Moskvada vokalçıların Müslüm Maqomayev adına 1-ci beynəlxalq müsabiqəsi keçiriləcək. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, bununla bağlı Moskvada “M.Maqomayev mədəni İrsi” Fondunun prezidenti, SSRİ xalq artisti Tamara Sinyavskaya keçirdiyi mətbuat konfransında bəyan edib. Sinyavskaya qeyd edib ki, bu müsabiqə M. Maqomayev Fondunun ilk tədbiridir.
Müsabiqənin birinci turunda iştirakçılar Maqomayevin iştirak etdiyi operalardan ariyalar ifa etməli, daha sonra estrada mahnısı oxumalıdırlar. Müsabiqənin ikinici turunun yekununda qala-konsert keçiriləcək. Burada Fərhad Bədəlbəyli, Tamara Qvertsiteli, Yüri Başmet, Mişel Lerqan, Yelena Obrazcova kimi ulduzlar çıxış edəcək. Müsabiqə yalnız Moskvada keçiriləcək.
Müsabiqənin qalibinə 30 min dollar veriləcək. Birinci, ikinci, və üçüncü mükafat müvafiq olaraq 15, 10, 5 min dollar olacaq.
Müsabiqənin keçiriliməsi ideyası təsadüfi olmayıb. Ötən il “Krokus Siti Holl” zalında Maqomayevin xatirə gecəsi keçirilib. Burada Araz Ağalarovun təşəbbüsü ilə Müslüm Maqomayevin adını daşıyan böyük zal inşa olunub. Xatirə gecəsində belə bir beynəlxalq müsabiqənin keçirilməsi təklif olunub.
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinə, SSRİ xalq artisti Tamara Sinyavskaya, “Müslüm Maqomayev mədəni irsi” Fondunun təsisçisi, “Krokus” MMC prezidenti Araz Ağalarov, Rusiyanın və Gürcüstanın xalq artisti Tamara Qversiteli, Rusiyanın xalq qartisti Aleksey Rıbnikov və İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman daxildir.
Modern.az