


Dövlət Komitəsində əməkdaşlar üçün “Rəsmi yazışmalarda ədəbi dil normalarının tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda təlim keçirilib. Dövlət idarəçiliyində rəsmi yazışmaların keyfiyyətinin yüksəldilməsi, Azərbaycan ədəbi dilinin norma və qaydalarına əməl olunması, eləcə də dövlət qulluqçularının yazılı ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi və ədəbi dil normalarına dair məlumatlılığın artırılması məqsədilə təşkil olunan təlimdə komitənin struktur bölmələrinin kargüzarlıq və elektron sənəd dövriyyəsi ilə məşğul olan əməkdaşları iştirak ediblər.
Modern.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu siyasətində Azərbaycan dilinin statusuna və inkişafına xüsusi diqqət yetirdiyi, Prezident İlham Əliyevin bu siyasəti davam etdirərək, milli ədəbi dilin daha da zənginləşdirilməsi, qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafı ilə bağlı mühüm qərarlar verdiyi qeyd olunub. Sənədlərin məzmun etibarilə dəqiq, üslub baxımından səlis və ədəbi dil normalarına uyğun hazırlanmasının idarəetmənin səmərəliliyinə, vətəndaş müraciətlərinə peşəkar yanaşmanın formalaşmasına xidmət etdiyi vurğulanıb.
Təlimdə hər bir dövlət qulluqçusunun mükəmməl, sabit normalara malik Azərbaycan ədəbi dilinə bələdliyinin və rəsmi-işgüzar yazışmalarda ondan doğru-düzgün istifadə etməsinin zəruriliyi diqqətə çatdırılıb. İştirakçılara rəsmi sənədlərdə yol verilən dil və üslub xətaları, işgüzar üslubun xüsusiyyətləri, terminologiyadan istifadə qaydaları və normativ yazı prinsipləri barədə ətraflı məlumat verilib, komitənin struktur bölmələrində hazırlanmış müxtəlif mətnlərdə ədəbi dil normalarının tətbiqi məsələləri praktiki tərəfdən təhlil edilib.
“Vətən səsi” qəzetinin Baş redaktoru, əməkdar jurnalist Elşən Əliyev tərəfindən keçirilən təlim interaktiv formada təşkil olunub, mövzu ətrafında müzakirələr aparılıb, həmçinin əməkdaşların sualları cavablandırılıb.


