Modern.az

Bir eşq romanı kimi...

Bir eşq romanı kimi...

Ədəbi̇yyat

19 Dekabr 2023, 14:16

(Professor Qulu Məhərrəmlinin "Məmməd Əmin Rəsulzadə" əsəri haqqında düşüncələrim)

Böyük bir jurnalistlər nəslinin ustadı, professor Qulu Məhərrəmlini hamınız yaxşı tanıyırsınız. Tanımayanlar da varsa, bu yazını axıra qədər oxusun, tanısın.

O, təkcə sənətkar jurnalist, yorulmaz araşdırmaçı, nüfuzlu alim, sevimli müəllim deyil, həm də bir talantlı... rəssamdır. Həm bugünkü reallıqları, həm də sabahımıza dair xəyallarımızı çəkir. Sözlə!

Bu dəfə elə bir tablo yaradıb ki, həm dünənimizə işıq salır, həm bu günümüzü rəngləndirir, həm də sabahımızı aydınladır. Keçmişin bu günkü və hətta gələcəkdəki tarixini yazıb. Çünki böyük öndər Məmməd Əmin Rəsulzadə dünən deyil, həm də bu gündür. Hətta ən çox elə sabah deməkdir.

Bəli, professor Qulu Məhərrəmlinin "Məmməd Əmin Rəsulzadə" əsəri haqqında yazacam.

"Yazacam" deyirəm. Ancaq hər şeyi Qulu Məhərrəmli özü yazıb. Mən bu dəyərli kitabı təhlil etməyə başlasam, gərək ən azı iki kitablıq bir mətn yazam. Ona görə də mümkün qədər qısa kəsməyə çalışacam.

Azərbaycan Xalq Cümhuriyyəti və Məmməd Əmin Rəsulzadə haqqında mən Şirməmməd Hüseynov, Ramiz Abutalıbov, Cəmil Həsənli, Aydın Balayev, Nəsib Nəsibli, Xaləddin İbrahimli, Nəsiman Yaqublu, Mövsüm Əliyev, Teyyub Qurban, Asif Rüstəmli və sair kimi alimlərin, araşdırmaçıların əsərlərini, yazılarını çox oxumuşdum. Hər birisi bir-birindən zəngin və maraqlı, bir sözlə, faydalı informasiyalarla doludur. Ancaq professor Qulu Məhərrəmlinin "Məmməd Əmin Rəsulzadə" əsəri də nəinki, sadaladığım müəlliflərin yazdıqlarından geri qalır, hətta yeni faktlarla, qiymətli təfərrüatlarla fərqlənir. Bunlar haqqında geniş yazmayacam; əsəri oxuyanlar onsuz da özləri də görəcəklər. Eyni zamanda əsərin dili, üslubu çox maraqlıdır. Sanki bir bədii əsər, eşq romanı oxuyursanmış kimi hiss edirsən. Ancaq bədii əsər deyil, tarixi salnamədir. Sadəcə, kitab elə böyük millət aşiqi haqda elə böyük eşqlə yazılıb ki, oxucunu yormur; bənzərsiz sevgi hissinə hopdurulmuş qiymətli informasiyaları və təəssüratları ötürmüş olur.

Müqəddəs dava adamı, dövlət xadimi, mahir diplomat, istedadlı söz ustası, dərin mütəfəkkir olmuş Məmməd Əmin Rəsulzadənin uşaqlıq çağlarından ömrünün sonuna qədər keçdiyi həyat, yaradıcılıq və mübarizə yolunun bütün drammatizmi, qabarma-çəkilmələri, öndərin və millətinin taleyində silinməz iz buraxmış mühüm hadisələr, proseslər, öncül şəxsiyyətlər göz önündə canlanır; sanki bir kino lenti kimi keçib gedir.


Kitabı oxuyub bitirən oxucuda nəinki Məmməd Əmin Rəsulzadənin fərdi və siyasi şəxsiyyət profili haqqında heç bir sual qalmır, eyni zamanda Azərbaycanın istiqlal tarixinə dair aydın, dəqiq və dolğun bilgi və təsəvvür yaranmış olur.

Biz uzun müddət Məmməd Əmin Rəsulzadəni bəlkə, sadəcə, bir siyasi kimlik olaraq daha çox tanımışıq. Onun bütün başqa tərəfləri haqqında məlumatımız ya az olub, ya təhrif olunmuş olub, ya da heç olmayıb. Ancaq bu kitabda öndərin portreti tamdır.

...Mən Məmməd Əmin Rəsulzadənin adına ilk dəfə Səməd Vurğunun "26-lar" poemasında rast gəlmişdim. Onda mən Füzuli rayonunda indi daşı daş üstündə qalmamış olan Yuxarı Seyidəhmədli kənd orta məktəbində oxuyurdum. Sovet dövrüydü; Azərbaycan Xalq Cümhuriyyəti haqqında nəinki hardansa, nəsə tapıb oxuya bilərdin, heç o haqda kimsə də bir şey bilmirdi. Bilən də danışmağa qorxardı. Ya da hər adama danışmazdı.

Tarix dərsində mən müəllimimə - Köçəri Nağıyevə sual verdim. "Rəsulzadə kimdir, Səməd Vurğun onu niyə elə adlandırıb?" deyə sinifdə soruşdum.

Müəllim duruxdu, bir qədər susub diqqətlə üzümə baxdı, gülümsədi. Heç nə demədi. Dərs bitəndə tənəffüsdə məni çağırıb məktəbin həyətində nisbətən sakit bir yerə apardı və dərhal da belə bir cümlə qurdu: "Bala, Rəsulzadə millət xaini deyildi, millətin qəhrəmanı idi".

Sonra isə Məmməd Əmin Rəsulzadənin və Cümhuriyyətin haqqında tənəffüs bitənə qədər mənə çox maraqlı və müsbət şeylər danışdı. Əlavə etdi ki, o, ali məktəbdə oxuyanda ona dərs deyən professor Türkiyədən bir kitab gətiribmiş, onu "KQB"-nin (o zamankı Dövlət Təhlükəsizlik Komitəsinin) yoxlamasından tanışlar vasitəsilə yayındırıbmış və gizlicə oxumaq üçün sevimli tələbəsinə veribmiş.

Müəllimim həmin professorun adını deməmişdi. Ancaq o zamandan mənim Məmməd Əmin Rəsulzadəyə sevgim, o adını bilmədiyim professora rəğbətim yarandı. Müəllimimə isə hörmətim daha da artdı.

Bu dəfə isə Məmməd Əmin Rəsulzadəyə sevgim və onun haqqında özü kitab yazmış başqa bir professora rəğbətim daha da artdı. Eyni zamanda minnətdarlığım da.

Bir zaman daha bir professor - Xaləddin İbrahimli mənə Məmməd Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami" əsərini oxumağı tövsiyə etmişdi. Oxudum və özlüyümdə dedim: "Aman Allah, gör, biz kimi tanımamışıq!" İndi isə Qulu Məhərrəmlinin kitabını oxuyanda hər səhifədən yox, hər abzasdan, hətta bəzən hər cümlədən sonra öz-özümə dedim: "Məmməd Əmin kimi şəxsiyyəti sevməmək olmazmış!"

Bəli, onu sevməmək olmaz. Unutmaq yanlış, unutdurmaq isə günahdır. Əksinə, öndəri olduğu kimi - bütün tərəfləri ilə tanıtdırmaq böyük savabdır! Deməli, professor Qulu Məhərrəmli bu sözügedən əsəri yazmaqla, Altun Kitab nəşriyyatı da çap etməklə böyük savab qazanıblar. Bir də hələ bu möhtəşəm əsəri oxumağın ayrı savabı var...

Bahəddin Həzi

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək