Qonaq otağının ən gözəl bəzəyi,
kitabların olduğu yerdir
(Con Gey)
Əgər boş vaxtlarımda kitab oxuyuram deyiriksə oxumaq bizim həyatımızda hansı yerdə durur?! Mütaliəni boş zamanlara saxlayır, gündəlik həyatda ona müəyyən bir vaxt ayırmırıqsa, fərqinə belə varmadan mütaliəni vacib ehtiyac olaraq görmürük deməkdir. Əlbəttə boş zamanlar kitab oxumaqla dəyərləndirilə bilər, amma kitabın zəruri ehtiyaclar sırasında və günün müəyyən bir saatında az da olsa mütləq yeri olmalıdır. Bu insanın özünü inkişaf etdirməsi üçün vacib şərtdir.
Mütaliə kimi çox maraqlı bir vərdişi kimlər və nələr əngəlləyir bizim üçün? Müasir dövrdə mütaliəni əngəlləyən bir sıra səbəblər ortaya çıxır.
Bu səbəbləri bəzi ictimai faktlorlar - mədəni, təhsil, iqtisadi, sosial və senzur olmaqla beş başlıqda dəyərlədirə bilərik. Mütaliə alışqanlığı qazanmağa və bu alışqanlığı davam etdirməyə mənfi təsir edən ən vacib faktor isə texnologiyadan asılılıqdır. Xüsusilə televizor, kompüter və mobil telefondan istifadənin geniş yayılması ilə insanların mütaliə etmək faizində ciddi bir geriləmə müşahidə olunmağa başlamışdır. Vizual və audio vasitələr bu gün uşaqlar və gənclərin zövqünə daha çox xitab etməkdədir.
Bir çox inkişaf etmiş ölkələrdə aparılan araşdırmalar gündəlik televizor izləməyə ayrılan vaxtın lazım olduğundan çox olduğunu göstərir.
Bu mövzuda bu günə kimi aparılan araşdırmaların çoxunda cəmiyyətin böyük bir hissəsinin asudə vaxtının əsas hissəsini televizor qarşısında keçirdiyi müəyyən olunmuşdur. Televiziya xüsusilə məktəbəqədər dövrdə uşaqların zehni inkişafına təsir edə biləcək bir vasitədir. Uşaqların öyrənmə bacarıqlarının inkişaf etməsinə və daha yaradıcı böyüməsinə imkan yaradan televiziya proqramları, eyni zamanda böyüklərin məlumatlılığını artırmaq xüsusiyyətinə malikdir. Ancaq izlənmə vaxtı və izlənən proqramın növündə lazımlı şərtlər gözlənilmədiyi təqdirdə televizor, hər yaşda olan insanın inkişafına, sosial əlaqələrinə və sağlamlığına zərərli ola biləcək bir qurğudur. Bir çox inkişaf etməkdə olan ölkələrdə aparılan araşdırmalar gündəlik televizor izləməyə ayrılan vaxtın lazım olduğundan çox olduğunu göstərir. Bunun da insanın sağlamlığına, sosial münasibətlərinə və gündəlik fəaliyyətlərinə mənfi təsir etdiyi sübut olunmuşdur. Televizor və kompüter qarşısında üç saatdan artıq vaxt keçirən məktəbəqədər yaşlı uşaqların məktəb dövründə diqqət dağınıqlığı kimi ciddi problemlə qarşılaşdıqları məlumdur. Yeni Zelandiyalı tədqiqatçılar buna insan fiziologiyasının tələbat duyduğu hərəkətli fəaliyyətlərin yerinə ekran başında hərəkət etmədən keçirilən uzun zamanların səbəb olduğunu irəli sürürlər.
Hər bir maneə kimi musiqi səsi də, oxuyub-anlama prosesində diqqəti toplamağa əngəl olacaq bir maneədir.
Musiqi bədən yorğunluğunun ruhi durğunluqla dincəlməsini təmin edən əhəmiyyətli bir vasitədir. Mühitə və insanın ruh halına uyğun dinlənilən musiqinin insan ruhuna rahatladıcı bir təsiri olduğu hər kəsə məlum bir gerçəkdir. Ancaq həyatımızda mühüm əyləncə və istirahət vasitəsi hesab edilən musiqi, insan həyatına müsbət təsir göstərəcək şəkildə istifadə olunmalıdır. Xüsusilə gənclər arasında musiqi dinləyərək dərs çalışmaq və ya mütaliə vaxtı musiqi dinləməyin diqqəti cəmləməyə kömək etdiyi kimi bir yanlış fikir geniş yayılmışdır. Halbuki, kənardan alınan hər bir maneə kimi musiqi səsi də, oxuyub-anlama prosesində diqqəti toplamağa əngəl olacaq bir maneədir.
İnkişaf etməkdə olan ölkələrin başlıca problemlərindən biri mütaliə mədəniyyətinin hələ də müəyyən bir yetkinlik səviyyəsinə çatmamasıdır. Belə cəmiyyətlərdə mütaliə alışqanlığı qazanılmasını əngəlləyən vacib bir faktor da oyun oynama və söhbət etmə mədəniyyətinin mütaliə mədəniyyətindən daha üstün olmasıdır. Alimlər bu ölkələrdə bu cür mənfi halların olmasının üç səbəbini izah edirlər: bunlardan ilki inkişaf etməkdə olan ölkələrdə dinləyərək öyrənmə və söhbət etmə meyillərinin oxu meyillərindən üstün olmasıdır. İkinci səbəb, cəmiyyətin mütaliə alışqanlığına malik bir toplum kimi formalaşmasında insan, pul və idarəçilik ünsürlərindən qaynaqlanan çatışmazlıqlardır.
Cəmiyyətin mütaliə alışqanlığı qazanmasında ən vacib quruluş olan kitabxanaların sayca az olması, fondlarının yetərli olmaması, ixtisasca kitabxanaçı kadrların azlığı və müasir xidmətlər təklif etmək üçün yetərli büdcə ayrılmaması bu problemin görünməyən tərəfləridir. Toplumun elektron vasitə və avadanlıqlara xərclədikləri pul və əməyin mütaliə marağının önünə keçməsi də digər bir səbəb olaraq dəyərləndirilir.
Məktəblilərin və cəmiyyətin mütaliə alışqanlığı qazanması üçün mütaliə istiqamətli layihələr məhz bu problemləri aradan qaldırmaq məqsədilə həyata keçirlir.
Mütaliəni əngəlləyən digər səbəblər
1.Təhsil sistemimiz, kitab oxumağı sevdirəcək və alışqanlıq halına gətirəcək gücə malik deyil. Dil və ədəbiyyat dərslərində oxumağa maraq yaradılmır. Azərbaycanda çox az kitab oxunur... Mütaliə alışqanlığı ziyalı təbəqə arasında belə geniş yayılmış deyil. Məktəbəqədər dövrdən başlayaraq doktorluq dərəcəsi alana qədər kitab oxumaq bir strateji mövzu olaraq əhəmiyyətli hesab olunmur. Hətta müəllimlər və təhsil işçiləri arasında belə mütaliə etmək alışqanlığı yoxdur.
2.İnsanlar məktəbdə uşaqlarını oxumağa təşviq edərkən bunu daha çox məqam-mövqe, karyera və imkan sahibi olmaq niyyəti ilə edirlər, oxumağın əsl dəyərini başa düşərək yox. Halbuki müəyyən bir səviyyəyə gələn və “həqiqətən böyük işlər görənlər” dərsdənkənar daha üstün kitabları oxuyaraq yetişirlər.
3.İctimaiyyətin mütaliədən kənar (futbol, musiqi, şou, TV, internet, kompüter oyunları, mobil cihazlar və s.) sahələrə istiqamətlənməsi. Xüsusilə media cəmiyyətin mütaliə alışqanlığı qazanması mövzusunda laqeyiddir. Mütaliə mədəniyyəti formalaşdırmaq məqsədi daşıyan televiziya proqramları çox azdır. Media mütaliə edən insanı cəmiyyətə model olaraq təqdim etmir.
4.Mütaliə alışqanlığı qazanılmasında ən təsirli faktor ailə mühitidir. Halbuki, uşaqlarına verəcəkləri kitab oxumaq sevgisi, zövq və alışqanlığına əvvəlcə onların özlərinin ehtiyacı vardır.
5.Mütaliə etməmək səbəblərini azaldacaq fəaliyyətlərin yetərsizliyi və oxumağa təşviq edici tədbirlərin yetərsizliyi.
7.Uşaq ədəbiyyatı istiqamətində cəmiyyətin ehtiyacını ödəmək məqsədilə vahid müəyyən bir sistemin olmaması.
8.Yeni nəşrlərin kitabxanalara vaxtında verilməməsi. Məsələn, bütün dünyada oxunma rekordları qıran elmi və bədii dəyərə malik kitabları bizim nə kütləvi nə də uşaq kitabxanalarında tapmaq mümkün olmur.
9.Təəssüflə qeyd etməliyik ki, məktəb kitabxanalarında çalışanlar əksərən kitabxanaçılıq ixtisaslı olmurlar.
10.Böyüklər üçün digər ehtiyacların mütaliənin önünə keçməsi. Məsələn, insanların daha çox gündəlik ehtiyac dalınca qaçması və başqa heç nə düşünməməsi. Bəzi insanlar kitab qiymətlərinin baha olduğunu düşünürlər.
Kitablar əslində baha deyil, insanlar daha çox iqtisadiyyata maraqlıdır. Burada məsələ yoxsulluq deyil, pul hərisliyinin gözləri bürüməsidir. Pulun ən vacib element vastəsi sayıldığı cəmiyyətlərdə “Kitab qarın doyurmur” fikri qalib gəlir. Qısası ən bahalı mobil telefonlar üçün pul var, amma kitab üçün yoxdur. Məgər kitab mobil telefondan çox bahadır?!
Səyyarə Məmmədova
Təhsil İnstitutunun baş mütəxəssisi