Modern.az

700 bal toplayan abituriyentlərin altıncısı

700 bal toplayan abituriyentlərin altıncısı

Ölkə

17 Avqust 2010, 10:54

Bu il ali məktəblərə qəbul imtahanlarında 7 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Qeyd edək ki, IV ixtisas qrupu üzrə 3 nəfər, I ixtisas qrupu üzrə 2 nəfər, II ixtisas qrupu üzrə 2 nəfər 700 bal toplayıb. Yalnız III ixtisas qrupundan heç kim 700 bal toplaya bilməyib.

Modern.az  onlardan beşini oxuculara tanıtmışdı. Bu gün növbəti 700 bal toplayan abituriyenti təqdim edirik.

700 bal toplayaraq tələbə adını qazanan Günel Eldar qızı Abdullayeva 1992-ci il iyunun 19-da Şəkinin Kiçik Dəhnə kəndində anadan olub. Orta təhsilini  yaşadığı Kiçik Dəhnə kəndindəki 2 saylı məktəbdə alan Günel qəbul imtahanına Şəki şəhərindəki “Araz” kursunda hazırlaşıb.

I ixtisas qrupu üzrə imtahan verərək bütün sualları düzgün cavablandıran həmsöhbətimiz bizimlə söhbətdə bildirdi ki, imtahana hazırlaşarkən orta məktəb dərsliklərindən və “Araz” hazırlıq kursunun vəsaitlərindən istifadə edib. Sınaq imtahanlarında iştirak edən Günel həmin imtahanların birində də 700 bal toplayıb. Sınaqda göstərdiyi ən son nəticə isə 690 bal olub.
 
“Qəbul imtahanında 700 bal toplayacağına inanırdınmı” sualına Günel belə cavab verdi: “Sınaqda yüksək nəticələr göstərməyimə, hətta bir dəfə 700 bal toplamağıma baxmayaraq,  ali məktəbə qəbul imtahanında yüksək nəticəyə nail olacağıma bir qədər şübhə edirdim”.

Günelin ən çox ehtiyat etdiyi fənn Azərbaycan dili olub. O, göstərdiyi uğurlu nəticəyə görə valideynlərinə və müəllimlərinə boclu olduğunu deyir.
 
Günel riyaziyyatı çox sevdiyini və boş vaxtlarında məhz onunla məşğul olduğunu xüsusilə qeyd edir. O gələcək abituriyentlərə yüksək nəticələr əldə etmələri üçün bunları məsləhət gördü: “Yalnız məqsədli və planlı şəkildə çalışsınlar. Əminəm ki, istənilən abituriyent bu şəkildə çalışsa, uğurlu nəticəyə nail ola bilər”.

Artıq tələb olan Günel Abdullayeva Qafqaz Universitenin kimya mühəndisliyi fakültəsinə daxil olub. Qazandığı bu uğurlu nəticə münasibətilə biz də öz növbəmizdə onu təbrik edir və gələcək təhsilində uğurlar arzulayırıq.

Sənubər Qurbanova         

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı