Bu gün məşhur ingilis fiziki Stiven Hokinqin vəfat etdiyi gündür.
Modern.az xatırladır ki, müasir dövrün ən məşhur və ən nüfuzlu fizik-nəzəriyyəçilərindən biri olan Hokinq 2018-ci ilin bu günü Kembricdə dünyasını dəyişib.
Hokinq dünyada elmin məşhurlaşdırılmasında fəal iştirak edib. 1988-ci ilin aprelində işıq üzü görən "Zamanın qısa tarixi" adlı kitabı tezliklə alimə dünya şöhrəti qazandırıb.
Martın 14-ü, həmçinin Albert Eynşteynin doğum günüdür. 1879-cu ildə anadan olan Eynşteyn fizika üzrə Nobel mükafatı laureatıdır və müasir nəzəri fizikanın banilərindən biri hesab edilir. Nisbilik nəzəriyyəsi ilə daha da məşhurlaşan Eyşteyn 1955-ci ildə vəfat edib.
Bu gün ötən əsrin böyük bir hissəsində öz dərin izlərini buraxan kommunizmin ideya müəlliflərindən biri olan Karl Marksın vəfat etdiyi gündür. O, 1883-cü il martın 14-də Londonda dünyasını dəyişib və Hayqeyt qəbiristanlığında dəfn edilib.