Modern.az

Düzgün qidalanma qaydalarını bilirikmi?

Düzgün qidalanma qaydalarını bilirikmi?

کشور

11 İyul 2010, 16:48

İnsanların bütün həyatı və  sağlamlığı qəbul edilən qidalardan asılıdır. Düzgün qidalanmamaq müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Yay mövsümü ərzaq məhsullarından istifadə zamanı daha diqqətli olmağı tələb edir. Yaddan çıxarmaq olmaz ki, ölkəmizin qida bazarında satılan məhsulların keyfiyyətliliyinə tam əminlik yoxdur. Keyfiyyətsiz, istifadə müddəti ötmüş qidaların qəbulu bu mövsümdə daha ağır fəsadlar verə bilir. Saxta, istifadəyə yararsız məhsul istehsalı və satışına qarşı rəsmi səviyyədə aparılan mübarizə hələki nəticəsiz qalır.

 

Faktlar son vaxtlar ölkədə qidadan zəhərlənmə hallarının artdığını göstərir. Amma mütəxəssislər qeydə alınmış zəhərlənmə hallarına görə insanların özlərinin də günahkar olduğunu deyirlər.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) qida şöbəsinin müdiri İmran Abdullayevin sözlərinə görə, insanların düzgün qidalanma ilə bağlı bilgiləndirilməsinə

çox böyük ehtiyac var. Çünki, çox adam nəyi necə və nə vaxt yeməyi bilmir. Xüsusilə yay fəslində sağlam qidalanmaya əməl eləmək vacib şərtdir. RGEM rəsmisi deyir ki, yay fəslində evdə hazırlanan xörəyin qalığı soyuducuda saxlanılmalıdır. Yemək yalnız soyuduqdan sonra soyuducuya qoyulmalıdır. Bişmiş ət və süd  xörəkləri soyuducuda bir sutkadan artıq saxlanılmamalıdır. Soyuducudan çıxarılan yeməyi yalnız qaynama dərəcəsinə çatdıraraq qızdırdıqdan sonra yemək olar.

Müşahidələr göstərir ki, bu gün qidaya çox az diqqət yetirildiyindən bir çox xəstəliklər artıb. Halbuki xəstələnməmək üçün düzgün qidalanmaq vacib şərtdir. Təsadüfi deyil ki, mütəxəssislər bəzi xəstəlikləri sağlam qidalanma ilə müalicə etməyin mümkün olduğunu deyirlər. Həkim İlham Hüseynovun sözlərinə görə, Azərbaycanda əksər insanların sağlam qidalanma haqda anlayışları yoxdur: «İnsan tamahına üstün gəlməlidir. Bir də görürsən ki, kimsə zəhərlənməsini qarpız, yemiş və başqa meyvə-tərəvəz yeməsilə əlaqələndirir. Halbuki meyvə-tərəvəzin yeyilmə qaydası var. Əlbəttə qarpızı müxtəlif salatlar, küftə-bozbaş, piti, ya da çığırtma ilə yeyib, üstündən də soyuq su içən adamın mədəsi bu qarışığı güclə həzm edir. Bəzən belə hallarda gücə düşən mədə yemək qarışığını tam həzm edə bilmədiyindən zəhərlənmələr, mədə-bağırsaq pozğunluğu halları baş verir. Qarpızı və ya yemişi yalnız pendir-çörəklə, həm də digər qidalardan bir neçə saat əvvəl, ya da sonra yemək məsləhətdir. Eləcə də meyvədən xörəyi yeyəndən dərhal sonra istifadə etmək olmaz». Həkim yeməkdən dərhal sonra su içməyin də daxili orqanlara olduqca mənfi təsir göstərdiyini deyir. Su ya yeməkdən 20 dəqiqə əvvəl, ya da yarım saat sonra içilsə daha yaxşı olar.

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hələ bir müddət öncə insanların sağlamlığını təmin etmək üçün Sağlam Qidalanma Konsepsiyasının qəbulunun vacibliyni bildirmişdi. Onun fikrincə, belə konsepsiyanın olması ölkədə xəstəliklərin, ölüm hallarının azalmasına şərait yaradar. «Elə problemlər var ki, onlar ancaq milli qida konsepsiysı daxilində həll olunmalıdır. Sağlam Qidalanma Konsepsiyası əsasında müxtəlif təklif və tövsiyyələr hazırlana bilər»-deyə T.Əmiraslanov bildirib.

Mütəxəssislərin fikrincə, düzgün qidalanma qaydalarına əməl edilsə, zəhərlənmə faktları da az olar.

Adəm Qorxmaz

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı