Modern.az

Məişət dilini bilirikmi?

Məişət dilini bilirikmi?

Ölkə

24 Fevral 2016, 12:44

filologiya üzrə elmlər doktoru, professor

Hər bir insan müəyyən bilik və vərdişlərə malikdir. İnsanlar ilk bilik və vərdişlərini müstəqil öyrənirlər. Hələ məktəbə gedənə qədər uşağın müəyyən bilgiləri olur. Bu bilgilərin içərisində həyat, ətraf aləm haqqında məlumatlarla yanaşı, dünyagörüş də vardır. Bu həqiqətin mahiyyətində o dayanır ki, uşaqların məktəbə gedənə qədər öyrəndikləri bilgilər içərisində doğma ana dilinin lüğət tərkibi önəmli yerlərdən birini tutur. Belə ki, uşaqlar məktəbə gedənə qədər öz ehtiyaclarını ödəmək üçün doğma ana dilinin lüğət tərkibindəki sözləri təbii olaraq öyrənirlər. Uşaqların sonradan öyrəndikləri sözlər məktəbə gedənə qədər öyrəndikləri sözlər üzərinə yığılır və beləliklə, gələcək yaradıcılıq imkanları, dünyagörüşləri get-gedə formalaşır. Uşaqlar doğma ana dilini öyrənməyə məişət dilini öyrənməklə başlayırlar. Ancaq məişət dilini də hər uşaq eyni səviyyədə öyrənmir. Ona görə ki, uşaqların informasiya almaq həvəsləri, hər hansı fikri mənimsəmək imkanları, dialoq yaratmaq qabiliyyətləri eyni deyildir. Təbiəti, ətraf  aləmi öyrənmək həvəsində olan uşaqların bilgiləri də, məişət dilində danışmaq bacarıqları da digərlərindən fərqlənir. Dili güclə öyrətmək mümkün olmadığı kimi, məişət dilini də uşaqlara məcburi şəkildə öyrətmək mümkün deyildir. Gərək uşağın məişət dilini öyrənməyə öz marağı, həvəsi və istəyi olsun. Bir daha qeyd edək ki, ətraf aləmi öyrənməyə maraq və həvəs göstərən uşaqlar məişətlə bağlı daha çox bilik əldə edirlər, həm də məişət dilinin imkanlarından faydalana bilirlər. Məişət dilimizin zənginliyi həyatımız, məişətimiz, adət-ənənəmiz, yaşadığımız məkanın təbiəti ilə sıx şəkildə bağlıdır. Ona görə də məişətin özü bir elmdir. Məişət dilinə gəlincə isə bu dili yaxşı bilmək üçün həyatı, məişəti, adət-ənənəni, yaşadığımız coğrafi məkanın təbiətini yaxşı bilməliyik. Ancaq gəlin görək məişətimizi və məişət dilimizi hansı səviyyədə bilirik? İndi bəzən elmi-texniki tərəqqinin həyatımıza, məişətimizə gətirdiyi yeniliklər məişətimizin özəlliklərini əlimizdən alır. Özümüz bilmədən milli məişətimizdən, yaşadığımız məkanın təbiətindən uzaqlaşırıq. Halbuki məişət dilimiz məhz milli məişətimizdə və yaşadığımız məkanın təbiətində, real həyatındadır. Bu mənada məişətimizdən, yaşadığımız məkanın təbiətindən öyrənəcəyimiz çoxlu məsələlər var. Onlardan biri də milli məişətimizin zənginliklərini üzə çıxaran məişət dilimizdir. Odur ki, məişət dilimizdə unutduğumuz bəzi sözlərdən bəhs edəcəyik.


Atamın anası Kişvər nənəm xalq təbabətini güclü bilən xanım-xatın bir qadın idi. Atamın atası, babam Abbas bəy 1937-ci ildə repressiya olduğuna görə ailənin bütün ağırlığı nənəmin üstünə düşmüşdü. Bu, ayrıca geniş bir söhbətdir. İndi isə onu qeyd etmək istəyirəm ki, mən uşaq olanda Kişvər nənəm məni tez-tez yayın qızmar vaxtlarında dağdan qar gətirməyə göndərirdi. Bizim tərəflərdə uca dağların başında həmişə qar olurdu. Hər il köhnə qarın üstünə yenisi yağırdı. Yayın nə qədər isti keçməsindən asılı olmayaraq dağın başındakı qar heç vaxt ərimirdi. Hər il üst-üstə yağan qarlar xişrih qar yaradırdı. Buna xar qar da deyilirdi. Qarın üstünü təmizləyib altından götürəndə görürdük ki, altdakı qar dənələrinin hamısı, yəni xişrih qar//xar qar gözoxşayandır, bir formadadır. Qarın üstünü təmizləyib altından götürdüyümüz xişrih qarı nənəm Kişvər xanıma gətirərdim. O, bu qarı çox xoşlayırdı və tez-tez məni yay fəslində qar gətirməyə göndərirdi. Çox-çox sonralar bilmişəm ki, bu qarın çox xeyri varmış. Hər halda bu qarın xeyrini, tərkibini təbabətdə indiyə qədər öyrənməyiblər. Deyilənlərə görə, bu cür qarın üstünə doşab töküb isitməklə istifadə etmək də olur. O, insanın beynində, ağız və burun yollarında olan bütün iltihabları, mikrobları tökür. Xəstəlikləri müalicə edir. Bu qarı doşabla birlikdə isidib istifadə etmək insanı bərk asqırdır, özü də dəhşətli dərəcədə asqırdır və beyində, ağız, burun boşluğunda ola bütün iltihablar mikroblar gəlib düşür.

Deyilənə görə, Gədəbəyin ən ucqar kəndlərinin birində, deyəsən Şınıxda belə bir hadisə baş veribdir. Birisinin oğul övladının başı ağrıyırmış. Nə qədər müalicə etsələr də, heç bir nəticə olmur. Nəhayət, doşabla xar qarı qarışdırıb başı ağrayan oğlana verirlər. Qısa bir müddətdən sonra yaranan asqırıqlar xəstə oğlanın beynini təmizləyir. Bununla da xəstədə baş ağrıları keçib gedir. Və xəstə sağalır. Biz görəsən məişət leksikasında olan xişrih qar//xar qar sözünü bilirikmi? Görün məişət leksikası nə qədər maraqlıdır.

Əbu Turxanın hikmət dünyasında belə bir fikir var: “Dünya eyni məzmunda, amma müxtəlif dillərdə yazılmış üç kitabdan ibarətdir: Müqəddəs kitab, təbiət və əql. Bunlar adətən ayrı-ayrılıqda oxunur. Amma onların eyni kitab olduğunu çox az adam dərk edir”. Görəsən bu müqəddəs kitablar hər bir insan tərəfindən necə oxunur? Necə dərk olunur, necə başa düşülür? Xüsusilə, dünyanın təbiət adlı kitabını oxuyuruqmu? Bilirikmi təbiət adlı kitabda nələr var? Təbiətin öz qoynunda qoruduqlarının hər birirnin adını bilirikmi? Təbiət də, onun qoruduqlarının adları da zəngindir. Adi bir soxulcan da torpağın qoynunda olan gizli bir möcüzədir. Soxulcanın gözü olmadığı üçün nə görürsə yeyir. İlk gördüyü də, əbədi gördüyü də torpaq olur. Ona görə də soxulcan həmişə yalnız və yalnız torpaq yeyir. Axı həm də soxulcanın əli, ayağı yoxdur. O, heç nədən tuta bilmir, heç yeri gəzib dolaşa bilmir. Belə olduğundan soxulcan torpaqdan başqa özünə nə tapa bilər? Ona görə də yalnız və yalnız torpaq yeyir. Ancaq bununla belə, soxulcan çox gərəklidir. Ən azı balıq tutan soxulcanı qarmağa taxır və soxulcan taxılmış qarmaqla balıq tutur. Bundan başqa, çoxlarının əhəmiyyət vermədiyi soxulcan torpağı münbit edir. Soxulcan ən keyfiyyətli torpaqda olur. Bu dünyada soxulcan qədər gərəkli olmayan adamlar var. Onlar yaşadığımız dünyada o qədər naqisliklər edirlər ki, etdikləri naqislikləri heç hesablamaq da olmur. Bəzən bizə həqiqəti öyrədən təbiəti də, yəni dünyanın təbiət adlı kitabını da məhv edirlər. İmkan vermirlər ki, dünyanın təbiət adlı kitabı oxunsun. Belələri nə təbiəti, nə onun dilini dərk etmək istəmirlər. Dərk etmirlər ki, dünya insanlardan çox-çox qabaq yaranmışdır. Axı hər bir insan həm də dünyanı öyrənməklə xoşbəxt ola bilər.

Təbiətdə pıtraq adlı bir bitki var. Ona pıtırğan da deyilir. Pıtırğanın//pıtrağın əli və ayağı olmadığı üçün əlindən yalnız bir şey gəlir. O da insanın əl-ayağına, paltarına yapışmaq. Bu yolla pıtraq//pıtırğan hər yerə yayılır.

Bu gün uşaqlar pıtırğanın//pıtrağın nə olduğunu bilirlərmi? Heç şübhəsiz ki, çoxusu, bəlkə də böyük əksəriyyəti bilmir. Bilmək üçün gərək təbiəti uşaqlıqdan yaxşı öyrənəsən, onun qoynunda olasan, ona mənsub olan hər nə varsa, onların hamısını bir-bir, adbaad öyrənəsən. İndi uşaqların bir qismi təbiətdən üzaq düşüb, kompüterə, elmi-texniki tərəqqinin məişətimizə gətirdiyi yeniliklərə daha çox bağlanıblar. Belə olduğundan təbiəti də onun qoynundakı varlıqları da, varlıqların adlarını da bilmirlər. Kəkotunu, qırxbuğumu, qaymaqçiçəyini, bənövşəni, qantəpəri, lilparı, yemliyi, quzuqulağını, doşantopuğunu, quşəppəyini, baldırğanı və s.-ni tanımırlar. Təbiətin özü ilə həmyaşıd olan bu bitkiləri tanımayanlar (xüsusilə uşaqlar) məişətin bir parçasından uzaq düşməklə yanaşı, məişət dilindən də uzaqlaşırlar. Nəticədə onların məişət barədə, təbiət barədə bilgiləri az olur. Bununla da məişət dilinin işləklik imkanları məhdudlaşır.

Allah yaxşılığı insanlara insanların öz əlləri ilə edir. Yəni yaxşılığı etmək üçün insanları insanlar üçün bir vasitə seçir. Yaxşı danışmağın, yazmağın özünü də Allah insana bir yaxşılıq kimi verir. Bu da hər adamın payına, qismətinə düşmür. Dilə gəlincə dil namusdur, torpaq, vətən qədər müqəddəsdir. Onun bütün imkanlarından nə qədər istifadə olunursa, dil bir o qədər zənginliyini üzə çıxarır. Dilin zənginliyi dilin işləkliyi ilə bağlıdır. Bu məqamda alman şairi Henrix Heynenin belə bir fikri yada düşür: “Alman dili əslində çox zəngindir, lakin alman danışıq dilində biz bu sərvətin yalnız onda birindən istifadə edirik, ona görə belə çıxır ki, guya biz dil sarıdan kasıbıq; Fransız dili əslində çox zəngin dil deyil, lakin fransızlar onun demək olar ki, bütün imkanlarından istifadə edə bilirlər; buna görə onların dili söz sarıdan zəngin görünür”. Bax bu baxımdan da yanaşsaq, görürük ki, Azərbaycan dili zəngindir. Ancaq bu zəngin sərvətin bütün imkanlarından istifadə etmirik. Əsas mətləbə qayıtsaq, heç məişət dilimizin imkanlarını tam şəkildə öyrənməmiş və onun potensialından tam istifadə etməmişik.

Gözləri sakit və rahat edən gözəllikdir. Ruhu sakit edən isə ağıldır. Ən böyük gözəllik dildir. Ruhumuzu sakit edən ağıl isə dilin hikmətidir və bu da dilin özündədir. Dil vasitəsilə ağlımızı aşkar edirik. Cəlaləddin Rumi demişkən: “İnsanı ən qısa yolla tanıdan və keyfiyyətini göstərən dildir. Dil qazanın qapağına bənzər. Elə ki tərpənib açıldı, içində nə yemək varsa, götürərsən.

“İnsan dilinin altında gizlənmişdir”. Bu dil ruh qapısının pərdəsidir. Külək pərdəni qaldıranda evin içərisi bizə görünər.

Dil adlanan ət parçasından çaylar kimi hikmət selləri axar.

Könlü və sözü bir olmayan insanın yüz dili olsa belə, o, yenə dilsiz sayılar.

Təbiətdə olan meyvələr müxtəlifdir. Həmin meyvələrin yetişdiyi torpaqlar da fərqlidir. Elə torpaqlar var ki, ona gen-bol gübrə verilir, torpağın qayğısına qalınır. Həm də torpaqda bitən ağaclara qayğı göstərilir. Bu qayğının müqabilində bəzən yetişən meyvələr keyfiyyətli olur. Ancaq təbiətin qəribəliyi həm də burasındadır ki, təbiətdə bəzən elə bitkilər olur ki, nə onların özlərinə, nə də onların yetişdiyi torpağa qayğı, diqqət göstərilmir. Ancaq diqqət və qayğı göstərilməyən belə torpaqlarda keyfiyyətli, faydalı bitkilər yetişir. Belə bitkilər heç bir qayğı görmədikləri halda, özləri insanlar üçün çox faydalı olurlar. Məsələn, itburnu, böyürtkən, yemşən belə bitkilərdir. Onlar təbii olaraq yetişdikləri kimi, təbii faydaları da çoxdur. İnsanlara əhəmiyyəti, xeyri də böyükdür. Bundan başqa, belə bir bitki də var. Onun adı bəzi regionlarda (Naxçıvanda) Mollabaşı adlanır. Əslində isə onun adı toppuzdur. Bu bitki dağətəyi yerlərdə bitir. Həm də dağda, yəni dağın başında düzənlik yer varsa, orada da göyərir. Mollabaşı, yaxud toppuz barmaq yoğunluğunda olan kollarda bitir. Onun kollarının qol-budaqları olur. Həmin qol-budaqların çiçək açmasından sonra çiçəkdən yumru meyvə yaranır. Ona mollabaşı//toppuz deyilir. Mollabaşının, toppuzun üstü tikanlı olur. Mollabaşının//toppuzun meyvəsi içində olur. Onu sındırıb içindəki meyvəni yeyirlər. Çox dadlı və xeyirlidir. Bu, avqust ayının sonunda yetişir. Məişət leksikasındakı mollabaşı//toppuz sözünü bilirikmi? Məişət leksikasında belə sözlər minlərlədir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı