Avropa Komissiyası Rusiyaya qarşı tətbiq olunan 20-ci sanksiyalar paketi çərçivəsində siyahıya salınmış Çin yarımkeçirici şirkəti ilə əməkdaşlığa müvəqqəti icazə verilməsini təklif edib.
Modern.az xəbər verir ki, bu barədə Global Banking & Finance Review məlumat yayıb.
Təklifə əsasən, Çin şirkəti “Yangzhou Yangjie Electronic”lə əməliyyatlara 9 aylıq istisna tətbiq olunacaq. Şirkət Avropa İttifaqının sanksiya siyahısında qalacaq, lakin müvəqqəti yumşalma avtomobil istehsalçılarına alternativ çip tədarükçüləri tapmağa və “ciddi fasilələrin” qarşısını almağa imkan verəcək.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, şirkət Rusiyanın hərbi imkanlarının gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi üçün sanksiya siyahısına daxil edilib.
“Bu şirkətin məhsulları Rusiya ordusunun Ukraynada istifadə etdiyi pilotsuz uçuş aparatları və planlaşdırılan bombalarda aşkar olunub. Sanksiyalarımızın məqsədi davranışı dəyişməkdir və biz onların Avropa İttifaqına ciddi mənfi təsir göstərməməsi üçün balans tapmağa çalışırıq”, – deyə nümayəndə qeyd edib.