
Azərbaycanın bəzi gəncləri müəllim kimi peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Gözdən-könüldən uzaqda olan kənd müəllimləri şəhərdə fəaliyyət göstərən həmkarlarından daha çətin işlə məşğuldurlar. Bizim növbəti müsahibimiz kimi.
Modern.az saytının budəfəki müsahibi pedaqoji fəaliyyətini Beyləqanda məskunlaşan Laçın rayonu Qarıkaha kənd orta məktəbində davam etdirən Sənan Əliyevdir.
-Əvvəlcə sizi tanıyaq...
-1990-cı ildə Beyləqan rayonu Əlinəzərli kəndində anadan olmuşam. 2007-ci ildə Beyləqan rayonu Əlinəzərli kənd 1 saylı tam orta məktəbi bitirmişəm. Həmin il Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Filologiya fakültəsinə daxil oldum, 2011-ci ildə ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandım. Xidmətdən qayıtdıqdan sonra 2012-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi imtahanda iştirak etdim və İmişlinin Cəfərli kənd 2 saylı tam orta məktəbində pedaqoji fəaliyyətə başladım. 2015-ci ilə qədər orada işlədim. 2015-ci ildə isə Laçın rayonu Qarıkaha kənd orta məktəbində pedaqoji fəaliyyətimi davam etdirməyə başladım.
-Ümumilikdə Qarıkaha kənd orta məktəbində dərs şəraiti, təhsil mühiti necədir?
-Qarıkaha kənd məktəbi Laçın rayonu işğal olunduqdan sonra Beyləqan rayonu ərazisinə köçürülən məktəblərdən biridir. Burada öz evlərindən didərgin düşüb rayonumuza pənah gətirən insanların övladları təhsil alırlar. Müəllimlərin də böyük əksəriyyəti laçınlılardır. Məktəbin dərs şəraiti haqqında onu deyə bilərəm ki, yardımçı binaların köməkliyi ilə bütün siniflər üzrə sinif otaqları düzəldilib və əyani vəsaitlərlə təmin olunub. Məktəb rəhbərliyinin məktəbdə yaratdığı pedaqoji mühit imkan verir ki, müəllimlər müəyyən mənada öz vəzifələrinin öhdəsindən gələ bilsinlər.
-Bəs, işğal bölgəsinin müxtəlif çətinlikləri olan şagirdlərində təhsilə maraq hansı səviyyədədir?
-Düşünürəm ki, şagirdlərin təhsilə olan maraqlarının artması daha çox bizdən, müəllimlərin işindən asılıdır. Məktəbimizdə şagird kontingenti az olsa da, şagirdlərimiz davamlı şəkildə məktəbə gəlir, dərslərdə müntəzəm iştirak edirlər. Hətta mən deyərdim ki, yerli məktəbin şagirdləri ilə müqayisədə köçkün məktəblərin şagirdlərində təhsilə, elmə maraq daha güclüdür. Bunun da əsas səbəbi onların işğal altında olan torpaqlarıdır. Bu gün hər bir laçınlı şagird başa düşür ki, torpaqlarımızın müdafiəsinə qalxmaq üçün mütləq müəyyən səviyyədə savad sahibi olmaq lazımdır.
-Belə ucqar məktəbdə müəllim işləməyin hansı çətinlikləri var?
-Əlbəttə, kənd məktəblərində işləmək şəhər məktəbləri ilə müqayisədə daha çətindir. Hər kəs istəyər ki, işlədiyi təhsil müəssisəsi bütün standartlara cavab versin. Əsas da gənc müəllimlərin arzusudur ki, işlədikləri məktəbdə istilik sistemi, İKT vasitələri və s. yüksək səviyyədə olsun. Ancaq bütün məktəblərdə vəziyyət eyni cür deyil. Müəyyən çətinliklər olsa da, çalışıb çətinliklərin öhdəsindən gələ bilirəm. Mən artıq 4-cü ildir ki, ucqar məktəbdə müəllim işləyirəm. Bu məktəbə də bütün çətinlikləri gözə alaraq gəlmişəm.
-Aylıq maaşınız ehtiyaclarınızı ödəməyə yetirmi?
-Bu sualı Azərbaycanda hansı müəllimə versəniz, bəlkə də eyni cavabı alacaqsınız. Əmək haqqından asılı olmayaraq sənətimi sevirəm. Şagird qarşısına çıxanda isə maddiyyatı tamamilə unuduram. Amma səmimi danışmaq lazımdır ki, müəllimlərin maaşı ailə qayğılarını ödəməkdə yetərli deyil. Bu gün 200-300 manat maaş alan Azərbaycan müəllimi ailə qayğılarını qarşılaya bilmir. Bütün bunlara baxmayaraq, düşünürəm ki, bir gün gələcək müəllimlərin həyat səviyyəsi əvvəlki vəziyyətinə qayıdacaq. Dövlətimiz bu istiqamətdə işlər görür. Müəllimlərin sınaq qiymətləndirilməsi keçirildikdən sonra əmək haqlarının artırılması artıq dövlət proqramına salınıb.
-Hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti arta bilər?
-Əslində təhsilin keyfiyyətinin yüksək olması birbaşa müəllimlərdən asılıdır. Müəllimlər eyni ali təhsil müəssisəni bitirib gəlirlərsə, internet hər yerdə varsa niyə də keyfiyyət fərqli olsun. Bu baxımdan, kənd məktəbi ilə şəhər məktəbi arasında elə də ciddi bir fərq yoxdur. Lakin müəyyən çatışmazlıqlar var və bunları da danmaq olmaz. Kənd məktəblərinin əksəriyyətində əyani vəsaitlər bir qədər gec gəlir. Yaxşı olar ki, məktəblər əyani vəsaitlərlə vaxtında təmin olunsun və hər məktəbə internet çəkilsin, bu zaman əsl inkişafı görərik.
-Ucqar rayonların əksəriyyətində qızların təhsili vacib hesab edilmir, orada vəziyyət necədir?
-Bu barədə eşitmişəm, məlumatım var ki, bəzi yerlərdə qız uşaqları təhsilə cəlb olunmur. Ucqar kəndlərdə xüsusilə valideynlər qız uşaqlarının təhsil almasında maraqlı deyil. İbtidai sinifdən sonra qız uşaqlarını məktəbdən çıxarıb evdə saxlayırlar, müəyyən yaşdan sonra isə ərə verirlər. Ancaq sevindirici haldır ki, işlədiyim məktəbdə qızlar da ən azı oğlanlar qədər təhsilə maraqlıdır. Hər il məktəbimizi bitirib ali məktəbə qəbul olanların arasında qızlar xüsusi yer tutur.
-Bəzi orta məktəblərdə müəllim və şagird münasibətləri düzgün qurulmadığından çox ciddi problemlər üzə çıxır. Bəs sizdə vəziyyət necədir, bu cür problemlərlə qarşılaşmısınızmı?
-Şagirdlərin təlim-tərbiyəsi üzrə görülən işlər böyük məsuliyyət tələb edir. Müəllim şagird münasibətlərinin təməli ibtidai sinifdə qoyulduğundan, məsuliyyət ən çox sinif müəllimlərinin üzərinə düşür. Şəhər məktəbi ilə kənd məktəbini müqayisə etmək, bu məsələdə daha məqsədəuyğundur .Əyalət məktəblərində şagird-müəllim münasibətləri daha gözəldir, nəinki şəhər məktəblərində. Mən öz şagirdlərimlə münasibətim haqqında çəkinmədən deyə bilərəm ki, şagirdlərimi çox sevirəm və onların hər birinə bir şəxsiyyət kimi yanaşıram. Bunun da nəticəsidir ki, şagirdlərimdən də eyni hörməti görürəm.
Vüsalə Qəzənfərqızı