8 Mart istisna olmaqla, təqvimdəki heç bir bayram insanda bu qədər deyingənlik, qeyz, demaqoqluq, etiraz yaratmır.
Görmüsünüzmü, ailələr, dostlar arasında turistik gəzinti, təzə paltar yarışı və s. qondarma qaydalarla israfçılıq yaradan, aşıb-daşan süfrəyə əməlli pul tələb edən hər ilin Yeni il və Novruz günlərini kimsə beləcə urvatdan salsın?!
Görmüsünüzmü, hər bir sahənin peşə bayramında fərqlənən işçilərin hədiyyə, yaxud, pulla mükafatlandırılması hansısa instansiyalara şikayət üslubunda gedib çıxsın?!
Hər ilin 8 Martı (həm də oktyabrın birinci həftəsinə təsadüf edən müəllimlər günü) təhsil ictimaiyyəti üçün yaxşı ovqat, cəmiyyət üçünsə əzabın və hirsin qabarıq ifadəsinə çevrilir. Böyük-böyük pulları rüşvət kimi tənqid etməyə gücümüz çatmayanda, müəllimə bayram diqqəti üçün verdiyimiz 30-50 manatın üzərinə rüşvət möhürü basmağa hünərli çıxırıq.
Qarşılığında Təhsil Nazirliyi elə bir qorxuya düşür ki, bayramqabağı dərhal xəbərdarlıq bəyanatlarına başlayır, inkarlıq üçün yaxasını cırıb dağıdır, valideynlərə “qaynar xətt”in nömrəsini xatırladır, bəzi məktəblərə divarlara elanlar vurmaq, yəni gözdən pərdə asmaq təlimatları gedib çıxır.
Bu formalizm də heç kəsə lazım deyil. Yalan və saxta izahlar cəmiyyətin qüsurlarını, bəzən şişirdilmiş olan problemləri daha çirkin göstərir axı...
Həqiqət elə həqiqət libasında gözəldir.

Keçmiş nazirimiz Misir Mərdanov onun üz qarasına çevrilən bu bayram rüşvəti məsələsindən o qədər usandı, bezdi ki, axırda səmimi danışıb, müəllimi dəyərli varlıq kimi hafizələrə gətirdi, ona bir dəfə verilən hədiyyəyə halallıq istədi, üstəlik, oturduğu siyasi gəmiyə xəfif üsyankarlıqla “kim bu maaşa işləyər” nidasının məntiqi davamı kimi rüşvət deyilən bayram pullarına, hədiyyələrə dolayısı haqq qazandırdı da.
Lakin məmurluq statusuna bu cəsarətdən düşən minuslar qorxusu “məcbur deyil, kim istəyir, onun balasının əziyyətini çəkən müəllimləri təbrik etsin” kəlməsini mövqeyinin valideyn və müəllim auditoriyası üçün vacib vurğusuna çevirə bilmişdi.
Bu, pul yığımından narazı valideynin əlinə kəsərli silah vermək idi ki, tələbkar müəllimə “yox” da deyə bilsin. Təmənnalı müəllim də susmaq lazım olan bu yerdə susmağı bacarsın.
Ortabab valideyninsə ürəyinə yol idi ki, müəllimi dəyərli tutmaq, onu sevindirmək gücünü xərcləyə bilsin.
Qəribədir ki, biz bu nazir səmimiyyətini də eynən indiki saxtakarlıq kimi qamçılamışdıq.
Halbuki həqiqət bütün çılpaqlığı ilə elə Misir Mərdanovun dunyagörüşündə və cəsarətində idi. Çünki onun müasirlərinin də, ondan əvvəl yaşayan insanların da xatirələrində müəllim və hədiyyə anlayışı hər zaman eyni nöqtədə dayanıb və bu xoş xəyallara ləkə yox, həmişə müsbət, etik dəyərlər hakim olub.
Sözügedən məntiqlə gərək, ərlər xanımlarını, dövlət qurumları da qadın personalı təbrik etməsin, çünki ər ailə, rəhbər şəxs dövlət büdcəsini dağıtmış olur.
Əlbəttə, 8 Mart üzərindəki ənənəvi əsəbi emosiyaların kökü tamamilə başqadır. Bayramı da, müəllimi də urvatsız bir səviyyəyə tamam ayrı cəhətlər gətirib çıxarır.
Hər bir kəs öz ailəsi praktikasından razılaşa bilər ki, məktəb işlərində fəal rol oynayan üç tip valideyn komitəsi var:
Birinci tip- telefon zəngləri ilə daim dəng edir, necə etmək lazım olduğuna hökm verir, konkret məbləğə qərar vermək səlahiyyətini də əlinə alır.
İkinci tip-məsləhətləşir, imkanları müqayisə edib qərar verir.
Üçüncü tip-imkanlı olanın hesabına imkansızı da vəziyyətdən çıxarır; heç nəyi acmır-bükmür, məxfi söhbətlərin yeganə iştirakçısı kimi müəllimin mövcud vəziyyəti anlayışlı qarşılamasını da bacarır.
Hansı ailələr necə bir üzlü, utanmaz, nə qədər ailə necə bir insaflı ilə qarşı-qarşıya gəlir, araşdırmaq fiziki baxımdan çətin olsa da, qaynar xəttə gedib çıxan şikayətlər, ümumi aqressiv mənzərə göstərir ki, işlərin korlanması birinci təsnifatdadır.
“8 Mart”ı yaman dillərə salan, müəllimi rüşvətxor obrazda təqdim edən, elə bir az da birinci kateqoriyalı valideyn komitəsidir. O da ya, müəllimin diqtəsini yamsılayır, ya da, müəllimin gözünə girməyə çalışır. İstənilən halda, belə bir valideyn komitəsi təbrikdə, hətta pulun məbləğinə qədər könüllülük prinsipinin işləməsinin qarşısında əngələ çevrilir.
Bu da hamısı və əsas olan deyil.
Öz qərarlarımızın, istəklərimizin ağası ola bilməmək, “kasıb tanıyarlar məni” düşüncəsiylə sınmaq, “uşaq məktəbdə pisikər” kimi komplekslərlə yaşamaq məktəblərdəki pul yığımına könülsüz, deyingən formada dəstək olmaqla bərabər, eyni zamanda ona gətirib çıxarır ki, 8 Mart ictimai rəydə qanunsuzluq, cinayət, rəzillik kimi, əslində müəllim üçün qara bir bayrama çevrilir.
Ya uşağımızın səviyyəsinə güvənə bilmir, müəllimlə güzəşt, xoş üz üçün bazarlaşma edib, məcburi axına qoşuluruq, ya da doğrudan, həyatı, elmi öyrədənin əməyinə, hörmətli obrazına dəyər verib diqqət əsirgəmirik. İkinci halda, təbii ki, müəllimə edilənlər dillərə belə kobud şəkildə düşə bilməz.
8 Mart müəllimələrin də haqqıdır. Hər valideyn tələb edilən şəkildə, həm də hər hansı qorxu altında deyil, məhz ürəyi istəyən illərdə və imkanları yetən formada bu təbrikə yaxın olmalı, övladını etibar etdiyi müəllim təbəqəsini məhz öz seçiminə-öz məbləğinə, öz hədiyyəsinə alışdırmalıdır.
Bayramınız mübarək, əziyyətlərimizin tən yarısını çəkən səbirli müəllimələr!