Modern.az

“Dərmanların qiymətini artıranlar sərt cəzalandırılmalıdır”

“Dərmanların qiymətini artıranlar sərt cəzalandırılmalıdır”

Ölkə

20 Avqust 2015, 11:16


Azərbaycanda bəzi dərmanlara vahid qiymətin tətbiq olunmasından sonra bir sıra apteklərdə dərman qıtlığı müşahidə olunur. Alıcılar apteklərə müraciət edərkən onlara lazım olan dərmanları tapmamaqla şikayətlənirlər. Bəzən isə dərmanlar əvvəlki günlərlə müqayisədə daha baha satılır. Apteklərin bir çoxunda bunu sentyabrın 15-dən qüvvəyə minəcək vahid qiymət siyasəti ilə əlaqələndirir və bu qiymətlərin onlara sərf etməməsini dilə gətirirlər.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, dərman qiymətlərinin artırılmasının iqtisadi əsası yoxdur,  bu sui-istifadədir və müvafiq qurumlar sərt tədbirlər görməlidirlər:   “Dərmanların qiymətinin son günlərdə qalxmasından xəbərim yoxdur. Əgər belə bir şey varsa, bu artımın iqtisadi əsası yoxdur,  bu sui-istifadədir və müvafiq qurumlar sərt tədbirlər görməlidirlər”.  

Musa Quliyevin fikrincə, dövlət tənzimlənməsini bütün dərmanlara tətbiq etməyə ehtiyac yoxdur: “Ən çoxu 500 adda həyatı əhəmiyyətli dərmanların siyahısı müəyyənləşməli və bu dərmanlara vahid qiymət siyasəti tətbiq olunmalıdır. Əks halda formalaşmış dərman bazarı dağıla bilər və dərman çeşidi azalar ki, bu da möhtəkirlik, dərmanların apteklərdən kənarda satılması və digər qanunsuz proseslərə yol aça bilər”.  

Deputat qeyd edib ki, dərmanlara vahid qiymət tətbiq olunarkən Tarif Şurası çox ehtiyatla hərəkət etməlidir:   “Eyni zamanda, dərman vasitələrinə tətbiq edilən Əlavə Dəyər Vergisinin aradan qaldırılması, yaxud aşağı salınması, ölkə daxilində dərman istehsalını stimullaşdıran addımlar da atılmalıdır”.  

Azərbaycanda dərman vasitələrinin qiymətlərinin həddindən artıq baha olması məsələsi illərdir ki, müxtəlif səviyyələrdə müzakirə olunub. Hətta prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasında məsələ ilə bağlı mövqeyini bildirib. Bundan sonra Tarif Şurası qiymətlərin düşəcəyi ilə bağlı məlum qərarını açıqlayıb.

Sentyabrın 15-dən sonra qüvvəyə minəcək qərara əsasən hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enəcək.  

Aytən ZƏHRA  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı