Namidə Bingöl
Bir dövlət daxilində ikinci hökumətin qurulması gec ya da tez parçalanmaya səbəb olur. Siyasətdə isə qütbləşmə halları, birləşib o birisini devirmək istəyi hər zaman aktualdır.
Həftənin siyasi hesabatını təqdim edirəm:
Zaman-zaman müxalifət düşərgəsində bulanıq sular axır və biz istəsək də, istəməsək də cərəyan edən proseslərə şahidlik edirik. Neçə müddət idi ki, Müsavat Partiyasında başqanlıq uğrunda əməlli başlı mübarizə gedirdi. Qubad İbadoğlu, Arif Hacılı, Səxavət Əlisoy arasındakı qarşıdurmaya İsa Qəmbər belə, qarışmaq məcburiyyətində qalmışdı. Demək olar ki, hal-hazırda başqanlıq postu uğrunda gedən “atışma” səngiyib.
Müxalifət düşərgəsindəki indiki durum baxış bucağımızı dəyişib. Bu dəfə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimlinin tərəfdarları arasında soyuq küləklər əsməkdədir. Tərəflər bir-birinin ünvanına təhqirlər yağdırır. Əslində, kimin haqlı kimin haqsız olmasına dair fikirlər səsləndirmək çətindir. Sadəcə olaraq, tərəflərdən birinin, digərinin ünvanına səsləndirdiyi söyüşlər, bu söyüşlərə verilən cavablar cəmiyyətdə nümunəvi vətəndaş mövqeyi sərgiləmir. Məsələlərə düşmənçilik prizmasından yanaşılaraq ailələr, valideynlər əxlaq normalarına zidd olan söyüşlərlə “bəzənir”. Rauf Arifoğlu isə bildirir ki, ona qarşı ünvanlanan təhqirlərin, ittihamların arxasında AXCP lideri Əli Kərimli dayanır. Amma şəxsən Əli Kərimlinin dilindən Rauf Arifoğluna qarşı heç bir fikir səslənməyib.
Savaşın miqyasının daha da eybəcər şəkil alacağını görən ilahiyyatçı hacı İlqar İbrahimoğlu yola saldığımız həftədə tərəflərə müraciət ünvanladı. Rauf Arifoğlunu və Əli Kərimlini barışığa dəvət edərək düzgün addım atmadıqlarını bəyan etdi. Təbii ki, tərəflər hörmətli ilahiyyatçının müraciətinə cavab verdilər. Həmçinin, Müsavat başqanı Arif Hacılı da baş verənlərə münasibət bildirdi. Arif Hacılı bir az da irəli gedərək tərəflərin əndazəni aşdığını xatırlatmaqla yanaşı, AXCP sədrinin bu qovğanı dayandıracağına inandığını bildirdi. Bizə isə tərəflərin edilən müraciətləri bundan sonra necə dəyərləndirməsinə tamaşa etmək qalır.
Yola saldığımız həftə Milli Məclis üçün işgüzar həftə kimi yadda qaldı. Növbəti plenar iclas zamanı hörmətli deputatlarımız bir çox məsələləri müzakirəyə çıxardı. Nədənsə, bəzi problemlərin həll olunmaması səbəbindən həm canımız yanır, həm də cibimiz.
Deyəsən, KİV nümayəndələri də belə getsə, sərt cəzalara görə “yanmalı” olacaqlar. KİV haqqında” qanuna edilən dəyişikliklərə deputat İqbal Ağazadə etiraz etsə də, digər həmkarları bəzi mətbuat nümayəndələrindən narazılıqlarını dilə gətirərək qanuna edilən dəyişikliyi düzgün qərar kimi dəyərləndiriblər.
Düzdür, mətbuat azadlığının mövcudluğu peşəkar qələm əhlinin fəaliyyətini, yazmaq eşqini, danışmaq gücünü stimullaşdırmağa xidmət edir. Amma mətbuatın azad olması onu deməyə əsas vermir ki, klaviaturaya köklənməklə ağlına gələni yazıb sürətlə yayılan texnologiyanın qucağına təhvil verməlisən. İnsanların şərəf və ləyaqətinin, dövlətçilik sirrinin qorunmasına birmənalı olaraq çalışmaq lazımdır ki, sonra məhkəmə qapılarında növbəyə düzülməyək.
Ermənistan isə əslən Kəlbəcərdən olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi məhkəmə zalında “məhşər” ayağına çəkməkdən yorulmur. Dağlıq Qarabağdakı separatçı rejimin apardığı qondarma məhkəmə şousu ilə azərbaycanlı girovların üzərlərinə “kəşfiyyatçı” damğası yapışdırmaq istəyirlər. Bununla bağlı aparılan “məhkəmə prosesi” zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində növbəti çirkin tələb irəli sürüldü. “Prokuror” Karen Qabrielyan Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi təklifini verib. Bu da ermənilərin azərbaycanlılara qarşı növbəti “oyunu”.
Məqsəd isə bütün azərbaycanlıların gözünün odunu almaqla içimizdə olan torpaq, yurd, vətən sevgisini elə içimizdə “dəfn” etməkdir. Amma ermənilərin bu hiyləsi baş tutmayacaq və Azərbaycan xalqı bu oyuna gəlməyəcək.
Yola saldığımız həftə Türkiyə hakimiyyəti üçün çox gərgin həftə kimi yadda qaldı. Deyəsən, Ərdoğan iqtidarı ilin dekabr ayını “dəfn” etməyi hədəf seçib. Maraqlıdır, baş verənlər təsadüfdür yoxsa zərurət?!
Hər halda, baş verənlər ya zəlzələnin ya da vəlvələnin Türkiyəyə gətirdiyi “soyuq siklonlardır.”
Türkiyə iqtidarı birmənalı olaraq Gülən camaatının “hoqqaları”na qarşı təmizləmə işləri aparır. Xatırlayırsınızsa, 2013-cü ilin dekabr ayında Türkiyədə baş verən korrupsiya qalmaqalının toxumları təkcə Türkiyədə deyil, Azərbaycanda da “cücərmişdi”. Bəllidir ki, 1999-cu ildən ABŞ-ın bir köşəsini özünə məskən seçən Fətullah Gülən Türkiyə daxilində qarışıqlıq yaratmaqla Ərdoğan iqtidarını hakimiyyətdən uzaqlaşdırmağı nişan almışdı. Hər halda, Türkiyədə baş verən proseslər belə deməyə əsas verir.
Nəticədə isə Ərdoğan iqtidarı möhkəmlənərək bir pillə də “önə çıxdı”. Nədənsə, məğlub tərəf kimi Fətullah Gülən görünür. İllərdir Türkiyədə və Azərbaycanda Gülən camaatının nurçu qolu gizli şəkildə böyüyürdü. Biz onu hiss etməyə bilərdik. Amma Ərdoğan bu məsələyə təmkinli, bir az da soyuqqanlı yanaşaraq Azərbaycanda fəaliyyət göstərən “Çağ” öyrətim və “Araz” kurslarının bağlanmasına nail oldu. 2013-cü ilin dekabr ayında Türkiyəni bürüyən korrupsiya qalmaqalı Ərdoğanın qələbəsi ilə başa çatdı.
İndi də 2014-cü ilin dekabr qalmaqalı yaşanır. Ərdoğan hökuməti “paralel yapı” əməliyyatlarına qarşı lazımi tədbirlər görməkdə davam edir. Gülən camaatının bu dəfəki silahdaşları bəzi media orqanlarıdır ki, artıq bu sahədə də təmizləmə işlərinə start verilib. “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı və “Saman yolu” TV-nin başqanı Hidayət Karaca həbs edilib.
Türkiyədə ard-arda həbslərin baş verməsini Avropa Birliyi və ABŞ sərt ittiham edib. Ərdoğan isə kimsənin ölkəsinin daxilində yaşananlara müdaxilə etməsini yaxşı hal kimi dəyərləndirməyib.
Hələ ki Türkiyənin daxili siyasəti gərgin məqamlarla üz-üzədir. Ötən ilin ssenarisində yer alan bəzi azərbaycanlıların olmasından belə görünür ki, bu ilki “paralel yapı” əməliyyatlarında da adı keçənlər var. Vətəndaş Həmrəyliyi Partiyasınn sədri, deputat Sabir Rüstəmxanlının xanımı Tənzilə Rüstəmxanlı Modern.az-a açıqlamasında “Tahşiyəcilər” qrupunun işi üzrə istintaq materiallarında adının hallanmasını özünə qarşı pislik kimi dəyərləndirsə də maraqlı məqamlara toxunub.
Tənzilə Rüstəmxanlı Türkiyədəki “paralel yapı”nın Azərbaycanda bir vaxtlar və indi də qolunun olduğunu deyib. Azərbaycanın bu məsələyə yenidən baxmasının vacibliyini vurğulayan xanım Rüstəmxanlı bir müddət əvvəl Azərbaycanda çox ciddi şəkildə “paralel yapı”nın məksən saldığı nazirliklərimizin olduğunu xatırladıb. O, Milli Məclisin bəzi deputatlarını da ittiham edib: “Bəzi millət vəkilləri var ki, onlarla qapılar arxasında çox rahatca görüşürlər. Dünən də bunu edirdilər, bu gün də edirlər”-deyib.
Yekun olaraq, Azərbaycandan kimlərin “paralel yapı” əməliyyatlarında qol çırmayıb Gülən camaaatına havadarlıq etdiyini söyləmək çətindir. Hər halda, baş verənlər onu deməyə əsas verir ki, “paralel yapı” əməliyyatı ilə bağlı azərbaycanlılar arasında kimlərinsə bu qaranlıq qalan məsələlərdə adının olması istisna deyil. Bunu isə Gülən camaatının əleyhinə sürətlə irəliləyən zamanın ixtiyarına buraxmaq qalır.
Belə bir məqamda isə Türkiyədə məhkəmə Nurçu camaatın ABŞ-da yaşayan lideri Fətullah Gülən barəsində həbs qərarı çıxardı. “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı isə azadlığa buraxıldı. Deyəsən, proseslər daha gərgin və mürəkkəb müstəviyə doğru yön alır...