Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" hərbi rütbəsi verilib:
polkovnik Elnur Əli oğlu Ələsgərliyə;
polkovnik Hikmət Rövşən oğlu Əliyevə;
polkovnik Telman Əsgər oğlu Hüseynova.
Elnur Ələsgərli 2024-cü ilin iyun ayından etibarən Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edir. Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur.
Hikmət Əliyev Hərbi Hava Qüvvələrində rəhbər vəzifə tutur. O, əslən Siyəzən rayinundandır.
Telman Hüseynov Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.
O, 1977-ci il noyabrın 27-də anadan olub, əslən Füzuli rayonunun Dilağarda kəndindəndir. 1999-cu ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib, 2017–2019-cu illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil alıb. O, taqım komandiri, kəşfiyyat bölük komandiri, kəşfiyyat rəisinin köməkçisi, briqadanın kəşfiyyat rəisi, qərargah rəisi-hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri, Ordu Korpusunun kəşfiyyat rəisi və Ordu Korpusu komandirinin müavini vəzifələrində xidmət göstərib. 9 dekabr 2020-ci il tarixli Sərəncamla Telman Hüseynov "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif edilib.