İqlim dəyişikliyi və daşqınlar bütün dünyada insanların həyatına, infrastruktura və iqtisadiyyatlara ciddi təsir göstərir. Bu isə dayanıqlı ərazi planlaşdırılmasının vacibliyini bir daha ortaya qoyur.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində BMT Baş katibinin müavini Əminə Məhəmməd bildirib.
Onun sözlərinə görə, hər bir investisiya uzunmüddətli dayanıqlığa və fəlakətlərə hazırlığa yönəlməlidir:
“2030 gündəliyinə nail olmaq üçün dayanıqlı urbanizasiya və adekvat mənzil təminatı əsas şərtdir. Mənzil yalnız yaşayış yeri deyil, həm də təmiz su, sanitariya, enerji, təhlükəsizlik, əlçatanlıq və sosial inklüzivlik məsələsidir”.
BMT rəsmisi vurğulayıb ki, Bakıda keçirilən forum beynəlxalq əməkdaşlığın və həmrəyliyin vacibliyini nümayiş etdirib.
“Yerli və regional hökumətlər, şəhər rəhbərləri, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər və qadın qrupları gələcəyin daha dayanıqlı şəhərlərinin qurulmasında əsas rol oynayırlar”.
O əlavə edib ki, WUF13 çərçivəsində 175-dən çox ölkədən 50 mindən artıq iştirakçı Bakıda bir araya gəlib.
“Bakıda əldə olunan nəticələr iyul ayında Nyu-Yorkda keçiriləcək Yeni Şəhər Gündəliyinin orta müddətli icmalı üçün güclü əsas yaradır. Növbəti onillik əvvəlki kimi ola bilməz. Daha çox ambisiya, maliyyə, inklüzivlik, fəaliyyət və dayanıqlılıq lazımdır”, - deyə o bildirib.