Modern.az

Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var

Keçmiş təmas xəttindən kənarda nizamsız minalanma faktları var

Aktual

Bu gün, 10:08

Minaların əsas hissəsi keçmiş təmas xətti boyunca yerləşir. Bu ərazilər müxtəlif hərbi istehkamlar, tank əleyhinə və piyada əleyhinə mina sahələri ilə qorunurdu. 

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar mina təmizlənməsinin həlledici rolu” adlı tədbirdə ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov bildirib.

O qeyd edib ki, azad olunmuş ərazilərə səfər edənlərin çoxu həmin mənzərələrin şahidi olub:

“Bu ərazilərdə dağıdılmış evlər, tikinti qalıqları, mina tələləri və tərk edilmiş sursatlar geniş yayılıb.

Əməliyyatlar zamanı müxtəlif rayonlarda mina tələləri də aşkarlanıb. Adətən belə tələlər qapı və pəncərə ətraflarında yerləşdirilir”.

O həmçinun vurğulayıb ki, azad olunmuş ərazilərdə meşə massivləri də mövcuddur. 

“Mina partlayışlarının əhəmiyyətli hissəsi məhz bu ərazilərdə baş verib. Xüsusilə müharibədən dərhal sonra insanlar 30 ildən artıq uzaq düşdükləri torpaqlara qayıtmağa çalışırdılar və bu zaman çoxsaylı partlayışlar nəticəsində ölən və yaralananlar oldu.

Bəzi hallarda minaları ağaclara bərkidilmiş vəziyyətdə də aşkarlayırıq. Minalar mağaralar, su quyuları və qədim yeraltı suvarma sistemləri ətrafında da yerləşdirilib. Bu qədim su kanalları bir çox ərazilərdə vaxtilə suvarma üçün yeganə su mənbəyi olub”.

ANAMA rəsmisi xatırladıb ki, 2020-ci ildən bu günə qədər mina və digər partlayıcı qurğular nəticəsində 425 nəfər zərər çəkib:

“Onlardan 73 nəfər həlak olub, yüzlərlə insan isə ağır yaralanıb. Zərərçəkənlərin böyük hissəsini müxtəlif yaş qruplarından olan mülki şəxslər təşkil edir. Təəssüf ki, uşaqlar arasında da mina qurbanları var”.

2020-ci ildən sonra ölkə üzrə həyata keçirilən genişmiqyaslı mina riskləri barədə maarifləndirmə proqramı nəticəsində mülki şəxslər arasında insidentlərin sayı azalıb. Buna baxmayaraq, hələ də vaxtaşırı belə hadisələr baş verir”.

E.Həsənov onu da əlavə edib ki, qeydə alınan hadisələrin əksəriyyəti keçmiş təmas xəttindən xeyli uzaqda baş verib:

“Qarşı tərəfdən təqdim edilən məlumatlarda isə əsasən yalnız keçmiş təmas xətti boyunca minalanma göstərilib. Halbuki qeydə alınmış 260 hadisədən yalnız 101-i həmin ərazilərdə baş verib. Digər bütün hallarda minalar daha geniş və nizamsız şəkildə yerləşdirilib.

Mina sahələrinin bir çoxunun dəqiq yeri məlum deyil və onların xəritələri mövcud deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı