Modern.az

Azərbaycan qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir

Azərbaycan qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir

Aktual

17 Yanvar 2022, 18:04

Azərbaycan sosial dövlət kimi özünü bir daha təsdiq etməkdədir. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası isə əhalinin güzəranı gündən-günə yaxşılaşır. Əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları həyata keçib.

 

Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına səbəb olur.

 

Dövlət başçısının 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanın yüksək iqtisadi göstəriciləri, valyuta ehtiyatlarımız, manatın sabitliyi, ölkəmizdə icra edilən sosial layihələr, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, qazilərimizin ən müasir protezlərlə təmin olunması, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər və digər mühüm məsələlər barədə danışdı, cəmiyyəti düşündürən bir sıra məsələlərə aydınlıq gətirdi.

 

Azərbaycanın yüksək iqtisadi inkişaf göstəricilərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, ölkəmizdə iqtisadi artım 5 faizdən çoxdur. Bu, həm özlüyündə, həm də xüsusilə müharibədən çıxmış ölkə üçün çöx gözəl göstəricidir. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz, ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdəndir və real iqtisadi və sənaye artımı məhz bu rəqəmlərdə özünü göstərir.

 

Cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda sosialyönlü bazar iqtisadiyyatının formalaşdırılması, müasir dünya iqtisadiyyatına inteqrasiya istiqamətində aparılan uğurlu iqtisadi siyasət çərçivəsində çevik vergi prinsipləri həyata keçirilir. Məhz bunun nəticəsidir ki, respublikamız dünyanın iqtisadi və maliyyə seqmentlərində nəzərə çarpan çətinliklərə, böhranlara baxmayaraq, artıq xeyli müddətdir ki, əsas iqtisadi və sosial göstəricilərə görə dünya ölkələri sırasında öncül yerlərdə qərarlaşmışdır. Məsələn, “Doing Business” hesabatında respublikamız biznes mühitinə görə dünya miqyasında 25-ci yerdədir. 

 

Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar.

Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Daim hər bir azərbaycanlının yanında olan, onların dərdləri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. 

 

Dünyada özünü sosial dövlət kimi təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar bir daha göstərdi ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır.

 

Dövlətimizin başçısı İlham Əliyevin istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə hər bir müsahibəsi, çıxışı Azərbaycanın işğal dövründə üzləşdiyi ikili standartlara əsaslanan siyasət nəticəsində yaşadıqlarına, eyni zamanda, tarixi Zəfərimizdən, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra yaranan yeni reallıqların regionda və dünyada qəbul olunmasına, Azərbaycanın diktə edən tərəf kimi mövqeyinin möhkəmlənməsinə işıq salır. “Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz öz konstitusion hüquqlarımız, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Atılan addımların nəticəsində bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər.

 

Cənab Prezidentin üç saata yaxın zaman ərzində yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahədə görülən işlərə, ATƏT-in Minsk qrupu, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə və digər məsələlərlə bağlı suallara cavabları göstərir ki, Azərbaycanda bundan sonra da cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçiriləcəkdir.

 

Adilə Bağırova

Naftalan şəhər sakini

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı