İsa Qəmbərin siyasi varisliyini sona çatdıran qurultayın ən incə və gözəl fraqmenti sədarət kürsüsündə yeni başqanı qarşılayıb, boynunu qucaqlayarkən, kadrların gizlədə bilmədiyi onun keçirdiyi ani həyəcan hissi, bir neçə saniyəlik sezilən xəfif titrəyişi idi. Bu epizodun duyğusallıq yaratması bir tərəfə, həm də çox az çəkən bu həyəcan səhnəsində bir neçə məna axtarıb tapmaq olardı: həmin saniyədən, həmin dəqiqədən etibarən birinin siyasətdə statusu bir pillə aşağı düşür, digərinin isə siyasətdə statusu bir pillə yuxarı qalxırdı. Biri illərcə inandığından partiyanı təhvil alır, digəri potensialına inansa da, inanmasa da, bütün qərarlarında yanında olan birisinə 20 il yiyəlik etdiyi irsi təhvil vermək zorunda qalırdı. Üstəlik, heç bir yozumsuz-filansız: fövqəladə tarixi-siyasi şəraitin yetişdirdiyi liderlə bitən və kimliyindən asılı olmayaraq yenisinə ötürülən estafet səhnəsi istər-istəməz duyğusal olmalı, məhz həyəcan doğurmalı idi.
Bəs, nəyə görə səbrli, sakit təbiətli, beynəlxalq miqyasda çoxkontaktlı, xarici dil bilicisi, dərin iqtisadi savadı olan Qubad İbadoğlu yox, təmkinsiz, çılğın, çox emosional...Arif Hacılı başqanlıq yoxuşuna qalxa bildi? Bu doğrudanmı, tam sərbəst bir seçimin, yoxsa, ssenariləşmiş transformasiyanın nəticəsi idi?
Qurultaydan əvvəl Müsavatın az qala bütün elitası Qubad İbadoğlu ətrafında səfərbərlik yaratmışdı. Bu açıq dəstək ictimai rəydə ona başqanlıq zirvəsinə qalxma pilləkəni hazırlayırdı. ABŞ səfirliyində bir gün öncəki keçirilən görüş də təsəvvürlərdə niyəsə Qubad İbadoğlunun imkanlarına güc qatırdı. Qurultaydan öncə qalib o idisə, məğlub Arif Hacılı idi. İsa Qəmbər istisna olmaqla, əksər funksioner komandanın anti- Hacılı əhval-ruhiyyəsi bu şəxsin ətrafındakı kompaniyanı həddindən artıq zəiflətmişdi.
Arif Hacılıının mənfi tərəfləri müsbət tərəflərindən çox və qabarıq olsa da, rəqibindən əsas fərqli xüsusiyyəti Müsavat partiyasının “qara fəhlə”si obrazını və İsa Qəmbərin sağ əli imicini formalaşdıra bilməsi idi.
İsa Qəmbəri Qubad İbadoğluya satan rayon şöbələri sədrlərinin bilgilərində nə qədər həqiqət payı var, bunu demək çətindir. Amma onu demək çətin deyil ki, İsa Qəmbər Arif Hacılının zəfərini uzun illər ərzində onu özünə hədsiz yaxın buraxması, partiyanın siyasi yükünü müavininin çiyinlərinə etibar etməsi ilə hazırlayıb. Bu mənada birbaşa olmasa da, bu seçim təbii ki, transformasiyanın nəticəsidir.
Doğrudur, yeni başqan lider keyfiyyətlərini özündə birləşdirmir, Müsavatın monolitliyini saxlamaq gücünə sahib deyil, partiyanın hakimiyyətə revanşını təmin etmək potensialı yetərincə zəifdir, siyasətdə İsa Qəmbərin yerişini yeriyə bilməz, amma demokratik ənənələrin tələb etdiyi dəyişilmədə rəhbərinin yerini tutmaq haqqı ona düşürdü. Digər tərəfdən, təşkilatı məsələlərlə məşğul olduğundan, o, hər zaman rayon şöbələrinə, Məclis üzvlərinə yaxın məsafədə idi. Qubad İbadoğlunun xaricdən gələn sorağı hamının gözünü qamaşdıra bilmirdi. Müsavat yeniləşmiş partiya deyildi, köhnə müsavatçıların uzun mücadilə xatirələri təşkilatda külüng çalan, hər zərbənin altına girən, seçki kompaniyalarının yükünün əsas ağırlığını öz üzərinə götürən, ayrı-ayrı illərdə subordinasiya nöqteyi-nəzərindən arxada qaldığı funksionerlərdən çevikliyi, dinamik işgüzarlığı, mətbuat müstəvisində təbliğat aparma səriştəsi, partiya işində uzmanlığı sayəsində önə çıxmağı bacaran Arif Hacılını islahatçı qanadın rəqabətinə, təşkilatla əlaqəsi zəif, ayağı Müsavatdan çox xaricdə olan, öz QHT-sini beynəlxalq aləmdə partiyasından daha artıq təbliğ edən alternativə uduzdurmadı.
Ola bilsin, susan İsa Qəmbərin dili sona kimi danışmayıb, amma gözləri mütləq danışıb və rayon şöbələri “qara fəhlə”sinin haqqını tam ödəyəcək dərəcədə müdrikliyini itirməyən, vicdan sərhədlərindən kənara çıxmayan İsa Qəmbərin göz ifadəsindən və mimikasından bu mesajı alıb.
Bu mesaj Qubad İbadoğlu üçün də verilə bilərdi, çünki namizədlərdən hər ikisinin seçimi halında partiyanı təxminən eyni gələcək gözləyirdi. Onların heç biri lokomativ rola yüksəlməyib, birləşdirici faktora çevrilməyib. Lakin Qubad İbadoğlunun mənsub olduğu region cəmiyyətdə zəifləmiş regionçuluq məsələsini İsa Qəmbərin ətrafında ittiham predmetinə çevirə bilərdi. İbadoğlunun iqtidara qarşı seçdiyi yumuşaq üslub və reformalar konsepsiyasının şifahi ortaya qoyulması, ola bilsin, başqanla alternativ arasında bir baryer də yaratdı. Əgər digər alternativ hakimiyyətə qarşı mübarizədə kəskinlikdən geri durmayacağını öz platformasına gətirdisə, demək, mövcud iqtidarla bağlı reforma məsələləri ortaq məxrəcin məhsulu deyil.
Hakimiyyət Müsavatın başqan seçkilərini həll edəcək tərəf olmadığı üçün İbadoğlunun tələsik irəli sürdüyü platforma partiya içərisində ona əleyhidarlar da müəyyənləşdirdi. Halbuki onun arxasında partiyanın elitası dayanmışdı, nəticə məhz onu Arif Hacılıdan irəli çıxarmalıydı. Məntiqi nəticə ondan ibarət oldu ki, həmin funksioner təbəqənin partiya ilə mənəvi bağlantıları möhkəm olsa da, fiziki əlaqələrinin zəifliyi, paralel şəkildə daxildəki mövqelərinin zəifliyi dəstəyi tələb edilən şəkildə təmin edə bilmədi.
2018-ci ilin prezident seçkilərində İsa Qəmbərin prezidentliyə namizədliyi barədə verilən qərar partiyada sürətlənəcək tənəzzülün qarşısına bənd kimi düşünülsə də, bu bəndin güclü olacağına Qubad İbadoğlu artıq şübhələr yaratmağa başlayıb. Uduzan alternativ qalib olan başqana da, hətta əski başqan İsa Qəmbərə qarşı da məxməri üsyana sətiraltı işarə vurub. Bu üsyandan partiyanı qorumaqsa, məhz Arif Hacılının məşğul olacağı prosesdir. İsa Qəmbərsə öz enerjisini Milli Strateji Düşüncə Mərkəzinə daşımalıdır. Çünki məhz bu müstəvidə enişdən yoxuşa yenidən qalxmaq, 2018-ci ildəki prezident seçkisinə namizədlik haqqını doğrultmaq lazımdır.