Son vaxtlar koronavirusa yoluxma halları sürətlə artır. Hazırda dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 360 milyon nəfərdən çoxdur.
Modern.az xəbər verir ki, son rəsmi məlumatlara əsasən, dünya ölkələri üzrə koronavirusa 360 milyon 46 min yoluxma faktı qeydə alınıb. Bundan əlavə, virusdan ölənlərin sayı 5 milyon 636 min, sağalanların sayı isə 285 milyon 44 min nəfəri ötüb.
ABŞ COVID-19-a yoluxanların və ölənlərin sayına görə dünyada liderdir. Bu ölkədə yoluxma sayı 73 milyon 449 min nəfəri keçib, 894 min 880 nəfər isə xəstəlikdən həyatını itirib.
Virusa yoluxanların sayına görə ikinci yerdə Hindistan gəlir. Burada 40 milyon 85 min nəfərdə virus aşkarlanıb, 491 min 154 nəfər vəfat edib.
Yoluxma sayına əsasən üçüncü pillədə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində bu günədək 24 milyon 334 min nəfər virusa yoluxub, onlardan 623 min 901 nəfəri dünyasını dəyişib.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da virusa yoluxma halları artmaqdadır. Son sutka ərzində koronavirusa yoluxma 3 mini ötüb.
Nazirlər Kabineti yayında Operativ Qərargahın dünənki məlumatına əsasən, ölkədə koronavirus (COVID-19) infeksiyasına 3192 yeni yoluxma faktı qeydə alınıb, 1259 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 640 148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 619 050 nəfər müalicə olunaraq sağalıb, 8650 nəfər vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı 12 448 nəfərdir.
Hazırda qonşu ölkələrdə də yoluxma sayında kəskin artım müşahidə olunur. Belə ki, Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 17 484 yoluxma halı aşkarlanıb, 27 nəfər həyatını itirib.
Rusiyanın paytaxtı Moskvada sutka ərzində 26 586 koronavirusa yoluxma halı aşkarlanıb ki, bu da ölkə ərazisində son zamanların ən yüksək rəqəmlərindən biridir. Rusiyada hətta uşaqlar arasında da yoluxma sayı kəskin çoxalıb. 2 həftə əvvəl Moskvada COVID-ə yoluxmuş uşaqların sayı 2 min idisə, indi bu rəqəm 28 mini ötüb. Yəni, 2 həftə ərzində uşaqlar arasında yoluxma sayı 14 dəfə artıb.
Fransada isə yeni antirekord müəyyən olunub. Bu ölkədə sutka ərzində 500 000 yoluxma olub, gün ərzində 30 min xəstə xəstəxanaya yerləşdirilib. Rumıniyada da antirekord qeydə alınıb. Sutka ərzidən 20 min yoluxma müəyyən edilib.
Ermənistana gəlincə, bu ölkədə koronavirusun sürətlə yayılması davam edir. Belə ki, Ermənistanda bu günə olan rəsmi statistikaya əsasən, 2556 yeni yoluxma halı təsdiqlənib, beləliklə, ölkə üzrə yoluxma hallarının ümumi sayı 358 218 nəfərə yüksəlib. Son 24 saatda COVID-19-dan daha iki ölüm halı qeydə alınıb ki, bununla da pandemiya qurbanlarının sayı 8035-ə yüksəlib. Son bir gündə sağalanların sayı isə 264 nəfərdir.