Almaniyanın keçmiş kansleri Olaf Şolts Qlobal Cənub ölkələri ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılacaq yeni “Şimal - Cənub” komissiyasına rəhbərlik edəcək.
Modern.az xəbər verir ki, bu barədə Almaniyanın "Der Tagesspiegel" nəşri xəbər yayıb.
Bildirilir ki, sözügedən komissiyanın yaradılması qərarı Xristian Demokrat İttifaqı (XDS/XSS) ilə Almaniya Sosial Demokrat Partiyası arasında imzalanmış koalisiya razılaşmasında əksini tapıb.
Yeni qurumun Almaniyanın Qlobal Cənub dövlətləri ilə ikitərəfli münasibətlərinin gücləndirilməsi və daha geniş beynəlxalq tərəfdaşlıq platformasının yaradılması istiqamətində fəaliyyət göstərəcəyi gözlənilir.
Nəşrin yazdığına əsasən, komissiyanın tərkibi və fəaliyyət çərçivəsi ilə bağlı detallara hələ tam aydınlıq gətirilməyib. Tərkibdə təxminən 20 nəfərin, o cümlədən Qlobal Cənub ölkələrinin nümayəndələrinin yer alacağı ehtimal edilir.
Komissiya sədrinin müavini postuna isə Nqozi Okonyo-İveala namizəd kimi nəzərdən keçirilir.
Məlumata görə, komissiya üzvlərinin rəsmi təqdimatı iyunun sonlarında Hamburqda keçiriləcək davamlı inkişaf konfransı çərçivəsində baş tutacaq.