“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, Prezident İlham Əliyevlə görüşü və liderlərin birgə bəyanatları Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığını bir daha nümayiş etdirdi. Son zamanlar iki qardaş ölkə arasındakı münasibətləri pozmağa, bundan şəxsi məqsədləri üçün istifadə etməyə çalışanların arzuları yenə də ürəklərində qaldı”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər yalnız siyasi maraqlara deyil, ortaq tarixə, dilə, dinə və milli-mənəvi dəyərlərə əsaslanır:
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, aramıza kimsənin girməsinə heç vaxt imkan verilməyəcək, münasibətlərimizi heç kim poza bilməz. Bu, Azərbaycan-Türkiyə qardaşlığını zəiflətməyə çalışanlara verilən açıq mesajdır. Çünki iki ölkə bütün məsələlərdə bir-birinin yanındadır”.
Azər Badamov xatırladıb ki, 44 günlük Vətən müharibəsinin ilk günlərindən Türkiyə Azərbaycana güclü siyasi və mənəvi dəstək göstərib:
“Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk günlərində səsləndirdiyi ‘Biz sona qədər Azərbaycanın yanındayıq’ bəyanatı xalqımıza və ordumuza böyük mənəvi dəstək oldu. Qələbədən cəmi altı ay sonra Şuşada müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması isə bu qardaşlığın rəsmi sənədlə təsdiqlənməsi baxımından tarixi hadisə idi”.
Deputat Türkiyə Prezidentinin çıxışında Azərbaycan şairi Bəxtiyar Vahabzadənin iki xalqın qardaşlığına həsr olunmuş şeirindən bir bənd səsləndirməsinə də diqqət çəkib. Onun sözlərinə görə, bu, sadəcə poetik nümunə deyil, xalqların ortaq milli ruhunun və mənəvi bağlılığının ifadəsidir.
“Bu gün həm ölkə daxilində, həm də xaricdə Azərbaycan-Türkiyə münasibətlərinin zəifləməsini istəyən qüvvələr var. Onlar Azərbaycanın qazandığı tarixi Zəfəri də həzm edə bilmirlər. Lakin belə cəhdlər heç vaxt məqsədinə çatmayacaq. Çünki münasibətlərimizin təməlində səmimi qardaşlıq və qarşılıqlı etimad dayanır”.
Azər Badamov Türkiyənin Qarabağın bərpasına verdiyi töhfələri də yüksək qiymətləndirib. O bildirib ki, qardaş ölkənin Ağdamda məktəb inşa etməsi Türkiyənin Azərbaycanın yanında olduğunun daha bir bariz nümunəsidir.
“Prezident Ərdoğanın Bakı ilə Ankara arasındakı münasibətləri sönməz məşələ bənzətməsi təsadüfi deyil. Bu məşəl iki qardaş xalqın birliyini, həmrəyliyini və ortaq gələcəyə inamını simvolizə edir. Azərbaycan-Türkiyə birliyi bundan sonra daha da möhkəmlənəcək. Azərbaycan və Türkiyə bir olduqda güclüdür və bu birliyi heç bir qüvvə poza bilməz”, – deyə deputat vurğulayıb.