Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.
“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - rəsmi məlumatda deyilir.
Ramil İmranov 2000-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyində çalışan peşəkar diplomat olub. Daha əvvəl o, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində müşavir vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
