“Azərbaycanın Ukraynaya və İrpinə göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Laçın və Kəlbəcər:
urbisiddən münaqişədən sonrakı yenidənqurmaya gedən yol” adlı tədbirdə İrpin Şəhər Şurasının katibi, şəhər meri vəzifəsini icra edən Anjela Makeieva bildirib.
O bildirib ki, İrpinin işğaldan azad edilməsinin ilk günlərində şəhərdə dəhşətli mənzərə formalaşıb:
“Müharibə zamanı yaşayış binaları, məktəblər, uşaq bağçaları və xəstəxanalar hədəfə çevrildi. Döyüşlər nəticəsində İrpin infrastrukturunun 70 faizi dağıdıldı, minlərlə insan evsiz qaldı”.
O qeyd edib ki, ümumilikdə 3 860 obyekt zədələnib və ya tamamilə dağıdılıb ki, bu da şəhərin yaşayış fondunun yarısına bərabərdir.
“47 çoxmənzilli bina yaşayış üçün yararsız elan edilərək sökülməli olub, 80-dən çox bina isə əsaslı təmirə ehtiyac duyub. Bundan başqa, 1 800-dən çox fərdi ev dağıdılıb və ya ciddi zərər görüb. 10 məktəb və 12 uşaq bağçası tamamilə və ya qismən dağıdılıb”.
İrpin nümayəndəsi həmçinin vurğulayıb ki, İrpin Kiyevi qorumaq üçün düşmənin qarşısında sipərə çevrilib və bunun ağır bədəlini ödəyib:
“Şəhərin yenidən qurulmasına 20-dən çox beynəlxalq təşkilat dəstək verib. Onların sırasında United24, UNICEF, Beynəlxalq Miqrasiya Təşkilatı, World Central Kitchen, “Right to Protection” xeyriyyə fondu, NEVCO, “Real Madrid Foundation”, “New Echo” və “SoCal” fondları yer alır”.
İrpin nümayəndəsi Azərbaycanın şəhər üçün xüsusi əhəmiyyət daşıdığını da qeyd edib:
“Zərifə Əliyevanın xatirəsi İrpində yaşayır. Onun adını daşıyan park və məktəb fəaliyyət göstərir. Həmin məktəb Ukraynada uşaqların Azərbaycan dilini öyrəndiyi yeganə məktəbdir”.
O bildirib ki, Azərbaycan hökumətinin dəstəyi ilə İrpində “Linqvist” liseyi və şəhər poliklinikası yenidən fəaliyyətə başlayıb:
“Bu dəstəyə görə Azərbaycan xalqına səmimi minnətdarlığımızı bildiririk və əməkdaşlığımızı daha da genişləndirməyə hazırıq”, - deyə A.Makeieva qeyd edib.