Modern.az

Laçın və Kəlbəcərdə bərpa: Yeni məhəllələr salınır, infrastruktur qurulur

Laçın və Kəlbəcərdə bərpa: Yeni məhəllələr salınır, infrastruktur qurulur

Aktual

Bu gün, 17:35

Postmünaqişə bərpası yalnız tikinti prosesi deyil, əsas məqsəd azad edilmiş əraziləri inkişaf və tərəqqi məkanına çevirməkdir.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Laçın və Kəlbəcər: urbisiddən postmünaqişə dövründə yenidənqurmaya gedən yol” adlı tədbirdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.

O qeyd edib ki, Qarabağ torpaqları təxminən 30 il işğal altında qalıb. 

“Bu müddətdə infrastruktur dağıdılıb, şəhər və kəndlər məhv edilib, tarixi-mədəni irs vandalizmə məruz qalıb, yüz minlərlə insan doğma yurdunu tərk etməyə məcbur olub.

Bu gün Qarabağa həyat yenidən qayıdır. Onun sözlərinə görə, Laçın və Kəlbəcər həm strateji əhəmiyyətə malik, həm də mürəkkəb təbii-coğrafi şəraitə sahib dağlıq rayonlardır. Buna görə də burada aparılan bərpa prosesi yalnız yenidənqurmanı deyil, şəhərsalma, idarəetmə və ictimai iştirakçılıq sahələrində müasir yanaşmaların tətbiqini də tələb edir”.

O həmçinin vurğulayıb ki, qayıdan sakinlərin mənzil təminatı, reabilitasiyası, dayanıqlı inkişafın təmin edilməsi və uzunmüddətli yaşayış şəraitinin yaradılması xüsusi diqqət mərkəzindədir.

M.Məmmədov xatırladıb ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun rəsmi açılış mərasimində UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax şəhərlərin iqtisadi artım, sosial inklüzivlik və iqlim dayanıqlılığı baxımından mühüm urban mərkəzlərə çevrildiyini bildirib.

Xüsusi nümayəndənin sözlərinə görə, bu yanaşma postmünaqişə bölgələri, o cümlədən Qarabağ üçün də xüsusi aktuallıq daşıyır:

“Bizim üçün bərpa yalnız fiziki infrastrukturun yenidən qurulması deyil. Bu, həm də dayanıqlı yaşayış şəraitinin yaradılması, uzunmüddətli sabitliyin təmin olunması və insanların doğma torpaqlarına qayıdışının dəstəklənməsi deməkdir”.

M.Məmmədov onu da əlavə edib ki, hazırda Laçın və Kəlbəcərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir:

“Yeni yaşayış məhəllələri salınır, mühəndis infrastrukturu bərpa olunur, məktəblər, xəstəxanalar və ictimai məkanlar inşa edilir.

Ən vacibi isə insanların geri qayıtmasıdır. Bu, sadəcə şəhər tikintisi deyil, uzun illərdən sonra insanların öz doğma yurdları ilə yenidən bağ qurmasının hekayəsidir”.

O eyni zamanda qeyd edib ki, Laçın və Kəlbəcər tədricən müasir və dayanıqlı yaşayış məkanlarına çevrilir:

“Turizm, kənd təsərrüfatı, xidmət sektoru və sahibkarlıq sahələrində yeni inkişaf imkanları yaranır. Beynəlxalq tədbirlər isə bölgələrin yenidən dünya ictimaiyyəti ilə əlaqələrinin güclənməsinə şərait yaradır.

İqlim dəyişikliyi və dayanıqlılığın gücləndirilməsi kimi qlobal çağırışlar uzunmüddətli inkişaf strategiyasının ayrılmaz hissəsi kimi nəzərə alınır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı