Modern.az

Mina təhlükəsi aradan qaldırılmadan tikintiyə başlanmır - açıqlama

Mina təhlükəsi aradan qaldırılmadan tikintiyə başlanmır - açıqlama

Aktual

Bu gün, 10:18

Tikinti prosesinin planlaşdırılması üçün təhlükəsizlik bir nömrəli məsələdir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar mina təmizlənməsinin həlledici rolu” adlı tədbirdə SCUPA-nın Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Ramil Cahangirov bildirib.

O qeyd edib ki, nəhz buna görə bütün sistem elə qurulub ki, ilk növbədə ərazilərin təhlükəsizliyi təmin olunsun və yalnız bundan sonra tikinti işlərinə başlanılsın.

“Şəhərsalma və minatəmizləmə sahəsində isə koordinasiya xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki atılan hər növbəti addım üçün ərazinin minalardan tam təmizləndiyinə əmin olmalıyıq.

Əvvəlcədən hansı ərazilərin daha çox çirkləndiyini, hansılarının isə nisbətən təhlükəsiz olduğunu müəyyənləşdirmək üçün daim məsləhətləşmələr aparılır.

Bu gün artıq 270 mindən çox hektarın təmizləndiyini görürük. İstərdim auditoriya təsəvvür etsin ki, ANAMA mütəxəssisləri üçün hər kvadratmetri yoxlamaq nə qədər çətin və riskli prosesdir. Təhlükə hər yerdə ola bilər”, - deyə o söyləyib.

Onun sözlərinə görə, koordinasiya yalnız bizimlə və ANAMA ilə məhdudlaşmır. 

“Kommunal xidmət təminatçıları da prosesə cəlb olunur. Bu isə işi daha mürəkkəb etsə də, eyni zamanda daha sistemli və təşkilatlanmış edir. Digər vacib məqam ondan ibarətdir ki, təmizləmə prosesi tikintidən dərhal əvvəl deyil, ondan xeyli əvvəl başa çatmalıdır.

Çünki layihələndirmə və planlaşdırma işləri üçün memarlar, mühəndislər və layihəçilər əraziyə daxil olmalıdırlar. Onlar geodeziya və geoloji tədqiqatlar aparmalıdırlar”.

R.Cahangirov onu da əlavə edib ki, bu isə o deməkdir ki, tikinti başlamazdan əvvəl artıq ərazi təhlükəsiz vəziyyətə gətirilməlidir.

“Yəni əgər tikinti bu il başlayacaqsa, təmizləmə prosesi daha əvvəl tamamlanmış olmalıdır. Biz bütün ardıcıllığı elə qururuq ki, tikintidən əvvəl hər şey hazır olsun. Hətta yalnız tikintidən əvvəl deyil, layihələndirmədən də əvvəl. Digər tərəfdən, təmizləmə yalnız yaşayış məntəqələrinin sərhədləri ilə məhdudlaşmamalıdır.

İnsanlar normal həyat şəraitində məhdudiyyət hiss etmədən yaşamalıdırlar. Şəhərdən kənara çıxmaq, ətraf ərazilərə getmək onlar üçün təhlükə yaratmamalıdır”.

O həmçinin vurğulayıb ki, yaşayış məntəqələrinin ətrafında bufer zonalarının təmizlənməsinə də xüsusi diqqət yetirilir.

“Bufer zonaları yaşayış məntəqələrinin sərhədlərindən kənarda yerləşir və məqsəd insanların həmin ərazilərdə mümkün qədər təhlükəsiz hərəkət edə bilməsini təmin etməkdir. Əlbəttə, xəbərdarlıq nişanları mövcuddur. Lakin biz çalışırıq ki, qayıdan insanlar özlərini məhdudlaşdırılmış hiss etməsinlər”, - deyə o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı