Universitetlər və şəhərlər arasında əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində “Akademiya və Tədqiqat üzrə Dəyirmi Masa”adlı panel sessiyada Toronto Universitetinin Şəhərlər Məktəbinin direktoru Karen Chapple bildirib.
O qeyd edib ki, dünyada bir çox innovativ şəhər həlləri mövcud olsa da, bu təcrübələr kifayət qədər tanınmır və geniş yayılmır:
“Bəzi böyük şəhərlərdə texnoloji və innovativ həllər tətbiq olunur. Lakin bu nümunələr məhduddur və çox az insan tərəfindən bilinir. Buna görə də innovatorların yetişdirilməsi vacibdir. Universitetlər və yerli hökumətlər kolleclər, inkubatorlar və xüsusi təqaüd proqramları yaratmaqla innovasiyaların inkişafına dəstək verə bilər”.
O vurğulayıb ki, akademik araşdırmalar çox vaxt cəmiyyətə gec çatır və praktik dəyişiklik yaratmaq potensialını itirir:
“Professorlar adətən tədqiqatdan başlayır, amma biliklərin cəmiyyətə çatdırılması sonrakı mərhələdə yada düşür. Qrant yazılması, sahə araşdırmaları və elmi məqalələrin hazırlanması illər çəkir. Nəticədə işin təsiri azalır”.
Onun sözlərinə görə, Toronto Universitetinin Şəhərlər Məktəbi fərqli yanaşma tətbiq edir və araşdırma mövzularını birbaşa cəmiyyətin maraqları əsasında formalaşdırır.
“Şimali Amerika və Avropada şəhər mərkəzlərinin pandemiyadan sonrakı bərpasını mobil telefon məlumatları vasitəsilə izlədik. Bu layihə böyük maraq doğurdu və media vasitəsilə geniş yayıldı. Bundan sonra insanlar hansı iqtisadiyyatların daha dayanıqlı olması və nəqliyyat sistemlərinin necə bərpa edilə biləcəyi kimi suallar verməyə başladılar”.
K.Chapple bildirib ki, tədqiqatların geniş auditoriyaya çatdırılması üçün xəritələr, məlumat vizuallaşdırmaları, videolar və siyasət sənədlərindən istifadə olunur:
“Bütün araşdırmaları müxtəlif formatlarda təqdim edirik və TikTok, LinkedIn, Instagram, Reddit kimi platformalar vasitəsilə yayırıq. Amma yalnız alətlər hazırlamaq kifayət deyil. İnsanlara bu sistemlərdən necə istifadə etməyi öyrətmək də vacibdir”.
Toronto nümayəndəsi onu da əlavə edib ki, universitetlər yalnız tələbələr üçün deyil, şəhərlər arasında təcrübə mübadiləsi üçün də platformaya çevrilməlidir.