Modern.az

Mehriban Vəliyeva: "Belçika və Niderlandın qətnamələri birtərəfli və qeyri-balanslı yanaşmadır"

Mehriban Vəliyeva: "Belçika və Niderlandın qətnamələri birtərəfli və qeyri-balanslı yanaşmadır"

Parlament

Bu gün, 00:01

Belçika və Niderlandın Nümayəndələr palataları tərəfindən 2026-cı il aprelin 16-da qəbul edilmiş qətnamələr mahiyyət etibarilə Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqlar fonunda birtərəfli və qeyri-balanslı yanaşmanın təzahürü kimi qiymətləndirilə bilər.

Bu cür sənədlər, xüsusilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin həssas mərhələdə olduğu bir dövrdə qəbul edildikdə sülh gündəliyinə töhfə vermək əvəzinə, prosesə əlavə siyasi gərginlik gətirmək riski yaradır. Azərbaycan post-münaqişə dövründə regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ardıcıl və prinsipial mövqe sərgiləyərək, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ikitərəfli danışıqlar modelini önə çəkmişdir. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması və qarşılıqlı etimadın möhkəmləndirilməsi kimi prioritet istiqamətlər Bakı tərəfindən davamlı şəkildə təşviq olunur.

Bu kontekstdə üçüncü tərəflərin qərəzli və ya selektiv yanaşmaları region ölkələri arasında əldə olunmuş incə tarazlığa mənfi təsir göstərə bilər. Qərb ölkələrinin bəzi qanunverici orqanlarında qəbul olunan bu tip qətnamələr, çox vaxt daxili siyasi gündəlik, diaspor təsiri və ya məhdud məlumat bazasına əsaslanan yanaşmaların nəticəsi kimi ortaya çıxır. Bu isə onları obyektiv vasitəçi və ya konstruktiv tərəfdaş kimi çıxış etmək imkanından uzaqlaşdırır. Halbuki, Avropa institutlarının regionda real sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına töhfə verməsi üçün daha balanslı, faktlara əsaslanan və tərəflər arasında etimadı gücləndirən yanaşma nümayiş etdirməsi zəruridir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilk növbədə iki suveren dövlət arasında birbaşa dialoq və qarşılıqlı öhdəliklər əsasında irəliləməlidir.

Xarici aktorların prosesə müdaxiləsi yalnız tərəflərin razılığı və beynəlxalq hüququn prinsipləri çərçivəsində olduqda effektiv və legitim hesab oluna bilər. Ümumilikdə onu deyə bilərik ki, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələr sülh prosesinə real töhfə verməkdən daha çox siyasi mesaj xarakteri daşıyır və mövcud həssas diplomatik səyləri zəiflətmək potensialına malikdir. Bu baxımdan, regionda davamlı sülhün əldə olunması üçün əsas məsuliyyət tərəflərin öz üzərinə düşür və beynəlxalq tərəfdaşlardan gözlənti isə bu prosesi siyasiləşdirmək deyil, konstruktiv şəkildə dəstəkləməkdən ibarət olmalıdır.

Mehriban Vəliyeva,
Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!