Modern.az

İki urusun təəccübü… və mənim sevinməkliyim

İki urusun təəccübü… və mənim sevinməkliyim

Ölkə

24 Noyabr 2010, 11:55

Ötən həftə Bakıya gələn iki urusu şəhərdə gəzdirib evimizə dəvət etdik. Bunlar Sergey və İlya adlı iki şəxs idi. Bakıya gəlməkdə məqsədləri Azərbaycan müəllimlərinə informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqi haqqında bir məşğələ keçmək idi. Məzkur şəxslər ölkəmizə Rossotrudniçestvo adlanan, tam adı isə ruscadan tərcümədə MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar işbirliyi məsələləri üzrə Federal Agentlik olan Rusiya təşkilatının xətti ilə gəlmişdilər. Adından da göründüyü və görünməsə də anlaşıldığı kimi bu qurumun məqsədi qeyd olunan ad altında dünyada rus etkisini qoruyub saxlamaq, rus mədəniyyətini və ideolojisini ayaqda tutmaqdır. Qurumun İnternet saytındakı bilgiyə görə hazırda onun 68 ölkədə təmsilçiləri fəaliyyət göstərir. Təbii ki, Azərbaycan həmin ölkələrin arasındadır. Ancaq sözümüz bunda deyil…

Bu iki urusla mənim əlaqəmə də aydınlıq gətirərək əsas mətləbə keçək. Xanımım Almaz Həsrət uzun müddətli pedagoji işçi olmaqla həm də Azərbaycan təhsilinə dünyanın ən irəli texnologiyalarının tətbiqi istiqamətində durmadan çalışır. Elə bu uruslarla da o xətt üzrə işbirliyi içindədirlər və əlbəttə ki, Sergeylə İlya Bakıya gələrkən burada güvəndikləri şəxs olaraq onunla əlaqə saxlamışdılar. Həm də Bakı səfəri planlarını da birgə müzakirə etmişdilər. Yəni burada irəli texnologiyaların tətbiqi işində əgər kimsə bizə yardımçı olmaq istəyirsə bunun nəyi pisdir ki?..

Bu uruslar Bakıya ilk dəfə gəldiklərindən biz qərara aldıq ki, həm onları şəhərimizdə gəzdirək, həm də evimizə dəvət edib ailə içində də qonaq edək. Belə də etdik. Öncə mən hər iki şəxsi maşınla şəhərdə gəzdirdim. Hər şeydən öncə onları Şəhidlər Xiyabanına apardım. Xiyaban haqqında danışdım. İlhamla Fərizə haqqında ayrıca danışdım. Ardından da Xiyabandakı Türk əsgərlərinin abidəsi önünə apararaq onlara Türkiyə insanının həm də Azərbaycanda necə və niyə can qoyması haqqında söhbət açdım. Bundan sonra isə həmin abidənin arxasında, ingilis işğalçılarının ağaclar arasında gizlənmiş xatirə lövhəsini göstərdim və onların Türk əsgərinin önündə necə geri çəkilməli olduğunu qeyd etdim. Bir də qonaqları funikulyora mindirdim.

Bundan sonra hava qaralsa da onları İçəri Şəhərə apardım. Gəzdik, dolaşdıq. Kənardan da olsa Qız Qalasını, Karvansarayı, Şəhər Meydanını, Qala Qapılarını göstərdim. Bir az da İçəri Şəhərin tarixindən danışdım. Hər nə qədər olmasa da ilk dəfə ölkəmizə gəlmişdilər və bizim haqqımızda elə də bilgili deyildilər. Xüsusən də İçəri Şəhərin dar küçələri, orta əsrlər qoxan divarları qonaqlara ləzzət elədi.

İçəri Şəhər gəzintimizi də başa vurub evə yollandıq. Bütün bu gəzinti zamanı qonaqlarımız yol boyu sağa-sola baxmaqdan sadəcə yoruldular. Həm də bolluca şəkil çəkdilər. Və özü də ağızları demək olar ki, açıq qalmışdı. Hiss edirdim ki, bu iki urusda bizim şəhərimizə bir heyranlıq var!
Gəzintimiz zamanı diqqətimi çəkən ilk şey o oldu ki, qonaqlarımız Bakının çox təmiz şəhər olduğunu dönə-dönə təkrarladılar. Doğru deyirdilər! Bir zamanların çirkli, tozlu şəhərindən demək olar ki, əsər-əlamət qalmamaqdadır. Əlbəttə ki, söhbət mərkəzdən gedir. Daha bir məqam isə onların Bakını Dubaya bənzətmələri oldu. İlk dəfə şəhərimizə gələn qonaqlar kimi bunlar Bakıda aparılan tikinti-quruculuq işlərini görərək burada sürətli inkişafın getdiyini, bir neçə ilə şəhərimizin Dubay səviyyəsinə yüksələcəyini dəfələrlə dilə gətirdilər. Və bir sözlə, uruslar Azərbaycan başkəndini təəccüb və heyrətlə bəyəndilər…

Urusları təəccübləndirən başqa bir şey də vardı. Sergey deyirdi ki, bir ara tək başına küçələrə çıxıb dolaşırmış. Ancaq heç bir yerdə anlayacağı dildə (yəni urusca) heç bir yazıya rast gəlmədiyindən azmaqdan qorxubmuş!

…Yadıma 90-cı illərdə verdiyimiz mücadilə düşdü. O illərdə biz insanlarımızın hələ də urus dilindən qurtulmadığına üzülür və bundan da əsəbləşirdik. Bəzi insanlarımızın qafasındakı urus bağlılığını heç cür çıxara bilmirdik. İndi görünən odur ki, artıq bu baş verib. Əgər bu gün bir urus Bakı küçələrində anlayacağı dildə bir yazı tapmaqda çətinlik çəkirsə, demək ki, bu yöndə ciddi irəliləyişə nail ola bilmişik.

…Yadıma həm də başqa bir nəsnə düşdü. 1989-90-cı illərdə Azərbaycanın bağımsızlığı məsələlərini ciddi müzakirə etməkdə olduğumuz zaman mən bir zavodda fəhlə işləyirdim. Həmin zavodda bir urus arvadı var idi. Təxminən əlli yaşı olardı. Bu urus arvadı bizim bağımsızlıq haqqında dediklərimizdən bərk əsəbləşərdi. Və hər zaman da qəzəblə deyərdi ki, Rusiya olmasa Azərbaycan batıb gedər. Guya həyatda qalmağımıza görə uruslara borcluyuqmuş! Mən də ona deyərdim ki, sizin kimi şoviniztlər cəhənnəm olub getsin, görün Azərbaycan necə ayaqda durur! Bu mübahisəmiz durmadan davam edirdi.

İndi zaman keçib və urus arvadın mənə 20 il öncə təlqin etməyə çalışdığı fikirlər puç olub gedib. Elə ona qoşulub özümüzdən olanlar da eyni fikirləri təlqin edirdilər. Onlar da təbii ki, yanıldıqlarını dərk edərlər yəqin. Bir də o zaman Azərbaycanın indiki üçrəngli bayrağına xor baxanlar vardı. Bizə də yan baxardılar həmin adamlar. Ancaq baxıram ki, indi onlar bu bayrağın altında sığınacaq tapırlar ancaq…

Hə, bir də urusların bizim müəllimlərə keçdiyi bir günlük məşğələ haqqında. Azərbaycan müəllimləri onları pis mənada ciddi təəccübləndirə biliblər! Təəssüflər olsun əlbəttə! Bu uruslar müəllimlərimizə nəsə öyrətməyə çalışıblarmış. Ancaq müəllimlərimizin bir gözü qapıdaymış ki, tez qurtarsaydı çıxıb gedərdik. Özü də bu müəllimlərin çoxu Bakının ən bərk gedən məktəblərindən imiş! Və maraqlısı da odur ki, həmin məktəblərdən biri yeni texnologiyaların tətbiq edildiyi pilot məktəblər sırasındadır. Daha maraqlısı isə həmin məktəbin müəlliminin də bilgisayar haqqında demək olar ki, təsəvvürünün yoxluğu olub. İndi bu uruslar nə etsin? Düşünüblər ki, bizimkilər kompüterlə normal işləyə bilirlər, sadəcə onlara yeni tədris texnologiyaları haqqında danışmaq lazımdır. Ancaq heyhat! Uruslar xeyli tər töksələr də bir şeyə nail ola bilməyiblər. Və təəccübləniblər ki, bu cür inkişaf etməkdə olan ölkənin müəllimləri niyə öz üzərlərində işləməkdən qorxurlar?

Doğrudan da təəccüblü ölkədə yaşayırıq. Bir yanda cah-cəlal, təm-təraq, inkişaf, digər yanda da bu inkişafın fəlsəfəsini belə anlamayan kütlə. Gediləcək çox yolumuz var hələ deyəsən…

Azər Həsrət

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı