
Bu ilin sonunda Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçkilər öncəsi bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklərin olması da gözlənilir. Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a bu ehtimalı təsdiqləyir. Onun sözlərinə görə, bələdiyyə institutunun ilbəil təkmilləşməsi və daha da formalaşması təbiidir: “Çünki bələdiyyə institutunun məşğul olduğu sahə özü daima inkişafdadır. Deməli, təkmilləşmə problemləri düzgün getməli, qanunvericiliyə yeni əlavələr olmalı, yeni qanunlar meydana gəlməlidir. Son zamanlar qanunvericilikdə islahat xarakterli çox mühüm dəyişikliklər olur. Son illər bələdiyyələrin sayı xeyli azaldılıb. Mindən çox bələdiyyə birləşdirilib. Ondan sonra bələdiyyələrin hüquqi bazası ilə əlaqədar müəyyən əlavələr, dəyişikliklər olunub. Bələdiyyə seçkiləri ərəfəsində də müəyyən tədbirlər gözlənilir”.
T. Rzayevin sözlərinə görə, bələdiyyə seçkilərini daha demokratik şəraitdə keçirmək, əvvəlki illərdən fərqli olaraq daha savadlı adamları cəlb etmək lazımdır. “Bu seçicilərin özlərindən asılıdır. Bələdiyyə seçkilərinə insanlar daha həvəslə getməlidirlər. Bələdiyyələrdə kadrlar savadlı olsalar, insanlarla ünsiyyət qurmağı bacarsalar, iş də yaxşı gedər”. Onun fikrincə, inkişaf zamanı da müəyyən problemlər qarşıya çıxır: “Bu gün bələdiyyələr haqqında mühüm qanunlar var, əgər o qanunlara əməl olunmursa, bələdiyyə aparatının işçisi təşəbbüskar deyilsə, onda bələdiyyələrin işinə necə baxmaq olar? Bələdiyyə-vətəndaş münasibətlərindən danışaq. Bu gün vətəndaş bələdiyyəçisini seçirsə, onun iclaslarında iştirak etmirsə və ya bələdiyyəyə ödəniləcək ödənişi, vergini vaxtında ödəmirsə bələdiyyələrin maliyyəsi nə ilə formalaşa bilər? Öncə vətəndaş-bələdiyyə münasibətləri yaxşılaşdırılmalı, bələdiyyədə işləyənlərin özləri təşkilatçı olmalı, qanunvericiliyi düzgün bilməli, ona əməl etməlidirlər. Məsələn, nəqliyyat məsələsini bələdiyyələrə verək, bu vəzifənin öhdəsindən gələ biləcəklərmi? Yox. Çünki bələdiyyənin buna potensial imkanı yoxdur. Kadrlar, maddi-texniki baza, o sahə ilə bağlı təcrübə yoxdur. Əgər bələdiyyə özünü kommunal xidmət məsələlərində göstərə bilirsə, bu sahəni bələdiyyələrə vermək olar. Yaşıllaşdırma tədbirlərini, müəyyən suvarma sistemlərini, təmizlik, abadlıq işlərini də bələdiyyələrə vermək olar.
Deputat Avropa Şurasının Azərbaycanda bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişikliklər, o cümlədən Böyük Bakı Bələdiyyəsi yaradılması tələbinə də münasibət bildirib. “Avropa Şurası çox şey deyə bilər. AŞ bir çox eksperimentləri bizim üzərimizdə keçirmək istəyir. Azərbaycanda bu eksperimentləri keçirməklə müəyyən xaoslar yaratmaq istəyirlər. Biz AŞ-nın bir çox tövsiyələrini qəbul edirik. Məsələn, Azərbaycanda bələdiyyələr yaranandan sonra Avropa Xartiyasına qoşulmuşuq. Amma onlar birdən elə tələblər qoyurlar ki, onları yerinə yetirmək mümkün deyil. 200-300 il təcrübəsi olan bələdiyyələri götürüb Azərbaycan bələdiyyələri ilə eyniləşdirirlər və deyirlər ki, eyni səlahiyyətləri onlara verək. İnkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da bir bələdiyyə assosiasiyası olsun və bu assosiasiya könüllü şəkildə bələdiyyələrə birləşdirilsin.
Norveç, Latviya və Türkiyənin təcrübəsini öyrənəndə gördük ki, bizə yerli şəraitə uyğun Azərbaycan assosiasiyası yaradılmalıdır. Bu gün Azərbaycan kəndi ilə şəhəri arasında istər nəzəri, istər iqtisadi, istərsə də sosial sahədə müəyyən fərqlər var. Şəhərə aid olan o assosiasiyaları, o tələbləri kənddə tətbiq edə bilmərik. Bu, mümkün deyil. Bu cür fikirlərimizə irad da tutdular. Sonradan fikirlərimizə dəstək olaraq dedilər ki, bu, düzgün yoldur”.
Namidə BİNGÖL