Modern.az

Ramiz Mehdiyev İsa Həbibbəyliyə vəzifə verəcəkmiş? - AÇIQLAMA

Ramiz Mehdiyev İsa Həbibbəyliyə vəzifə verəcəkmiş? - AÇIQLAMA

Ölkə

Bu gün, 11:33

“Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır”.

Modern.az xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında yer alıb.

Bildirilib ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün AMEA-nın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunub:

“AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilmiş, vitse-prezident vəzifəsini icra edən təyin olunmuşdu.

Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünmüş, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılmışdı.

Bir neçə gündən sonra 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət etmişdi.

Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir”, - AMEA-dan verilən açıqlamada qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?