Yaxın Şərqdəki hərbi eskalasiyanın İran və Livanda yoxsulluğu artıraraq illərlə əldə olunan inkişaf göstəricilərini qısa müddətdə geriyə apardığı bildirilib.
Modern.az xəbər verir ki, bunu BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqramlar Bürosunun nümayəndəsi Francine Pickup Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri” adlı müzakirədə deyib.
O bildirib ki, İran və Livan böhrandan ən çox zərər görən ölkələr sırasındadır, lakin bunun təsirləri yalnız həmin dövlətlərlə məhdudlaşmır:
“Biz bu böhranın Yaxın Şərq, ərəb ölkələri və Asiya-Sakit okean regionunda yaratdığı dalğavari təsirləri görürük. İcma səviyyəsində vəziyyəti qiymətləndirmək və anlamaq vacibdir. Amma əsas məsələ qiymətləndirmədən əməli addımlara keçməkdir. BMT-nin əsas mesajı da budur ki, onillərlə qurulan insan inkişafı göstəriciləri bir neçə həftə ərzində məhv olur”.

UNDP rəsmisinin sözlərinə görə, hətta yaxın zamanda davamlı atəşkəs əldə olunsa belə, sosial-iqtisadi təsirlər uzun müddət hiss olunacaq:
“İran artıq sanksiyalar, yüksək inflyasiya və alıcılıq qabiliyyətinin azalması səbəbindən ciddi iqtisadi təzyiq altında idi. Hərbi eskalasiya bu problemləri daha da dərinləşdirib. Son təhlillərimiz göstərir ki, İranda yoxsulluq səviyyəsi 36 faizdən 41,5 faizə yüksəlib. Bu isə 5,1 milyon insanın yoxsulluğa sürüklənməsi deməkdir. Təxminən bir il yarımlıq inkişaf nailiyyətləri geriyə gedib”.