Modern.az

Dövlətimizin müstəqilliyi Ulu Öndərin həyat kredosu olub

Dövlətimizin müstəqilliyi Ulu Öndərin həyat kredosu olub

Aktual

5 Mart 2023, 21:40

2023-cü il Azərbaycanda Heydər Əliyev ili elan edilmişdir. Heydər Əliyev – Azərbay can xalqının milli lideri, ulu öndəri! Dövlətin bütöv bir ilini bir şəxsiyyətin və ya hər hansı bir hadisənin adı ilə əlaqələndirmək dərin əsaslara və düşünülmüş addımlara söykənir. Bu böyük şərəfi qazanmaq, bütöv bir ildə adını daşıtmaq sıradan bir hadisə ola bilməz. Bunun üçün xalqın, dövlətin tarixində müstəsna əhəmiyyətə, müstəsna rola malik olmaq lazımdır. 

 

Ulu öndər Heydər Əliyev tarixə adını qızıl hərflərlə yazmış tək-tək şəxsiyyətlərdən biri, Azərbaycan üçün isə yeganə, təkrarsız bir lider olmuşdur. Bu bir danılmaz həqiqətdir ki, bu gün bütün dünyada, siyasi müstəvidə öz sözünü deyə bilən, öz siyasi və iqtisadi inkişaf yolu olan və hegemon dövlətlərin belə hesablaşmalı olduqları Azərbaycan məhz ulu öndərin qurduğu dövlətdir. Azərbaycan xalqı, milləti və bütövlükdə dövlətinin mövcudluğu da onunla bağlıdır. Çünki bu xalqın müasir tarixinin elə anları olub ki, onun bir dövlət, bir millət kimi mövcudluğu belə təhlükə altına düşmüşdü və belə ağır günlərdə bu dünya şöhrətli siyasətçi, müdrik və xeyirxah insan xalqın yanında olmuş, Azərbaycanı bu uçurumdan xilas etmişdir. Ümummilli lider hətta öz həyatını belə təhlükə altına ataraq, xalqın çətin günlərində onun yanında olmuş, onu darda qoymamışdır və xalqına qarşı uzanan əllərə, qüvvələrə xalqının tək, lidersiz olmadığını əməlləri ilə sübut etmişdir. 1990-cı il 20 Yanvar hadisələri zamanı Heydər Əliyev heç nədən qorxmayaraq Moskvadan - bu qanlı qətliamı törətmiş dövlətin mərkəzindən elə həmin dövlətə qarşı ittiham səsini ucaltmışdı. Heç bir xalq nə ona qarşı edilən xəyanəti, nə də ona uzadılan əli, ona göstərilən qayğını unudur. Çaşqın vəziyyətdə, sanki başsız qalmış xalq yenidən liderinin olduğuna inam qazandı. Bu addım ulu öndərin xalqımıza, öz xalqına, öz Vətəninə olan məhəbbətinin, onun yolundakı fədakarlığının bariz nümunəsidir.

 

Azərbaycan dövlətinin müstəqilliyi, azadlığı və gələcək inkişafı, beynəlxalq miqyasda mövqelərinin möhkəmləndirilməsi Ulu Öndərin həyat kredosu olmuşdur. O, yaxşı başa düşürdü ki, iqtisadi-coğrafi mövqeyinə görə Azərbaycan bir çox iri dövlətlərin maraq dairəsindədir və bir çox dövlətlər, siyasətçilər onun müstəqilliyinin, ərazi bütövlüyünün itirilməsi yolunda fəaliyyət göstərir və bunun qarşısını öz şəxsi maraqlarından kənar olaraq, yalnız xalqının, birliyi, rifahı uğrunda birləşməklə almaq olar. Ulu öndər bu fikrini 5 iyul 1997-ci ildə Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqda aydın şəkildə ifadə etmişdir: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.”

 

Eyni zamanda, müdrik bir dövlət başçısı, böyük siyasətçi olaraq ulu öndər yaxşı başa düşürdü ki, xalqın qaytarılmış azadlığını, milli birliyini və dövlətçiliyini qorumaq üçün dövlətin mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilmiş vətəndaşları olmalıdır, qazanılmış uğurlar qorunmalı və inkişaf etdirilməlidir. Buna görə də gənc nəslin qayğıları ilə yaşayan, onların təhsilinə və tərbiyəsinə xüsusi diqqət yetirən milli lider 1997-ci ildə yeni dərs ilinin başlanması münasibətilə Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş mitinqdə şagirdlər qarşısında çıxış edərkən bu fikrini xüsusi vurğulayaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.”

 

Ulu öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə gələndə Respublika acınacaqlı vəziyyətdə idi. Azərbaycanı tamamilə dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdikdən sonra o, daxili çəkişmələr və xarici məkrli siyasətlər nəticəsində itirilmiş torpaqlarımızın geri qaytarılması uğrunda mübarizəsini davam etdirirdi. Ulu öndər bu istiqamətdə bəlkə də bir çox dünya siyasətçilərinin öhdəsindən gələ bilməyəcəkləri mühüm siyasi addımlar atmış, böyük uzaqgörənliklə müəyyən strateji tədbirlər görmüşdü. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, onun çiçəklənməsi bu böyük şəxsiyyətin ən ümdə arzusu idi. O, bunu yalnız özünün deyil, bizim hər birimizin, hər bir vətəndaşın ulu əcdadlarımız və gələcək nəsillərimiz qarşısındakı müqəddəs borcumuz hesab edirdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.”

 

Xalqın milli liderinin bu uğurlu işini onun layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirdi və bu gün vaxtilə Ulu öndərin böyük inamla söylədiyi "Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir", - sözlərini bu gün böyük qürur və eyni zamanda, bir kövrəkliklə təkrar-təkrar dinləyir və miilli dövlətçilik təfəkkürümüzü formalaşdırmış liderimizi minnətdarlıqla anırıq.

 

Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı