Modern.az

Vaqif Əsədov sürücüləri narahat edən "apteçka" məsələsini ŞƏRH ETDİ

Vaqif Əsədov sürücüləri narahat edən "apteçka" məsələsini ŞƏRH ETDİ

Aktual

5 Yanvar 2016, 12:46


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov sürücülər arasında ajiotaja səbəb olan “apteçka” məsələsinə aydınlıq gətirib. Polkovnik Modern.az saytına açıqlamasında deyib ki,  “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutusu, yanğınsöndürən balon və qəza-duracaq nişanı olmalıdır:

“Qanun da xüsusi komplektləşdirilmiş dərman qutusunun olmasını tələb edir. Əgər istismar edilən nəqliyyat vasitəsində bu yoxdursa, sürücü məsuliyyətə cəlb edilir. Eyni zamanda dərman pereparatları təzə vəziyyətdə olmalıdır. Bunlara qayçı, tənzif, yod, pambıq, zelyonka, ağrıkəsici dərmanlar və s. aiddir”.

V.Əsədov bildirib ki, bu maddə qanuna yeni əlavə olunmayıb:

“1993-cü ildə Azərbaycan Respublikasında “Yol hərəkəti haqqında” qanun təsdiq edildiyi gündən nəqliyyat vasitələrində komplektləşdirilmiş dərman qutusunun olması ilə bağlı maddə var. Bu maddə ilə sürücünün 5 manat məbləğində cərimə olunması nəzərdə tutulub.

Biz cərimənin cüzi olub-olmamasından, yol polisinin onları saxlayıb məsuliyyətə cəlb edib-etməməsindən asılı olmayaraq, mahiyyətini izah etməyə çalışırıq ki, həkiməqədər ilkin tibbi yardım dedikdə nə nəzərədə tutulur.

Vacib deyil ki, yol-qəza hadisəsi baş versin. Yolda olarkən fövqəlvəziyyətdə insan həyatını xilas etmək, yaralarının ağırlaşmasının qarşısını almaq üçün ixtisaslı həkim gələnə qədər əvvəldən kömək göstərilməlidir. Düzgün göstərilən ilkin yardım xəstənin vəziyyətdən daha tez çıxmasına təsir göstərir. Yol polisinin məqsədi cərimə yazmaq deyil. Biz istəyirik ki, bu qanunlara əməl olunsun. Yol polisi gündəlik reydlər zamanı bu məsələyə diqqət edir. Əgər kimsə boş qutu alıb avtomobilinə qoyursa və yaxud dərmanların vaxtı bitibsə, bu zaman sürücü özünü aldadır. Mən özüm də ən azından ilkin tibbi yardım etməyi, süni nəfəs verməyi bilirəm. İstəyimiz də budur ki, sürücülərimiz ixtisasından asılı olmayaraq bilgili olsunlar.

Ajiotaj formasında yazırlar ki, yol polisi sürücüləri cərimələməyə başlayacaq. Onsuz da hər bir yol polisi xidmət göstərdiyi ərazilərdə bu məsələyə diqqət edir. Biz bilirik ki, əksər maşınlarda bu vasitələr yoxdur. Bunun olmasını, həmin vasitələrdən istifadə olunmasına üstünlük verilməsini təbliğ edirik”.

BŞDYP-nin rəsmisi qəsdən bu informasiyanı yayanlara müraciət edib:

“Bu informasiyanı qəsdən yayanlar polislə sürücülər arasında narazılıq yaratmaq istəyənlərdir. Xüssusilə öz məhsullarını satmaq məqsədi güdənlərdir. Biz bildiririk ki, funksional vəzifəmizi yerinə yetiririk. Hər bir əməkdaşımız təhkim olunduğu yer üzrə fəaliyyət göstərir, həm təbliğat aparır, həm də protokol tərtib edir. Sürücü ilə yol polisi arasında qalmaqal yaratmaq olmaz. Bu yol polisinin fəaliyyətinə kölgə salmaq istəyidir. Bu informasiyaları yayanlar elə həmin “apteçka”ları satmaq niyyətində olanlardır”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı