Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyasi haqqında fərman imzalayıb.
Dövlət başçısının ölkədə məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi ilə verdiyi fərmana görə, Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilib.
Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv edilib.
Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, Cəlilabad Hərbi Məhkəməsinin təşkil edilməsi, habelə hərbi məhkəmələrin ərazi yurisdiksiyasının və səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar fəaliyyətlərinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələr ilə təmin edilməsi məqsədi ilə tədbirlər görsün.
Hökumət hakimlərin və müvafiq olaraq məhkəmə aparatları işçilərinin sayının artırılması ilə bağlı xərclərin 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulması təmin etməlidir.