Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirib ki, test imtahanlarının düzgün cavabları qurumun internet saytında yerləşdirlib.
IV qrup üzrə 15348 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 14173 nəfəri Azərbaycan bölməsinin, 1175 nəfəri isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 7118 nəfərini oğlanlar, 8230 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 86 abituriyent xarici ölkələrin vətəndaşıdır. 59 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 458 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur
. Ən yaşlı abituriyent 1950 -ci ildən, ən gənc isə 1995-ci ildəndir. Bakı şəhərində 14199, Naxçıvan şəhərində 1149 abituriyent imtahan verəcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə bilərlər. IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 21-dən 29-dək qabiliyyət imtahanı verməlidirlər.
Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Bütün qruplar üzrə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacaq.
Təhminə Paşayeva