Namidə BİNGÖL
Müxalifətin aparıcı partiyası Müsavat böyük qüvvə ilə qurultaya hazırlaşır. Bütün gücünü qurultayın şanlı keçirilməsinə səfərbər edib. Əslində, belə də olmalıdır. Müsavat Partiyası müxalifət partiyaları arasında 20 ildən sonra şeytanın qıçını qırıb tarixi dəyişikliyə imza atacaq.
Hələ ki, qurultayın keçirilməsi üçün məkan məsələsi seçimində tərəddüdlər var. Bakı şəhər icra hakimiyyəti Əmircanda yerləşən Mədəniyyət evini təklif edir, qarşı tərəf isə partiya yaxınlığında yerləşən şadlıq sarayları ilə danışıqlar aparır. Anlaşılan, sonda “o olmasın, bu olsun!” seçimi ilə razılıq əldə olunacaq. Çünki qurultayın Əmircanda keçirilməsi məsələsi daha aktual görünür.
Məncə, məkanın fərqi yoxdur. Əsas odur qurultay normal keçsin. Başqanlığa namizədlər arasında indi “soyuq yellər” əssə də, qurultayda “yabalaşmasınlar”. Heç olmasa, bu işin sonunda tutarlı nəticə hasil olunsun.
Nədənsə Milli Şura ilə KXCP arasında “siçan-pişik oyunu” gedir. Milli Şura tez-tez qış yuxusuna getdiyindən KXCP yaman narahat görünür.
Belə ki, Milli Şuranın keçirdiyi iclasa KXCP sədri Mirmahmud Mirəlioğlu qatılmayıb. Bəziləri bunu Mirmahmud bəyin Milli Şuradan ayrılmaq istəyi ilə əlaqələndirir. Milli Şuradan da and-aman edirlər ki, nə danışırsız, bunun üçün rəsmi ərizə olmalıdır. Belə bir ərizə də Mirmahmud bəy tərəfindən Milli Şuraya daxil olmayıb”. Digər tərəfdən isə Milli Şurada AXCP sədri Əli Kərimlinin möhkəmlənməsi KXCP-ni Milli Şuradan hər gün bir addım uzaqlaşdırır. Onlar nəsə deməsə də “görünən dağa bələdçi lazım deyil”. Düşünürəm ki, indi nəsə demək tezdir. Necə deyərlər, bu toplantıdan sabah da olacaq. O zaman Mirmahmud bəy qatılmasa, deməli, “həqiqətən torbada pişik var”.
Amerika qitəsindən arada üzübəri “əsən” Rəsul Quliyev yad məmləkətdə yaman “narahat” görünür. Siyasi silahdaşlarından uzaqda qərar tuta bilməyən Rəsul bəy, müxalifət düşərgəsində canfəşanlıq görən kimi tilovunu əlinə alıb hərəkətə başlayır. Düzü, qəribə məqamlar var burda. Rəsul bəy, müxalifət cameəsinin tanınmış üzvlərindəndir. Amma, müxalifətdə siyasi aktivlik, siyasi yenilik, siyasi dəyişiklik görən kimi, daxilində müxalifətə əks qütbdə qərarlaşma halları baş verir.
Adətən kiminsə yanında görünən adam elə onun vəkili rolunda çıxış edir. Maraqlıdır, Rəsul Quliyevi niyə müxalifətin nümayəndəsi kimi təqdim edirlər?! Bir halda ki, vəkil rolunda çıxış edə bilməyəcəksə. Buna xüsusi ehtiyac varmı?!
İndi də Müsavat Partiyasında gedən dəyişiklikləri “qan dəyişmə” prosesi adlandırıb. Üstəlik, başqanlığa namizədlərin heç birinin ciddi proqramlarının olmadığını deyib. Görəsən, Rəsul Quliyev bir zamanlar hakimiyyətdə təmsil olunarkən hansı proqramlarla çıxış edib? Maraqlı gəldi mənə.
Əslində, özünü dəli yerinə qoyan adamlarla ehtiyatlı davranmaq lazımdır. İndi də Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Azərbaycana gəlmək sevdasına düşüb. Əcəbdi vallah. Üzü-üzümüzə, gözü-gözümüzə bizi təhqir edir, sonra da, “nə olub ki?” deyir.
Ziddidyyətli danışıqların arxasında mütləq “ikinci əl”in rolunun olması sirr deyil. Məgər Jirinovski kimi “ağıldankəm siyasətçi ” içindəki yanğını təhqir formasında dilə gətirməklə özbaşına hərəkət etmişdi?! Əsla! Hakimiyyət bu tip insanlarla daha rahat anlaşır. Azərbaycanda Jirinovskini hansı formada cəza növünün gözlədiyini deyə bilmərəm. Amma, hələ SSRİ zamanında Türkiyədə bəzi fikirləri ilə təbliğat maşınını işə saldığına görə onu həbs edib, sonra ölkədən deportasiya etmişdilər. Dağıstanda isə onun ölümünə fitva da veriblər.
Ümumiyyətlə, türk xalqlarının düşməni, türkləri sevməyən biri Azərbaycana səfər etmək həvəsinə düşüb. Ay-hay! Bu daşın altında da bir iş olmasın?! Jirinovski yaxşı əməlləri ilə tanınmayıb ki, ondan yaxşı nəsə gözləyək!. Keçəl Həmzələr, elə “keçəl” rolunda “dost” görünür.
İndi isə iki həftədir ki, Azərbaycanda mərasimlərin normal qaydalar çərçivəsində idarə olunması üçün səslənən fikirlərdən danışmaq istəyirəm. Əslində, cəmiyyət olaraq buna çoxdan başlamalı idik. İstər yas istərsə də toy mərasimləri aşırı israfçılıq mənbəyinə çevrilmişdi. Bu mərasimlərin təşkil olunması kimin varlı kimin kasıb olmasını müəyyən etməkdə çətinlik yaradırdı. Kasıb yorğanına baxıb ayağını uzatmaq istəmir, varlı da aşağı təbəqəni nəzərə almırdı. Yəni, hamı bir nəfər kimi mərasimlərin təntənəli, dəbdəbli keçirilməsi üçün növbəyə dayanmışdı. Hər şeydən öncə israfçılıq baş alıb gedirdi. Nə isə. Bu haqda uzun danışmaq istəmirəm.
Yas mərasimlərinin dəbdəbəli keçirilməsinin qismən də olsa, qarşısı alındı. İndi isə növbə toy və nişan mərasimlərinindir. Hələ ki, cəmiyyətdə ziyalı təbəqə tövsiyə xarakterli fikirlərlə çıxış edir. Ümid edək ki, yaxın zamanlarda bu məsələdə də yekun nəticə olar.