Tahir Süleymanov,
Ağsaqqallar şurasının sədr müavini
Artıq 2022-ci ilə qədəm qoymuşuq. Bu il ölkəmizdə Şuşa ili kimi qeyd olunacaq. O Şuşa ki, artıq bizimlədir. Şükürlər olsun ki, 30 illik Şuşa həsrətimiz bitib. Biz artıq Şuşaya pənah aparırıq. Bu səbəbdən də xalq və dövlət olaraq 2022-ci ildə həyata keçirəcəyimiz çox işlər var.
Amma yola saldığımız 2021-ci il bizim üçün çox mühüm işlərlə yadda qaldı.İstərdim qısa olaraq ötən il görülən işlərə nəzər salaq. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə sayəsində biz bu gün qalib ölkənin, bütöv Azərbaycanın vətəndaşlarıyıq. İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı öz Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında birləşərək əsl həmrəylik, birlik nümayiş etdirdi və nəticədə qələbə çaldı.
Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi ilə Qarabağ yenidən dirçəlməyə başladı. Bu torpaqlara həyatın qayıdacağı günlər isə çox yaxındadır. Biz əminik ki, aparılan quruculuq işləri nəticəsində Qarabağ əvvəlki əzəmətini bərpa edəcək. Artıq əbədi olaraq bu torpaqlarda Azərbaycan xalqı yaşayacaq. Burada doğma Azərbaycan dilində danışılacaq.
Mədəniyyət beşiyimiz Qarabağda Azərbaycan muğamı səslənəcək. Şuşada 2021-ci ildən etibarən keçirilməyə başlanan “Xarı bülbül” festivalı Azərbaycan üçün böyük mənəvi və tarixi dəyər kəsb edir. Bu festival Qarabağa əsl sahiblərinin qayıtmasının müjdəçisidir. Bu ildə isə Böyük Qayıdışın gerçəkləşməsinə az qalır. Prezident İlham Əliyevin 2021-ci ildə iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərmanında işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməsi öz əksini tapıb.
Azərbaycanda 10 iqtisadi rayonun 14-ə çatdırılması, yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu çatdırdı, yeni reallıqları qəbul etməyə və bu reallıqlar əsasında yaşamağa çağırışlar etdi. Həyata keçirilən infrastruktur layihələrindən olan hava limanları iqtisadi əhəmiyyəti ilə yanaşı, regionda ölkəmizin nüfuzunu da artırıb. Füzuli Beynəlxalq Hava Limanının iki dost, qardaş ölkənin- Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə açılışı oldu. Zəngilan və Laçında hava limanlarının inşası davam edir. Zəfər yolu kimi dəyərləndirilən Füzuli-Şuşa yolu istifadəyə verildi. Prezident İlham Əliyev tərəfindən Zəngilan rayonunun Ağalı kəndlərində təməli qoyulan birinci “ağıllı kənd” pilot layihəsi çərçivəsində nəzərdə tutulan işlər də sürətlə davam edir. Ən önəmlisi olan bu işlərin Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilməsidir.
Qarabağda inşa olunan yollar, həmçinin Zəngəzur dəhlizinin yaradılmasına xidmət edir. Region ölkələrini birləşdirəcək dəhlizlərin açılması bölgənin inkişafını sürətləndirəcək, tranzit əhəmiyyətini artıracaq. Azərbaycanın sürətli inkişaf yolunda inamla irəliləməsini şərtləndirən əsas amillərdən biri xalqın ölkə Prezidentinə inamı və etimadıdır.
Dövlət başçısı dekabrın 24-də reallaşdırdığı Şuşa səfəri zamanı Cıdır düzündən bu məqamı xüsusi səsləndirib ki, 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək nəticəsində bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atıb. Göründüyü kimi, 2021-ci il işğaldan azad olunmuş bölgələrdə çox mühüm quruculuq, abadlıq işləri ilə yadda qaldı.
Təbii ki, 2022-ci il də bu işlərin davamı olacaq. Həm də 2022-ci il Şuşa ili olacaq. Bu bir daha onu göstərir ki, bu il işğaldan azad olunmuş torpaqlarımiza qayitmağımızla bağlı arzularımız gerçək ləşir. Hesab edirəm ki, 2022-ci ilin Şuşa ili elan olunması hər birimiz üçün qürurvericidir.