
2015-ci ildə 28 555 nəfər narkotik istifadəçisi qeydiyyata alınıb. Onlardan 592 nəfəri qadınlardır”.
Bu sözləri Modern.az-a açıqlamasında Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov deyib.O qeyd edib ki, ötən il yetkinlik yaşına çatmayan 7 narkotik istifadəçisi qeydiyyata alınıb.
“14 yaşında bir nəfər, 15-17 yaş üzrə 6 nəfər narkotik istifadəçisidir ki, onlardan 4-ü dispanser qeydiyyatındadır, müalicə üçün gəlir. Müalicənin davamlılığı və nə qədər effektli olub-olmaması o şəxsin hansı narkotik maddədən istifadə etməsi və narkotik vasitədən özünün imtina edib-etməməyə meyilli olmasından asılıdır”.
P.Məmmədov vurğulayıb ki, ötən il 18-24 yaş arası 1349 narkotik vasitədən istifadə edən şəxs qeydiyyata alınıb.
“Bizdə qeydiyyatda olanlar əsasən heroin, tiryəkdən istifadə edilir. Bizə o halda müraciət olunur ki, artıq fiziki, psixoloji asılılıq formalaşır və özü imtina edə bilmir.
Narkotik vasitədən asılı olan şəxs 18 yaşa qədər olduqda valideynləri tərəfindən və ya himayəsində olduğu şəxslə birlikdə bizə müraciət edir. 18 yaşdan yuxarı özü tək də müraciət edə bilər. Amma biz çox vaxt hər hansı yaxın qohum və ya valideyni yanında mütləq tələb edirik”.
Şöbə müdiri yetkinlik yaşına çatmayan uşaqların narkotiklərdən istifadə etməsini məktəb ətrafında narkotik vasitələrin satılması ilə əlaqələndirib.
“İnanmıram ki, məktəblərin daxilində kimsə narkotik maddə satsın. Ətrafında ola bilər və ya çay evləri, internet klublarında da yetkinlik yaşına çatamayanlar narkotikdən istifadə edə bilər. Narkotikdən asılı olanların 90 faizi deyir ki, başlayanda biz onun nə olduğunu bilməmişik.
Bu məqsədlə 2011-2012-ci illər arasında Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə məktəblərdə “Narkotiklərə Yox Deyək” kampaniyası altında iş aparılmağa başlandı. Sonradan uğuru o qədər oldu ki, bu ilə qədər layihə davam edir. Bakıda və bütün bölgələrdə tədbirlər keçirilib.
Biz məcburuq ki, bu xəstəliyi, problemi hər hansı şəkildə təqdim edək ki, onlar sabah məlum hadisə ilə qarşılaşdıqda problem yaşamasın. İllər ərzində aparılan işin nəticəsi statistika baxımından bilinəcək”.
Aytən ZƏHRA