Modern.az

Bakı Brüsseldən imtina etmir - ŞƏRH

Bakı Brüsseldən imtina etmir - ŞƏRH

Aktual

18 Fevral 2023, 13:08

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 17-də Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü münasibətlərdə problemin olmadığına işarədir.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun fikrincə, Bakı Ermənistanla sülh danışıqlarında Brüsselin vasitəçiliyini dəstəkləyir.

 

"Əlbəttə, Avropa İttifaqının Azərbaycanın Ermənistanla təmas xəttinə iki il müddətinə müşahidəçilər missiyası göndərməsi Bakıda suallar yaradıb. Ancaq bu Bakı ilə Brüssel arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmamalıdır. Müşahidəçi missiya təmas xəttində Azərbaycana problem yaratmaq imkanına və statusuna malik deyil. Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır, əsas ticarət tərəfdaşlarımız Avropadadır.

 

Şarl Mişelin vasitəçiliyi ilə ötən il Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında 4 görüş keçirilib. Beşinci görüşə Fransanın müdaxiləsi səbəb olub. Ancaq Azərbaycan Prezidenti Brüsselin vasitəçiliyindən imtina etməyib. Əksinə, İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini vurğulayıb. Təsadüfi deyil ki, İlham Əliyev Şarl Mişellə görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparıb. Sadəcə, Şarl Mişeldən tələb olunan Fransa Prezidenti Emmanuel Makronu danışıqlar prosesindən kənar tutmaqdır. Ermənistanın mövqeyini müdafiə edən Makron Brüsselin vasitəçiliyinə əngəldir", - deyə politoloq vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı