Şəxsi iş. İntim həyat. Mən şəxsən bu şeylərə qarşı çox diqqətliyəm. Və bu işlərə kimsənin müdaxiləsini, qarışmasını, burnunu soxmasını qurşaqdan aşağı vurulan zərbə kimi qiymətləndirirəm. Növbəti belə qalmaqal da hörmətli ziyalımız, professor Hamlet İsaxanlının başına gəldi. Bu hadisə 7-8 il bundan qabaq baş versəydi, heç kim xəbər tutmayacaqdı. Amma küçələrimizdə kameraların quraşdırılması bunu qeydə aldı. Qeydə almağı çox gözəl. Çünki hüquq-mühafizə orqanları üçün əvəzedilməz faktdır. Və hüquq-mühafizə orqanları üçün də o hadisədə görünən və adları keçən insanlar da sadəcə sıravi Azərbaycan vətəndaşlarıdır. Kiminsə qızı və ya övladları deyil. Bu video internetə necə düşüb, kim yayıb, deyə bilmərəm. Bu barədə heç yazmaq fikrim də yox idi. Sadəcə məni dilləndirən, bu günə qədər adı bir epizodda da hallanmayan professor Hamlet İsaxanlının Modern.az-da gedən açıqlaması oldu. Yazının içindəkilər mənimçün maraqlı deyil. Çünki bir ata kimi onu başa düşmək zorundayam. Orta da papaq məsələsi var ki, o da...

Amma ki, sadəcə yazının başlığı - Hamlet İsaxanlıdan yeni açıqlama: “O videoda döyülən qız mənim deyil” - cümləsi məni bu yazını yazmağa məcbur etdi. Daha doğrusu “Cəncəhim” romanından bir parçanı yadıma saldı.
Əsərimin qəhrəmanı Qanlıgün bir vəzifəli, varlı adamdan məqalə yazır. Yazır ki, bunun iki qızı var, ikisi də pozğun. O bapbalaca ailəsini idarə edə bilmir, o boyda təşkilata necə rəhbərlik edir? Yazı çıxır. Amma həmin adam reaksiya vermir bu yazıya. İki-üç aydan sonra isə həmin varlı-hallı adam Qanlıgünün dostu vasitəsilə onun cibinə nəşə atdırıb tutdurur. İstintaq zamanı da “nəşəxor” Qanlıgün həmin vəzifəlidən şübhələndiyini bildirir. Müstəntiq isə ona deyəndə ki, həmin vəzifəlinin qızı ümumiyyətlə yoxdur, iki oğlu var – Qanlıgün pərt olur. Və 3 ildən sonra türmədən çıxan kimi üzr istəmək üçün onun yanına gəlir:
“Qapıya yaxınlaşıb özümü təqdim elədim. Onlar da həmən köməkçiyə xəbər verdilər. Müşayiət edib qəbul otağına gətirdilər.
Gözləmirdim, amma yaxşı qarşıladı məni. “Türmədən çıxmısan, bilirəm əlin aşağıdır” deyərək cibimə pul da basdı. Mən də dönə-dönə üzrxahlıq etdim. Qəzetlərdə məqalə ilə çıxış edib, böyük qələt elədiyimi etiraf edəcəyimi bildirdim. O isə buna lüzum olmadığını bildirərək qəribə bir əhvalat danışdı:
- Ay oğul, Amerikada iki dost varmış. Ailəlikcə yaxınmışlar. Hər ikisi vəkil işləyirmiş. Dostluq eləsələr də, amma hərəsi ayrı-ayrı partiyanın üzvüymüş. İş elə gətirir ki, bunlar prezident seçkilərində rəqib olurlar. Sonuncu günədək şansları da bərabər olur. Seçiciləriylə sonuncu görüşdə dostlardan biri cəld tərpənərək tribunaya birinci çıxır və “Ay seçicilər, siz buna yox, mənə səs verin. Bunun iki qızı var, ikisi də pozğun… Bu, öz ailəsini idarə edə bilmir, bu boyda dövləti necə idarə edəcək?” deyir. Camaat da danışan namizədin rəqibini fitə basır. Heç danışmağa da qoymurlar. Görüşün axırınacan gözləyən namizəd foyedə dostunun boğazından tutub divara dirəyir. “Mən sənə neçə illər dost demişəm. Ailəlikcə bir olmuşuq. Ağır günümüzü birgə bölüşmüşük. İndi bu nə sözdür xalqın qarşısında danışırsan? Bu nə deməkdir ki, “mənim iki qızım var, ikisi də pozğun”. Bunu məni tanımayan başqa birisi desəydi, yandırmazdı. Axı, sən məni yaxşı tanıyırsan. Özü də yaxşı bilirsən ki, mənim ümumiyyətlə qızım yoxdur, iki oğlum var” deyir. Bilirsənmi, Qanlıgün müəllim, dostu nə cavab verir: “Sən bunu mənə yox, get xalqa başa sal”.
İndi üç ildir ki, mən də bu xalqa başa sala bilmirəm ki, bəs mənim qızım yoxdur. Mən oğraş deyiləm. Bütün işimi-gücümü atıb bircə bununla məşğulam ki, sənin böhtanını üstümdən yuyum. Alınmır ki, alınmır. Heç kimi başa sala bilmirəm ki, mənim qızım yox, iki oğlum var. Oğraş adını adımdan silə bilmirəm ki, bilmirəm”.
İndi Hamlet İsaxanlı sən jurnalistləri, ağıllı adamları yox, get xalqı başa sal ki, “bu videodakı qız Katyadır, yanlış ifadə verərək məhkəməni aldatmağa çalışan mənim qızım deyil”.