(İçsəs)
Alın yazısı (qismətçilik) – gözlənilməzliyin (təsadüfiliyin) şişirdilməsidir.
***
Gözlənilmədən (təsadüfən) ölümə tuş gəlmək – alın yazısı sayılır – Allahın insana qıyması kimi dəyərləndirilir.
***
Gözlənilmədən ölümdən qurtulmaq – alın yazısı sayılır – Allahın insana qıymaması kimi dəyərləndirilir.
***
Dünyanın gedişi insandan asılı deyil, ona görə insanı nəzərə almır. İnsan isə dünyanı nəzərə alır.
***
Alın yazısı – dünya gedişatının insanları bir-bir, ayrı-ayrı nəzərə almasını, baş verən olayların onların yaşamı ilə birbaşa bağlı olmasını düşünməkdir. De gəl ki, belə bir şey yoxdur.
***
Dünya gözlənilməzliklərlə (təsadüfiliklərlə) doludur: dünyada gözlənilməz olmayan nəsə – yoxdur.
***
Gözlənilməzlik (təsadüf) – gerçəkliyin sıradan gedişatıdır, gerçəklikdən ayrılmış olay deyil.
***
Alın yazısına inanan – başqası üçün sıradan sayılan olayı özü üçün ayrıcalaşdırır, şişirdir, qismət sayır.
***
Dünya – gözlənilməz olaylar zənginliyidir.
***
İnsan yaşamı – dünyanın bütöv gedişatının kiçik bir kəsimidir. Bu baxımdan, bütöv gedişatı özünün alın yazısı, qisməti kimi dərk etmək – dünyanı anlamamaqdır.
***
Alın yazısı – təsadüfləri yanlış olaraq ilahi gücə – Allaha bağlamaqdır. De gəl ki, təsadüflərin arxasında hansısa ilahi güc dayanmır, onları haçansa baş verməyə məcbur eləmir: məcburi təsadüfilik olmur!
***
Məcburiyyət – iradənin zorlanmasıdır.
***
Dünya gözlənilməzliyini itirmir, ona görə ki, hər an yenilənir.
***
Dünya yenilənir, gerçəklik dəyişir, ona görə hər an yeni-yeni gözlənilməzliklərlə (təsadüflərlə) qarşılaşırıq.
***
Dünya gözlənilməzliyini itirsə, gözümüzdən düşər.