, quruculuq işləri gedir, eləcə də kənd təsərrüfatının inkişafı üçün əsaslar hazırlanır:
"Artıq min hektarlarla sahələrdə kənd təsərrüfatı məhsulları yetişdirilməkdədir. Yay aylarında fermerlər öz heyvanlarını, arıçılar öz arı ailələrini dağlıq ərazilərə çıxarırlar və o torpaqlarda həyat davam eləyir.
Zəngilanda, Xocalıda yüz hektarlarla torpaq sahəsi icarə formasında insanlara verilib, onlar əkinlə-biçinlə məşğuldurlar. Qarabağ və Şərqi Zəngəzur torpaqları məhsuldar torpaqlardır və müasir texnologiyadan istifadə edilməsi nəticəsində, o torpaqlar bir neçə ildən sonra ölkənin iqtisadi inkişafına böyük töhfə vermək imkanlarını təmin edəcəklər. Bu gün həmin ərazilərdə su təminatının yaxşılaşdırılması, yolların çəkilməsi, körpülərin salınması istiqamətində gedən işlər, əlbəttə ki, gələcəkdə o kəndlərin bir kənd təsərrüfatı nümunəsi kimi ortaya çıxmasını reallaşdıra bilər".
T.Rzayev vurğulayıb ki,Qarabağ torpaqlarında bir neçə ildən sonra pambıq, taxıl, bostan məhsulları əkiləcək:
"Cənab Prezidentin imzaladığı fərman və sərəncamlarda Qarabağ və Şərqi Zəngəzur torpaqlarının abadlaşdırılması, orada iqtisadiyyatın inkişafı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi başlıca bir vəzifə kimi qarşıya qoyulub. Eləcə də kənd təsərrüfatının inkişafı yüksək qiymətləndirilib və gələcəkdə o torpaqlara daha çox investisiyanın cəlb edilməsi nəzərdə tutulur".
Deputatın sözlərinə görə Qarabağ və Şərqi Zəngəzur ölkənin iqtisadi inkişafında çox mühüm və əhəmiyyətli rol oynayır.
Lamiyə Cənnətzadə