“Xəstələr çox yorğundurlarsa, hərəkət edə bilmirlərsə, qızdırmaları düşmürsə, nəfəs darlığı başlayıbsa, təcili yardıma zəng etməlidirlər. Onların klinikaya yerləşmələri tövsiyə olunur”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, uzman terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, xəstələr ilk növbədə öz bədənlərində baş verən dəyişiklikləri hiss etməli və bilməlidirlər.
“Qızdırma, öskürək olduqda qorxmaq, panikaya düşmək lazım deyil. Qızdırma bütün virus mənşəli xəstəliklərdə müşahidə edilə biləcək simptomdur. Xəstələrə tövsiyə edirik ki, əgər qızdırma, hərarət salan dərmanlara cavab verirsə, yəni dərmanlar vasitəsilə qızdırma düşürsə, o zaman bu qızdırmadan qorxmasınlar. Həmçinin, nəfəsi 10 saniyənin üzərində saxlaya bilirlərsə, panikaya düşməsinlər. Yox əgər, evdə müalicə alan xəstələrdə qızdırma düşmürsə, nəfəs alarkən öskürək, qıcıqlanma olursa, dərhal təcili yardım çağırmaq lazımdır. Bəzən xəstələr klinikaya yatmaqda gecikirlər. Bu məsələ çox önəmlidir”, - deyə Zakir Quliyev bildirib.