
Bu gün səhər Bakı-Sumqayıt yolunda mikroavtobusun dəmir arakəsməyə çırpılması səbəbindən 3 nəfərin ölməsi, 10 nəfərin ağlr yaralanması ilə nəticələnmiş qəza bu magistraldakı təhlükəli problemi gündəmə gətirib. Söhbət Bakı-Sumqayıt yolu boyunca uzanan dəmir arakəsmənin yaratdığı təhlükədən gedir.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdəki müzakirələrdə çoxları onu “ətçəkən maşın” adlandırıb. Məsələ burasındadır ki, Bakı-Sumqayıt yolunda baş verən qəzalar zamanı hansı avtomobil dəmir arakəsməyə çırpılırsa, sürücü və ya sərnişinlər ağır xəsarətlər alırlar.
Yol hərəkət üzrə ekspert Ərşad Hüseynov deyir ki, Azərbaycanda yolların kənarına çəkilən və dünyanın hər yerində əsas təyinatı qorumaq olan metal sədlər real ölüm təhlükəsi doğurur: “Çünki bizim yollara bu sədlər heyvan arxacının kənarına çəkilən çəpər prinsipi ilə tətbiq olunur. Amma bu texniki vasitənin harada, hansı məsafədə qoyulması, materialı, fiziki xüsusiyyətləri ilə bağlı standartlar var”.
Ə.Hüseynov dəmir çəpərlər çəkilərkən həmin standartların gözlənilmədiyini bildirib.
Nəqliyyat sahəsi üzrə ixtisaslaşmış “avtosfer.az” saytının rəhbəri Elməddin Muradlı da eyni qənaətləri bölüşür.
“Sumqayıt yolunda və başqa yerlərdə çəkilən dəmir arakəsmələr sadəcə olaraq "ətçəkən maşın" rolunu oynayır. Nə toxunursa doğrayıb tökür...
Yadıma gəlir, Sumqayıt yolunda həmin dəmir arakəsmələr ilk dəfə tətbiq olunanda nəqliyyat naziri Ziya Məmmədov Prezidentə məlumat verirdi ki, bu arakəsmələr yüksək texnologiya ilə hazırlanıb və maşın həmin dəmir çəpərə dəydikdə elastiklik yaranır, avtomobil dərhal dayanır. Amma biz təcrübədə görürük ki, o dəmir çəpərlərə dəyən heç bir maşın dayanmır, dəmir lövhələr maşını doğrayır və içəridəki insanlar məhv olur. O insanların yaxınları Nəqliyyat Nazirliyini, xüsusən də «Azəryolservis» ASC-ni məhkəməyə versə, qalib gələ bilər. Çünkı həmin yolda bu dəmirlərdən əlavə başqa ciddi problemlər də var”-deyə E.Muradlı bildlriib.
Qeyd edək ki, məhz həmin dəmir arakəsmələr bugünkü ağır qəzada yaralanan insanların bir neçəsinin ayağını yerindən qoparıb.
A.Qorxmaz