Modern.az

Birinin iştahası və başqalarının ümidi

Birinin iştahası və  başqalarının ümidi

Ülke

16 Avqust 2010, 15:38

 “Demokratik İslahatçı Gənclər” İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatıarı Milli Şurasının sədr müavini


Bu il ölkəmizdə - xüsusilə, Bakıda  havalar hər yay olduğundan daha da isti keçir. Doğrudur, burda təəccüblü heç nə yoxdur, ən azı ona görə ki, həyatı dərk edəndən yaşadığımız məmləkəti –odlar yurdu, günəşli Azərbaycan kimi tanımışıq və sevmişik.

Ancaq yayın bu bürkülü keçən günlərində  alışmadığım bir  halla - ictimai-siyasi mühitdə, xüsusilə mətbuatda və sosial şəbəkələrdə son günlərin canlanmasını görəndə sevindim. Çünki bildiyiniz kimi adətən yay aylarında əhalinin çox hissəsi istirahətdə olduğundan hər zaman belə bir canlanma müşahidə olunmur.  Bu dəfə  istər  KİV-də,  istərsədə sosial şəbəkələrdə    hiss olunan canlanmanın Yeniyetmələrin Yay Olimpiya Oyunları və ya bu il parlamentə keçiriləcək seçkilərlə bağlı olduğunu güman etdim. Lakin təəssüflər ki, sevincimin ömrü elə də uzun olmadı... Sən demə,  son günlər medianı, sosial şəbəkələri “təlatümə” gətirən “hadisə”nin – heç də  nə bu ilin payızında keçiriləcək seçkilərlə, nə də bir neçə gündür başlayan Yeniyetmələrin Yay Olimpiya Oyunları ilə heç bir əlaqəsi yox imiş.

Gündəmin mövzusu isə  nə az-nə çox.... yenə də eyni ampluada – Eynulla Fətullayevlə bağlı imiş.

Öncə qeyd edim ki, son vaxtlar müəyyən qisim mediada gedən yazıların demək olar ki, əksəriyyətinin eyni mövzuları əhatə etməsi,   bir çox oxucular kimi məni də informasiya qidasını yerli yox, xarici mətbuatdan almağa sövq edir. Ancaq diqqətimi cəlb edən yazı, sadəcə, Azərbaycan gənci olaraq, məni münasibət bildirməyə vadar etdi.

Əvvəl bəyan edim ki,  media vasitələri tərəfindən günün “favoritinə” çevrilmiş  bir sıra şəxslər kimi – “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru ilə şəxsi tanışlığım olmasa da, mətbuat vasitəsi ilə onun Azərbaycan tarixinin qanlı səhifəsi sayılan Xocalı hadisələri ilə bağlı fikirləri ilə tanışam.  Məhz həmin fikirlərlə tanışlıq mənə bu şəxsin millət və Vətən sevgisi barədə düşüncələrin hansı formada olmasını canladırmış olur. 

Mən bu yazını tam şəkildə bu gün məhbəsdə olan  qəzetinin baş redaktoruna həsr etmək fikrindən də uzağam. Ancaq bəzi fikirlərimi bürkülü havalarda enerjilərini xərcləyək, canlanma yaradan insanlarla və təbii ki, baş yazarla  bölüşmək istəyirəm.

Hamımıza bəllidir ki, Azərbaycanın böyük və zəngin tarixi ilə yanaşı, milli mənəvi dəyərlərimiz mövcuddur. Bu dəyərlər bizə - həmişə bir-birimizə hörmətlə yanaşmağı aşılamışdır.

 Lakin “Gündəlik Azərbaycan” qəzetinin baş redaktorunun Azərbaycan prezidenti barəsində  - “Sizə prezident deməyə dilim gəlmir” ifadəsini işlətməklə  bu dəyərlərdən nə qədər uzaq olduğunu bir daha sərgilənmiş oldu.  Çünki hər bir ölkə üçün onun toxunulmaz dəyərləri mövcuddur və bu dəyərlər içində yer alan   dövlət atributlarından  biri də  ölkə prezidentidir.  Kimliyindən asılı olmayaraq, dövlətin atributu sayılan birinci şəxsi barədə bu cür fikirlər səsləndirməsinə haqqı çatmır.  Hələ söhbət Eynulla Fətullayevdən gedirsə.....

Fətullayev  ölkə başçısına ünvanlandığı məktubunda İlham Əliyevin 2003-cü ildə inauqurasiya mərasimində səsləndirdiyi “siyasi əqidəsindən asılı olmayaraq bütün azərbaycanlıların prezidenti olacağam” fikrini sitat gətirərək, “İlham Əliyev Azərbaycanın prezidenti oldu, fəqət o, Azərbaycan xalqının prezidenti ola bilmədi” ifadəsini işlədibdir.

Lakin xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikri heç də o demək deyil ki, evində arvadını bıçaqlayan, atasının başını kəsən, anasını pula görə öldürən, millətini, dövlətini maddi maraqlara qurban verən, öz xalqına iftira atan, nifrət edən,  xarici qüvvələrin sifarişi ilə dövlətçiliyini zərbə altında qoyan, beynəlxalq təşkilatların sifarişli fiquru rolunda çıxış edən hər bir insana həbsxana qapısını açaraq, cəzasından yayınmağa şərait yaratmalıdır. Qanunun aliliyi qarşısında hamı bərabər hüquqludur və kimliyindən asılı olmayaq, hər birimiz  törətdiyimiz əmələ görə məsuliyyət daşımalıyıq.  Çünki, Azərbaycan bu gün anarxiya yox-müstəqil, hüquqi bir dövlətdir.  Və bu gün ölkənin başında  Nestor Maxno, Petr Kropotkin,  Mixail Bakunin, Pier Jozef Prudonlar deyil. Dünya görüşlü, gənc və nüfuzlu bir siyasətçi olan – İlham Əliyev dayanır.

Məhz millətinə, dövlətinə qarşı çıxanların cəzasız qalmaması ucun görülən tədbirlər, Qarabağ danışıqlarında tutduğu prinsipial mövqe, İlham Əliyevin hər  bir azərbaycanlının prezidenti olduğunu təsdiqləyir. Çünki, özlərini demokrat, vətənpərvər, millətsevər adlandıranların "azad jurnalist" adi altında etdikləri məhz hər bir azərbaycanlının maraqlarına qarşı yönəlmiş bir fəaliyyətdi. Dövlət başçısının xaricdən və daxildən bütün təzyiqlərə rəğmən bu məsələlərdə prinsipiallıq nümayiş etdirməsi onun məhz Azərbaycan xalqının prezidenti olmasının en böyük sübutudur. Şübhəsiz ki, dövlət başçısının bu siyasəti xalqın istəyini ifadə edir. Əsirlərin acı təcrübəsi xalqımıza ona qarşı çıxanları heç nə olmammış kimi bağışlamaq kimi vərdişini unutdurub. Biz elə bağışlaya-bağışlaya faciələrlə üzləşmişik. Birdəki, günah sahibləri gərək heç zaman  Иоанн Златоустun  "Başqalarını günahkar göstərmədən öncə, özününküləri xatırla” kəlamını yaddan çıxarmasınlar.

Bu gün Azərbaycanın regionun lider dövləti olması, ölkə iqtisadiyyatının inkişafı, regionlarda turizmin potensialının artırılması, bölgələrimizin beynəlxalq musiqi festivallarına ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq arenalarda Azərbaycan bayrağını şərəflə dalğalandırması, qeyri-neft sektorunun inkişafı, ölkədə gedən abadlıq işləri məhz İlham Əliyevin qələbəsi sayılır. Məhz bu faktlar Azərbaycanın dövlət başçısının ölkə əhalisinin 90 % dəstəyini almasını şərtləndirir.

Eynullanın prezident İlham Əliyevə ünvanlandığı məktubda  guya ölkə başçısı “Mətbuat günü”ndə çıxışı zamanı  “Jurnalist Dağlıq Qarabağda müsahibə götürə bilməz! ” ifadəsi səsləndirməsi fikri də yer almışdır. .Və müəllif dövlət başçısına bu haqda hansı qanunda yazıldığını sual edib?  Ancaq oxucularımızın fikirlərinin  qarışmaması üçün, cənab prezidentin çıxışından sitatı sizlərə təqdim edirəm:

“Separatistlərə bəraət qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlandırmaq - bu bağışlanmazdır. Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır”. (V.H.  22 iyul 2010. www.president.az)

Göründüyü kimi İlham Əliyev burda Qarabağda jurnalistin fəaliyyətindən yox, işğal altında olan ərazilərimizdə yerləşmiş, şəhid qanlarında əli olan separatçıların “reklamından” söz açmışdır. Hansı ki, bunu sual etmək yox, milli qüruru , kimliyi olan hər kəs düşüncə ilə qarşılamalı idi.  Hətta bu istiqamətdə yolunu azanlara qarşı da cəsarətlə qarşı çıxmalı idi. Ən azı bunu bizdən canını Vətənə fəda etmiş şəhidlərimizin rahatlıq tapmamış ruhları və Milli Qəhrəmanımız Mübariz İbrahimovun cəsədinin və ərazilərimizin hələ də düşməndə qalması tələb edir. Əgər  erməni separatçılarına məftunluq nümayiş etdirmək, onları mətbuatda “xalq qəhrəmanları” kimi təqdim etməyi siz qələm əhlinin və özünüzün haqqı sayırsınızsa,  mən inanmıram ki, ayağını bu torpağın üzərinə basan və damarında bu millətin qanı axan hansısa  qələm əhli bunu öz haqqı saysın. İndi mən sizdən soruşuram. Əli bu millətin qanına bulaşmış, minlərlə ailəni başsız qoymuş erməni separatçılarını “reklam” etmək hüququnu  sizə və yaxud sizin kimi düşünən insanlara kim verib? Siz bunu azadlıq adlandıra bilərsiniz, demokratiya da deyə bilərsiniz, mənim fikrimcə isə  əsl köləlik məhz budur. Əgər ermənilər sənin milli kimliyinin üzərindən xətt çəkərək, şəhidinin cəsədinin  əlləri bağlı şəkillərini saytlarda gəzdirərək, özlərini bu millətin qüruru ilə oynaya-oynaya bizim mətbuatda “reklam” etdirirlərsə, buna kölə demək daha düzgün olardı.

Məktubunuzda dünyanın tarixi şəxsiyyətlərindən sitat gətirərkən nümunə göstərdiyiniz iki türk dünyasının qüdrətli sərkərdələri – Teymurləng və Çingizxanın xalq tərəfindən bağışlanıb, bağışlanmamağını bildirməyinizi sizin subyektiv fikriniz kimi qəbul edirəm. Lakin xatırlatmaq istəyirəm ki, hər iki sərkərdənin nəyi doğru, nəyi yanlış etdiklərinin mühakimə etmək haqqını tarix nə sizə, nə mənə, nə də başqalarına verməyib. Çünki tarix yazmış hər bir sərkərdəni mühakimə etmək üçün onlar qədər tarix yazmağı bacarmalıyıq.  Fəqət bir fikri bildirmək istərdim ki, hər iki sərkərdə zamanında nə ediblərsə, dövlətçilik naminə ediblər. Bu gün də Azərbaycanda hansı addım atılırsa, dövlətçilik naminə, onun güclənməsi üçün reallaşır. Siz məndən inciməyin. Mən yalnız sizin ünvanlandığınız suallara bu dövlətin  gənci kimi cavab verirəm və təbii ki, mənim azadlıqda, sizin isə məhbəsdə olmağınızı nəzərə alıram. Əgər siz azadlıqda olsaydınız mən sizin bu suallarınıza başqa arqumentlər də gətirərdim. Ən azı R.Allahverdiyevlə bağlı sərgüzəştlərinizdən danışmaq olardı.... (V.H. Bakı şəhərinin sabiq meri) Sadəcə, məhbus həyatı yaşayan birini fakt qarşısında qoymaq , mənim daxili mənəviyyatımla səsləşmir.   

O ki qaldı,  2003-cü il seçkilərində kimin qələbə çalmasına. Xatırlatmaq istəyirəm ki, prezident İlham Əliyevin xalqın səsinin əksəriyyətini alması faktı nəinki yerli müşahidəçilər, hətta xarici təşkilatlar tərəfindən belə təsdiqləndi. Təbii ki, şəffaf qələbənin həzmi bir az ağır olur. Hər zaman qələbə qazana bilməyən müxalifət liderləri arzuladıqlarını səsləndirməklə, artıq olmayan nüfuzlarını daha da salmış olurlar. Buna nümunə kimi, ölkəmizə səfər etmiş Birləşmiş Ştatlar rəsmisinin münasibətini göstərmək yetər. Hətta xanım Klinton da hər zaman xalqın yox, Qərbin və digər qüvvələrin dəstəyinə sığınan müxalifət liderləri ilə görüşmək təşəbbüsündə olmadı. Bu isə həmin liderlərin nəinki Azərbaycanda, hətta  hər zaman özlərinə arxa gördükləri ABŞ rəsmiləri yanında belə olan resurslarının tükənməsindən xəbər verir. Digər tərəfdən, ABŞ XİN başçısının bu münasibəti müxalifət liderlərinin artıq Azərbaycanın keçmişi olmalarını bir daha göstərmiş oldu. Baxmayaraq ki, ABŞ rəsmisinin səfərindən sonra, müxalifət ənənəsinə sadiq qalaraq,  dünyanın hegemon dövlətinin demokratik dəyərləri Azərbaycan iqtidarına  satmaqda günahlandırdılar.

Ancaq bir nüansı bilməlidirlər ki, demokratiya öncə insanın özündən başlayır, sonra ailəsində, daha sonra isə ətrafında inkişaf edir.  

Ötən əsrin tanınmış demokratlarından olan Vatslav Havel deyirdi: “Demokratiya sözün tam mənasında həmişə idealdan başqa bir şey olmayacaqdır. Kimsə ona lap yaxınlaşa bilər. Kimin üçünsə o həmişə üfüqdə işıldayacaqdır, lakin ona tamamilə çatmaq heç vaxt mümkün olmayacaqdır”. Bu sözün həqiqi mənasında belədir. Çünki mütləq demokratiya yoxdur.  Sadəcə bir sıra xalqlar öz mentalitetləri çərçivəsində demokratik üsulu –idarə yaradırlar. Bu gün bizim dövlətin inkişaf etdirdiyi demokratik prinsiplər daha əxlaqlı, çağdaş və humanistdir. 

Bu gün bir çoxlarının sitat gətirdikləri avropalıların reklam etdikləri demokratiya isə,  İngiltərənin baş naziri U. Çörçilin  dediyi kimi: “ Demokratiya idarəetmənin ən pis növüdür, amma təəssüflər olsun ki, bəşəriyyət bundan yaxşısını fikirləşməyib”. Yəni demokratiya müəyyən hüdudlarda qurtaran  ideologiya deyil. Sadəcə, hər bir millət öz istədiklərini bu vasitə ilə ifadə edir. Necə ki, avropalılar  bunu özlərinə neçə sərf edirsə dünyaya da elə təqdim etməyə çalışırlar.

Qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olan Fətullayevə bir təklif  də vermək istərdim. Əgər Azərbaycan dövləti, milləti və məhkəmələri, bu millətin seçdiyi prezidenti, qəbul etdiyi qərarları  onun üçün “Strasburq məhkəməsi” qədər heç nəyi ehtiva etmirsə, o zaman yaxşı olar ki, baş yazar namizədliyini Azərbaycan Respublikası Milli Məclisinə yox, Avropa Parlamentinə versin. Baş yazarın imkanlarını və “unikal” qabiliyyətə malik olmasını  nəzərə alsaq   o zaman bəlkə də Fətullayevin Avropa Parlamentinə yox, “xırdaçılıqla” məşğul olmadan birbaşa  irəli gedərək namizədliyini BMT Baş katibi Pan Gi Mununun yerinə  sürməsi daha məqsədə uyğun olar. Ən azı BMT və digər beynəlxalq qurumlar bu günə kimi Dağlıq Qarabağ münaqişəsinə töhfə  verməsələr də, işğal altında olan ərailərin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olduğunu təsdiqləyirlər. Heç şübhə yoxdur ki, əgər Fətullayev qeyd etdiyim qurumlardan birində təmsil olunarsa, o zaman “Dağlıq Qarabağın Ermənistanın ərazisi olması kimi”  faktların meydana gəlməsində və ərazilərin erməni ərazisi kimi tanınmasında müstəsna rol oynaya bilər. Necə ki, biz bunu yazıçı Anarla Zori Balayanın müqayisəsində və Xocalı faciəsi ilə bağlı fikirlərində görmüşük. Bəlkə burada təmsil olunmaq baş yazarın nifrətini  bir qədər azalda bilər... 

Birdə onu demək istərdim ki,  bu gün siz “aciz məmləkətin aciz prezidenti” adlandırdığınız Azərbaycanın dövləti  və onun prezidenti İlham  Əliyevi xalqının 90 % dəstəkləyir və arxasında dayanan böyük bir gənclər ordusu var. O liderin ki, dayağı millətidir, onun gücü və getdiyi yol bəllidir. Ancaq təəssüflə qeyd etməliyəm ki, sizi isə əksinə  bir xalqınızdan başqa əcnəbilərin hamısı dəstəkləyir. Bu yerdə bir  atalar sözü yadıma düşür: “Qonşuya ümid olan sonda çıraqsız qalar”. Bu məmləkətin suyunu içib onu aciz deyə təhqir etmək ən böyük nankorluqdur. Bax bunu, millət kimsəyə bağışlamaz.

Aciz adlandırdığınız bu məmləkəti tarix boyu xəritələrdən  dəfələrlə silmək istəsələr də, biz hələ varıq və ayaq üstə dayanmağı bacarırıq, olacağıq da   Aciz məmləkətin tarixində  bir əsrdə iki dəfə müstəqillik  bayrağı dalğalanmazdı. Aciz məmləkətin “20 yanvar” şəhidləri,  Qarabağ uğrunda qurban getmiş Mübariz və onun kimi digər Vətən uğrunda fəda gedən övladları olmazdı. Sizin dediyiniz aciz məmləkət, bu dünyaya Şah İsmayıl Xətai, Nadir şah, Qacar və   nəhayət, türk dünyasının fəxri, dünya siyasətçiləri arasında yeri olan Heydər Əliyev kimi dahi verməzdi. Bunu dərk edərək, qəbul etməməyiniz isə nəticə etibarı ilə bu məmləkətin və prezidentinin yox, sizin acizliyinizi sərğiləmiş olur.

Bürkülü yay günlərində enerji xərcləyənlərə isə bir onu demək istəyirəm ki, əgər Qarabağ işğal olunan zaman belə enerji sərf etsəydik, bu cür canlanma yaratsaydıq inanın ki, indi əksəriyyətiniz Şuşada “Cıdır düzündə”, Kəlbəcərdə “İsti Su”da dincəlirdiniz. Ancaq o günlərin tezliklə reallaşacağı gün lap yaxındadır. Yenə də gec deyil, biz bu enerjimizi dövlətimizin inkişafına və güclənməsinə sərf edə bilərik. İnanıram ki, bu qızmar yay günlərinin ardınca  ilıq, təravətli avqust istirahətinizin və enerjinizin  ləzzətini çıxartmağa və eyni zamanda havanın da yaxşı mənada dəyişməsinə şərait yaradacaqdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı