Modern.az yazıçı Tural Turanın bir cümləlik hekayələrini təqdim edir:
***
İlk qonorarımla atama alışqan, anama ətir, bacıma corab, yazıçı olmaq istəyən qardaşıma saat və qələm alıb qəbiristana - ailə məzarlığımıza getdim.
***
Anamın “kulaçino” xəstəliyinə görə 12 yaşımdan evdə çay və su içməyi tərgitdim.
***
Hər gecə yuxudan hövləng ayılır, tanrı ilə bir-iki qədəh şərab içir, sonra yenə yatırdım.
***
18 yaşlı sərhədçinin bütün ailə üzvləri müharibədə erməni millətçiləri tərəfindən öldürülmüşdü.
***
3 kvadratmetrlik bir kişi saç salonuna girdim və bütün divarlarında çılpaq qadın şəkilləri...
***
Son nəfəsimdir və möhtəşəmlik çökür...
***
O, arvadının ölümündən sonra özünü azadlıqdan məhrum etmişdi...
***
Övlad qatili Abdullətifov məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşına verilmiş 6 yaşlı oğlunu öldürdükdən sonra övladının çarpayının üstündəki şəklini götürüb otaqdan çıxdı.
***
Subay oğlunu müharibədə itirən axund azan səsinə rəqs etdikdən sonra cənazəni yumağa başladı.
***
Qurban bayramı günü kəsəcəyimiz toğlunu parçalayan canavar gözünü bizdən çəkmədən yeddi körpə balası ilə onun içalatını didişdirirdi...
***
Əslində çılpaq fahişə bədənləri hər gün onlarla bədbəxt kişinin oxumağa çalışdığı əski yazılı daş abidələrdir.
***
Ekspertin onun cibindən tapdığı kağız parçasında - ölüm insanın tanrı qarşısında sonuncu gedişidir - yazılmışdı.
Tural Turan