Modern.az

Dəyərli dəyərin 100 yaşını gözləməyə dəyər

Dəyərli dəyərin 100 yaşını gözləməyə dəyər

Təhsil

17 Dekabr 2014, 20:50

Elə dəyərlər var ki, zaman ötdükcə daha da qiymətli olur, biz onları daha çox sevir və daha çox öyrənməyə çalışırıq. Daha çox öyrəndikcə, sevgimiz daha da artır. Xalqımızın milli-mənəviyyatının böyük abidələrindən biri olan Bakı Dövlət Universiteti də bu qəbildən olan dəyərlərdəndir. Yaranmasından 100 ilə yaxın vaxt keçir. Bu gün onun yaranma tarixi bizi əvvəlki nəsillərdən daha çox maraqlandırır, desəm, yəqin ki yanılmaram. Bu yaxınlarda BDU-nun ilk rektoru olmuş professor V.İ.Razumovskinin “Bakı şəhərində Universitetin yaradılması” adlı bir maraqlı məqaləsini oxudum. Doğrusu, çox təsirləndim.

 Məsələ burasındadır ki, Bakı Dövlət Universiteti Azərbaycan tarixinin ən mürəkkəb dövrlərində - müstəqil dövlət qurulduğu, bir qədər sonra bu müstəqilliyə son qoyulduğu vaxtlarda yaranıb. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ayın təxminən yarısı - 10 ayı bu Universitetin yaradılması məsələsinə həsr olunub. Avropanın aparıcı universitetlərində təhsil alıb qayıdan, müstəqil dövlət qurmağı həyatlarının ən böyük arzusu hesab edən mütərəqqi fikirli insanlar ilk arzu reallaşandan sonra ikinci böyük arzunu - ölkədə universitet yaratmaq planını həyata keçirməyə başladılar. Əlbəttə, bu arzu da birinci istək kimi mürəkkəb proses idi. Ancaq universitetin yaranması kimi cahanşümul bir hadisə naminə bütün məhrumiyyətlərə dözməyə dəyərdi. Bunu vətənpərvər ruhlu insanlar yaxşı dərk edirdilər. Zaman sübut etdi ki, həmin şəxsiyyətlərin ikinci arzusu da xalq üçün çox böyük faydalar gətirdi. Bakı Dövlət Universiteti yarandığı ilk illərdə kütləvi savadsızlığın ləğvində, sonralar elmi mühitin yaradılmasında, ziyalı təbəqəsinin formalaşmasında, başqa ali təhsil ocaqlarının, o cümlədən Milli Elmlər Akademiyasının təsis edilməsində həlledici rol oynadı. Maraqlıdır ki, Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra tərəqqipərvər insanların yaratdığı Milli Ordu, Xarici İşlər Nazirliyi, Parlament kimi bir çox təsisatlar, o cümlədən müqəddəs bayrağımız, gerbimiz, himnimiz də zorla unutdurulan tarixə çevrildi, yalnız 1991-ci ildən - müstəqilliyi bərpa etdikdən sonra yenidən xalqa qaytarıldı. Amma Bakı Dövlət Universiteti müxtəlif adlar və siyasi təzyiqlər altında öz fəaliyyətini davam etdirdi, xalqın yaddaşında 1919-cu il reallıqlarını yaşatdı. Müxtəlif repressiyalardan böyük qurbanlar versə də, alnıaçıq çıxan, 70 il ərzində ən müqəddəs hissləri nəsildən-nəslə ötürərək 1980-ci illərin sonlarında başlayan milli-azadlıq hərəkatında rektor başda olmaqla əllərində milli bayraq mitinqlərə gedən Universitet ziyalıları və tələbələri Azərbaycanda müstəqil dövlət qurulmasında həlledici rol oynadılar.

Bu tarixi məqalədən bizim üçün dəyərli məlumat odur ki, Bakıda Dövlət Universiteti çox böyük çətinliklərlə, gərgin mübarizə şəraitində, həm də Qafqazda Tiflisdən sonra ilk Universitet kimi açılmışdır. Hər işimizə şərik qoşulan bədnam qonşularımız isə yeni iddia ilə çıxış edirlər - guya İrəvanda Universitet Bakıdan qabaq açılıb. Bu məqalələrdə həmin iddialara çox ətraflı cavab var - o dövrdə İrəvanda Universitet yaratmaq üçün nə maddi imkan, nə mənəvi şərait var idi, nə də bu məsələ müzakirə predmeti idi...

Nə isə... 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cüm­huriyyətinin parlamenti tərəfindən BDU təsis edildi və ötən əsrin əvvəlindən bu günə kimi Azərbaycan elminə çıraq tutan universitetimizin yaradılması xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri oldu. Bu tarixi missiyanı reallaşdırmaqda xüsusi xidmətləri olan Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin - Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Behbud xan Cavanşir, həmçinin  bizimlə birgə Bakı Universitetinin yaranmasında ürəkdən çalışmış böyük rus alimləri Razumovski, Şirokoqorov, Dubrovski və başqalarının adını böyük ehtiramla xatırlamaq istəyirəm. Dünyanın bir çox universitetlərinin yaşı 3 rəqəmli, bəzilərinki isə hətta  4 rəqəmli ədədlə ölçülür. Lakin etiraf etmək lazımdır ki, Universitetlər əsrlər boyu əsasən maarifçiliyin inkişafı, ritorika, məntiq, astronomiya kimi elmlərin təbliği, dini elmlərin öyrədilməsi ilə məşğul olmuş, yalnız XX əsrdən etibarən təhsillə elmin vəhdətini, bu vəhdətin istehsalata inteqrasiyasını təmin edərək cəmiyyətin həyatında aparıcı qüvvəyə çevrilə bilmişdir. Təsadüfi deyil ki, 2-ci dünya müharibəsi illərində ABŞ-ın 32-ci prezidenti olmuş Franklin Ruzvelt deyirdi: ABŞ universitetləri ona görə qüdrətli deyillər ki, onlar dünyanın güclü dövlətinin universitetləridirlər, ABŞ ona görə güclü dövlətdir ki, onun qüdrətli universitetləri var.

Həqiqətən də, cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında Universitetlərdə gedən elmi innovasiyaların tətbiqi ön sırada dayanır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz.

Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir kifayət qədər yüksəkdir və innovasiya məhsulları ölkə üzrə sənaye istehsalının 60-90 %-ni təşkil edir. Belə demək olar ki, dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri innovasiya məhsullarının verdiyi faizlə ölçülür ki, bunlar da əsasən universitetlərdə həyata keçirilir. Məsələn, inkişafda olan dünya ölkələrində bu göstəricinin payı ümumi büdcənin 0-1% həcmindədirsə, Ukrayna, Rusiya kimi ölkələrdə 10-15%, Qərbi Avropa dövlətlərində 40-60% təşkil edir. Düşünməyə əsas verən bu rəqəmlər Universitetlərin cəmiyyətdəki rolunu və yerini müəyyən etməyə əsas verən  göstəricilərdir.

Əsrlər boyu insanlar bəşəriyyətin inkişaf modelini düşünmüş, gah onu “gözəlliyin xilas edəcəyini”, gah “mədəniyyətin nicat yolu olduğunu”zənn etmiş, gah da silahla, güclə,  hətta “elektrikləşdirmə” ilə vəziyyətdən çıxmaq təkliflərini vermişlər. Gəlib çatdığımız XXI əsr ötən yüzilliklərin təcrübələrini ümumiləşdirərək inkişaf modelinin elmdən və təhsildən keçdiyini deməyə əsas verir və nə yaxşı ki, YUNESCO-da bizim əsrimizi elm və təhsil əsri adlandırmışdır.

Zəmanəmizin dahi alimlərindən biri olan Albert Eynşteyn zəngin həyat təcrübəsini ümumiləşdirərək demişdir ki, hər bir ölkənin gələcəyi həmin ölkənin insanlarının alacağı təhsillə bağlıdır.  Bu gün dünyanın 200 dövləti bu düşüncə ilə, bir növ  yarışa çıxmışdır. Başqa heç bir vasitə - nə silah, nə iqtisadi göstəricilər, nə ərazi böyüklüyü, nə də əhali sayı bu yarışda həlledici amil deyil. Burada söhbət yalnız intellektin səviyyəsindən, elmin, biliyin tədrisinin düzgün qurulmasından gedir.

  Hələ 850 il bundan əvvəl Azərbaycanın böyük şairi Nizami  Gəncəvi demişdir ki, 

Elmlə, biliklə, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz!

95 il bundan əvvəl isə universitetin ilk rektoru Vasili İvanoviç Razumovski belə demişdi:  "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram".  Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə həmin sözləri həqiqətə çevirmiş Bakı Dövlət Universitetini qarşıda böyük işlər- o cümlədən 5 ildən sonra 100 illik yubileyi gözləyir.  Uzaq və yaxın 2019-cu ilə qədər hamıya can sağlığı, Universitetimizə yeni uğurlar, şanlı səhifələr, böyük gələcək arzulayıram. Vivat, floreat, crescat Universitas Bacuensis!...

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı