Rusiyanın məşhur fiqurlu konkisürənlərindən olan Yevgeni Plüşenkonun oğlu Aleksandr Plüşenko – “Qnom Qnomıç” ləqəbli idmançı bundan sonra fiqurlu konkisürmə yarışlarında Azərbaycanı təmsil edəcək.
Modern.az xəbər verir ki, bu barədə "RIA Novosti" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Fiqurlu Konkisürmə Federasiyasının İcraiyyə Komitəsinin iclasında 13 yaşlı Aleksandr Plüşenkoya ölkə dəyişmək üçün rəsmi icazə verilib.
Qeyd olunub ki, Beynəlxalq Konkisürmə İttifaqından xüsusi sənəd aldıqdan sonra o, beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edə biləcək. Lakin idmançının ölkəmiz adına yarışlara gələn mövsümdən etibarən qatılması mümkün olacaq.
Qeyd edək ki, Aleksandr Plüşenko məşhur prodüser Yana Rudkovskaya və olimpiya çempionu Yevgeni Plüşenkonun oğludur. Yevgeni Plüşenko ilk dəfə 2006-cı ildə İtaliyanın Turin şəhərində keçirilən Qış Olimpiya Oyunlarında fərdi yarışda qızıl medal qazanaraq olimpiya çempionu olub. 2014-cü ildə Rusiyanın Soçi şəhərində keçirilən Qış Olimpiya Oyunlarında komanda yarışında qalib gələrək ikinci dəfə olimpiya çempionu olub