
Modern.az “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı projeni davam etdirir. Bu dəfə İsmayıllıda anadan olan və doğma rayonu ilə mütəmadi əlaqə saxlayan jurnalistlərlə söhbətləşdik. Söhbət əsasında həmkarlarımız rayondakı hazırki vəziyyətindən, inkişaf və problemlərdən, əhalinin məşğulliyyət sahələrindən danışıblar.
İlk müsahibimiz AzərTAc-ın əməkdaşı Xətayi Əzizov oldu. İsmayıllı ilə mütəmadi əlaqə saxlayan, tez-tez doğma rayona baş çəkən həmkarımız deyir ki, Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı Azərbaycanın həm turizm, həm kənd təsərrüfatı, həm də başqa sahələrin inkişafı üçün əlverişli şəraitə malikdir.
”Əfsuslar olsun ki, bu son dövrlər elə də uğurlu işlər həyata keçirilmir. Bu gün İsmayıllının turizm potensialından maksimium dərəcədə istifadə olunmur”.
Rayonda müəyyən qədər inkişafın da olduğunu bildirən Xətayi müəllim bunun ancaq mərkəzdə müşahidə olduğunu qeyd edib. “Cənab prezidentin bütün rayon və kəndlərin, hətta ucqar yaşayış məntəqələrinin mavi yanacaqla təmin olunması barədə göstərişinə baxmayaraq, bu gün İsmayıllı, eləcə də ucqar kəndlərin qazlaşdırılması hələ tam başa çatmayıb”.
Xətai Əzizov onu da qeyd edib ki, indi İsmayıllının ən böyük problemi işsizlikdir.
“İşsizlik problemi digər bölgələr ilə müqayisə də burada daha böyükdür. Rayonda toxuculuq, misgərlik, kənd təsərrüfatı kimi sahələrin inkişafı üçün əlverişli imkanların olmasına baxmayaraq, bu gün İsmayıllı cavanlarının 70-80 faizi, bəlkə də daha çoxu işsizdir”-deyə X.Əzizov əlavə edib.
Müsahibimiz onu da vurğulayıb ki, İsmayıllı bir zamanlar respublikanın həm sənaye, həm də kənd təsərrüfatı məhsullarının istehsalına görə öncül yerlərdən birini tuturdu: “Əvvəllər əgər rayon, eləcə də İvanovka, Qalıncaq, Talıstan, Quşəncə kəndləri üzümün istehsalına, üzüm şəkərinin səviyyəsinə, taxıl istehsalına görə birinci yerdə idisə, bu gün həmin uğurlardan əsər-əlamət yoxdu”.
Xətayi Əzizov öz təkliflərini də bildirib. “Rayonda yeni iş yerləri açıla, sənaye obyektləri tikilə bilər ki, bu da gənclərin işsizlik probleminini aradan qaldırmaq üçün yaxşı imkan yaradar. Turizm potensialından istənilən kimi istafadə etmək olar. İsmayıllıda müalicəvi su mənbələri də çoxdur, onblardan səmərəli istifadə rayona yaxşı gəlir gətirə bilər”.
Xətayi Əzizovun sözlərinə görə, İsmayıllıda torpaq islahatları qaydasında aparalır: “Buna baxmayaraq, rayonda qeydiyyatda olmayanlar da gəlib torpaq sahələri alırlar. Düzünü desəm, bu məni qane etmir, çünki həmin şəxslər torpağı hasara alırlar, nəticədə heyvandarlığın inkişafına ciddi əngəl yaranır. Meşələri qəddərcasına qırırlar. Əhalinin vəziyyətinə gəlincə isə, İsmayıllı rayonunun camaatının yaşayışı digər rayonların sakinlərindən fərqlənmir”.
İkinci müsahibimiz “Olaylar” qəzetinin müxbiri Ədil Ədilzadədir. Həmkarımız bildirib ki, İsmayıllıda inkişaf müşahidə olunsa da, problemlər daha çoxdur. “İnkişaf odur ki, rayonda kəndlərarası, qəsəbələrarası yollar çəkilib. Təhsildə də müəyyən irəliləyişlər var. Məktəbi qutaranların attestat alma faizi ötən illərlə müqayisədə son dövrlər yüksəlib. Problemlər odur ki, bütün kəndlərdə hələ də mavi yanacaq yoxdur. Əhalinin işsizlik səviyyəsi aşağıdır. İşsizlikdən gənclərin çoxu vaxtlarını çayxanalarda səmərəsiz keçirir”.
Ədil Ədilzadə əhaliyə verilən pay torpaqları ilə bağlı ciddi problemin olduğunu vurğulayıb: “Rayonumuzun Mican kəndində əhaliyə paylanılan pay torpaqlarındakı drenaj sistemləri polis qüvvəsi hesabına çıxarılıb başqa rayonlara satılır. Bunun nəticəsində həmin pay torpaqları yarasız hala düşür, bu da kəndlilərin ciddi narazılığına səbəb olur. Artıq bununla bağlı kəndin 80-dən yuxarı sakini “Olaylar” qəzetinə müraciət edib”.
İsmayıllıda anadan olan “Neft daşları” qəzetinin redaktoru Xeyrulla Ağayevin sözlərinə görə, sözügedən aqrar rayonun indiki zamanda əsas potensialı turizmlə bağlıdır.
“Tarixilik və bu günkü təbiəti baxımından rayonun Lahıc, Basqal kimi kəndləri turizm üçün əlverişlidir. Amma rayonun bu potensialından lazımı səviyyədə istifadə olunmur”-deyə X.Ağayev vurğulayıb.
Xeyrulla müəllim İsmayıllıda üzümçülük sahəsində də böyük potensialın olduğunu qeyd edib. Deyib ki, dünyada götürsək, üzümçülüyün inkişafı baxımından İsmayıllı yeganə yerdir ki, orada təbii şəraitdə yüksək məhsuldarlıq əldə etmək olar: “Sovet dövründə rayonda çoxlu şərab zavodları mövcud olsa da, indi yalnız biri fəaliyyət göstərir”.
Xeyrulla Ağayev onu da bildirib ki, rayonda son dövrlərə qədər edilən yeniliklər elə də qənaetbəxş sayıla bilməz.
“İsmayıllıdakı imkanlarla rayonu iqtisadi baxımdan inkişaf etdirmək və dünyanın ən böyük turizm mərkəzlərindən birinə çevirmək mümkün olardı”-deyə müsahibimiz vurğulayıb.
Xeyrulla Ağayev respublikanın digər bölgələri ilə müqayisə də İsmayıllıda aqrar islahatın daha yaxşı aparıldığını bildirib. “İslahatlar zamanı kollektiv təsərrüfatın dövlət mülkiyyətindən özəl mülkiyyətə keçmə mərhələsi yaxşı keçib. Sadəcə kənd təsərrüfatının inkişaf etdirilməsi, daha böyük məhsuldarlığın əldə edilməsi üçün hələ çox işlər görülməlidir”.
Xeyrulla müəllim əhalinin məşğuliyyəti, işsizlik probleminə də toxunub: “Rayon camaatının əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Pay torpağı verilən insan artıq işsiz sayılmır. Ancaq əhali məsələn, taxılçılıqdan istədiyi kimi gəlir əldə edə bilmir. Qazancı yalnız məhsulun mayasını çıxarmaqla yekunlaşır”.
Sonda isə Xeyrulla Ağayev İsmayıllı meşələrindən də danışıb. “10 il əvvəllə müqayisədə bu gün İsmayıllıda meşə zolaqları daha az qırılır. 1995-2000-ci illər ərzində təkcə İsmayıllıda yox, digər rayonlarda da qaz olmaması səbəbindən insanlar yanacaq əldə etmək üçün meşələri qırırdı. Təbii ki, meşələrin yoxolma təhlükəsi yaranmışdı. Amma son dövrlər ölkənin bütün rayonları, eləcə də İsmayıllı qaz xətləri ilə təmin edildiyindən artıq bu problem ortadan qalxıb. Həm də rayonda meşələrin mühafizəsi ilə bağlı nəzarət güclənib. Real tələbat baxımından meşələrin qorunmasını qənaətbəxş saymaq olar”.
“Trend” İnformasiya Agentliyinin müxbiri Könül Zərbalıyeva digər rayonlarda olduğu kimi ona doğma İsmayıllıda da qaz, işıq, su, yol, səhiyyə və işsizlik probleminin olduğunu bildirib. “Gün ərzində tez-tez işıqlar kəsilir. Qaz olmayan kəndlərin əhalisi istilik problemini odun hesabına ödəyir ki, bu da meşələrin qırılmasına səbəb olur. Düzdür, son illərdə rayonun bəzi kəndləri qazlaşdırılsa da, problem aktual olaraq qalır. Əksər kəndlərdə səhiyyə ocaqları yoxdur. Rayon sakinləri xəstələnən zaman paytaxt Bakıya, ya da qonşu Qəbələ rayonundakı xəstəxanalara müraciət edirlər. Rayonun kəndləri payız-qış aylarında boşalır. Gənclər iş üçün paytaxta və ya Rusiyanın şəhərlərinə gedirlər. Kəndlərdə qalanlar isə dövlət işində çalışanlar və təqaüdçülərdir”.
Könül xanım söhbət zamanı əhalinin məşğuliyyəti və turizm probleminə də toxunub. “İsmayıllının gözəl təbiəti olduğundan yaz-yay aylarında bu rayona Azərbaycandan və respublikadankənar turist axı baş verir. Turist axını çoxalsa da, rayonda otel, mehmanxana, keyfiyyətli xidmət göstərən sahələr çox azdır. Kənd əhalisinin yaz-yay aylarında əsas dolanışıq mənbəyi məhz bu turistlər hesabına olur. Əhali evlərini kənardan gələnlərə kirayə verir. Turizmdən əlavə, kənd sakinləri həyətyanı sahəsini əkib-beçərməklə və kiçik fermer təsərrüfatlarında çalışmaqla da birtəhər dolanırlar. Rayonda istehsalat sahələri demək olar ki, yoxdur. Qonşu Qəbələ rayonu ilə müqayisə edilməyəcək vəziyyətdədir”.
K.Zərbalıyeva onu da qeyd edib ki, İsmayıllı həmişə təhsilin səviyyəsinə görə fərqlənsə də, bu sahədə də müəyyən problemlər mövcuddur.
“İsmayıllı rayonu ali məktəblərə qəbulda həmişə fəallıq göstərib. Lakin təhsilimizdə hamıya məlum olan problemlər – rüşvət, korrupsiya, repetitor məsələsi bizim rayonda da mövcuddur”-deyən Könül Zarbalıyeva onu bildirib ki, məmur özbaşınalığı, süründürməçilik, korrupsiya faktları digər rayonlarda olduğu kimi İsmayıllıdan da yan keçməyib.
“Azərbaycan” qəzetinin əməkdaşı Daşdamər Tağıyev isə daha çox İsmayıllı əhalisinin məşğuliyyətindən danışıb. Onun sözlərinə görə, əhali əsasən əkinçilik və maldarlıqla məşğuldur: “Rayonda sakinlər dədə - babalarımız kimi kənd təsərrüfatı və maldarlıqla məşğuldurlar. Kənd əhalisinin müəyyən hissəsi işləmək üçün rayon mərkəzinə gedir. Kəndlərdə tikinti işlərində bənna, rəngsaz kimi çalışanlar olsa da, bu, kütləvi şəkildə deyil”.
Daşdəmir müəllim anadan olduğu Basqal kəndində bir zamanlar mövcud olmuş iş yerlərindən də danışıb.
“Bizim kənddə əvvəllər kəlağayı toxuma sexi olub ki, orada 100 nəfər çalışardı. Hazırda isə həmin sexin fəaliyyəti dayandırılıb. Yalnız bir sex – boyaqxana işləyir ki, burada da Şəkidən gətirilən ipəklər rənglənir”.
D.Tağıyev İsmayıllı rayonunda abidələrin qorunmasını həyata keçirən müvafiq təşkilatın tarixi baxımdan əhəmiyyətli olan Basqal ərazisində də fəaliyyət göstərməsinin vacubliyini vurğulayıb.
Aytən Əliyeva